PDF Oxu

Siyasət

  • 1 421

Fransanın müdaxiləsi Ermənistanı süquta aparır ŞƏRH

Fransanın müdaxiləsi Ermənistanı süquta aparır ŞƏRH

Cari ilin 1 fevral tarixində Azərbaycan Prezidenti Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonqu qəbul edib. Baş katibi Martin Çunqonqun Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması münasibətilə Prezidentimizə öz təbriklərini çatdırması Qərbin son vaxtlar yaşanan məlum gərginliklərə rəğmən, ölkəmizlə əməkdaşlığın davam etdirilməsinin vacibliyini düzgün qiymətləndirdiyini deməyə əsas verir. Ölkəmiz hər zaman sülhün və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarı olub. Bu vacib məqam dövlətimizin başçısı İlham Əliyevin qəbul zamanı etdiyi çıxışında bir daha aydın şəkildə öz əksini tapıb.

Prezident qeyd edib ki, Azərbaycan məhz sülh və inkişaf tərəfdarı olduğundan 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan dərhal sonra regionda sülh gündəliyinin təşəbbüskarı kimi çıxış edib və Ermənistanla sülh müqaviləsinin imzalanması təklifini irəli sürüb. Çox təəssüf ki, Ermənistan bu təklifə adekvat cavab vermədi. Son dövrlərdə cərəyan edən hadisələr isə belə deməyə əsas verir ki, rəsmi İrəvanın bu cür qeyri-konstruktiv mövqe tutmasının əsas səbəblərindən biri də, məhz bəzi Avropa ölkələrinin bilavasitə təsiri və təhriki olub. Ən əsası Fransanın bu məsələlərə müdaxiləsi iki Cənubi Qafqaz ölkəsi arasında münasibətlərin normallaşmasına qətiyyən xidmət etmir. Belə ki, Fransanın Ermənistanın silahlandırılması istiqamətində atdığı addımlar isə bu ölkənin Cənubi Qafqaz regionunda aparıcı mövqelərə sahib olmaq siyasətinin reallaşdırılması məqsədini güdür. Amma bu regionda xalqımızın və dövlətinin maraqlarına zidd heç bir siyasət həyata keçirilə bilməz. Möhtərəm Prezidentimiz bunu bütün beynəlxalq platformalardan dəfələrlə bəyan edib və ölkə başçımızın dediyi bütün sözlər də hər dəfə atılan real əməli addımlarla, görülən effektiv tədbirlərlə öz təsdiqini tapıb.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün tərəflərin atmalı olduğu addımların dövlətimizin başçısı tərəfindən qeyd olunması, ölkəmizin münasibətlərin normallaşmasında maraqlı olduğunu bir daha təsdiq edir. Həmişə olduğu kimi, ölkə başçımızın bu çıxışında da obyektiv açıqlamalar və konstruktiv təkliflər yer almışdır. Artıq uzun müddətdir ki, Azərbaycanla Ermənistan sərhəddində sülh şəraitinin hökm sürməsi iki ölkə arasında sülh sazişinin imzalanmasının əslində elə bir çətin məsələ olmadığını deməyə əsas verir. Bunun üçün sadəcə bəzi xarici qüvvələrin prosesə müdaxiləsinin qarşısı alınmalıdır və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.

Prezident öz çıxışında belə bir məqamı da vurğuladı ki, iki ölkə arasında dayanıqlı sülhə nail olunması üçün Ermənistanın Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində müəyyən dəyişikliklər edilməlidir. Ona görə ki, bu ölkənin müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar Ermənistanın Konstitusiyasında da öz əksini tapıb. Dövətimizin başçısı hazırda bu baxımdan Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanmasını müsbət addım kimi qiymətləndirib.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər