Azərbaycan tarixinin səhifəsinə yazılan 7 fevral ölkəmizdə keçirilən növbədənkənar prezident seçkiləri müdrik xalqımızın yekdilliyi, həmrəyliyi ilə yeni tariximizə möhrünü vurdu. Hamılıqla, həmrəyliklə hər kəs seçki məntəqələrinə üz tutaraq öz tarixi seçimini edərək bir daha inkişafa, tərəqqiyə, sabitliyə, əmin-amanlığa səs verdilər. Bu səs Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi müdrik və uzaqgörən siyasətə verilən səs idi. Bu seçkilər Azərbaycan üçün tam bir demokratik bayram oldu. İlk dəfə seçkilər Azərbaycanın bütün ərazilərində keçirildi. Prezident İlham Əliyev Ulu Öndərimizin gördüyü möhtəşəm işləri qətiyyət və prinsipiallıqla davam etdirərək Azərbaycanın iqtisadi, siyasi, hərbi qüdrətini, nüfuzunu daim artıraraq, xalqın güzəranını və rifahını dönmədən yüksəldərək, ərazi bütövlüyümüzü təmin edərək və suverenliyimizə imza ataraq xalqın alternativsiz Liderinə çevrilib. Bu gün isə Azərbaycan öz qüdrətli Liderinin uzaqgörən, qətiyyətli siyasəti ilə regionda yaranmış yeni reallıqlar fonunda daha möhtəşəm gələcəyə doğru inamla addımlayır. 30 ildən sonra ilk dəfə olaraq ərazi bütövlüyümüz tam təmin edilmiş şəkildə seçki keçirildi və bu seçki bütün ölkə ərazisini əhatə etdi. Keçmiş məcburi köçkünlər yurdlarında seçici olaraq səs verdilər. Bu da daha bir tarixi hadisəyə çevrildi.
"BİR MİLLƏT, İKİ DÖVLƏT" PRİNSİPİ ƏSASINDA ÖLKƏLƏRİMİZ VƏ XALQLARIMIZ BUNDAN SONRA DA ÇİYİN-ÇİYİNƏ İRƏLİ GEDƏCƏKLƏR
Seçkilərdəki qalibiliyyət Azərbaycana dost və qardaş olan olan ölkələrin də sevincinə səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyevə gələn dost təbrikləri bunun bir daha nümunəsidir. Fevralın 7-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Türkiyə Prezidenti İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edib, ölkəmizin daha da inkişaf etdirilməsi və xalqımızın rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb. Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısının rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycanın Qələbə çalmasının və suverenliyimizin tam bərpa olunmasının böyük önəm daşıdığını bir daha vurğulayıb, bu xüsusda Azərbaycanda prezident seçkilərinin bütün ölkə ərazisində keçirilməsi münasibətilə də təbriklərini çatdırıb. Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə gələcəkdə də inkişaf edəcəyinə və möhkəmlənəcəyinə, "Bir millət, iki dövlət" prinsipi əsasında ölkələrimizin və xalqlarımızın bundan sonra da çiyin-çiyinə irəli gedəcəklərinə əminliklərini ifadə ediblər.
Telefon söhbəti zamanı əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparılıb.Son iyirmi ildə müasir dövrün qlobal çağırışlarına dəstək verən müstəqil Azərbaycanın yürütdüyü siyasət, ölkəmizin etibarlı və strateji tərəfdaş kimi, nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Müstəqil dövlətimizdə kənd təsərrüfatında, kosmik sənayedə, hərbi sənayedə, səhiyyədə, təhsildə və s. əldə olunan uğurlar, eləcə də, beynəlxalq səviyyədə qurduğu münasibətlər, davamlı inkişaf əldə olunan nailiyyətlərdir. Müasir dövrün qlobal çağırışlarına dəstək verən Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq imkanlarına malikdir. Müstəqil Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib.
AZƏRBAYCAN VƏ RUS XALQINI TARİXİ, SİYASİ, MƏDƏNİ, SOSİAL BAĞLAR BAĞLAYIR
Azərbaycanla Rusiya arasında münasibətlər və əlaqələr də uzun bir tarixi dövrü, yüzillikləri əhatə edir. Bu iki ölkəni, Azərbaycan və rus xalqını təkcə sərhədlər deyil, həm də tarixi, siyasi, mədəni, sosial bağlar bir-birinə bağlayır, birləşdirir.
Fevralın 8-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək İlham Əliyevə prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Vladimir Putinə minnətdarlığını ifadə edib.
Dövlət başçıları müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.
Bu gün, məhz uğurlu iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, Azərbaycan modeli dünyada tanınır və qəbul edilir. Bütün bu və ya digər amillər müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlər - tarixi gerçəklikləridir. Müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər gerçəkləşib. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul olunması onun dünya miqyasında artan nüfuzundan və uğurlu xarici siyasətindən xəbər vermiş oldu. Dünyanın 155 ölkəsi Azərbaycana səs verdi. Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir.
AZƏRBAYCAN VƏ ÖZBƏKİSTANI BİRLƏŞDİRƏN DOSTLUQ VƏ QARDAŞLIQ ƏLAQƏLƏRİ
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək dövlətimizin başçısını prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib. Şavkat Mirziyoyev Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazanmasının və Azərbaycan torpaqlarının geri qaytarılmasının önəmini bir daha vurğulayıb. Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər, ikitərəfli münasibətlərin perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.
Əlbəttə ki, Prezident İlham Əliyevin dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə müdrik liderə məxsus böyük uzaqgörənliklə yanaşması apardığı siyasətin əsas cəhətlərindən biridir. Azərbaycan Prezidenti təcrübəli siyasətçi kimi ümummilli və qlobal məsələləri böyük peşəkarlıqla həll edir, hadisə və proseslərin axarını əvvəlcədən müəyyənləşdirərək gələcəyin tarixini yaradır, parlaq zəkası, iti mühakimə qabiliyyəti, möhkəm xarakteri və mürəkkəb situasiyalarda düzgün seçim etməsi ilə dünyanın tanınmış dövlət xadimləri içərisində xüsusi yer tutur. Prezident İlham Əliyev xalqımızın həyatında böyük dəyişikliklər yaradan tarixi vəzifələrin həyata keçirilməsi yükünü və məsuliyyətini daşıyaraq milli maraqları ifadə edən siyasət həyata keçirir. Azərbaycan Prezidenti sübut edir ki, liderin malik olduğu nüfuz özündə şəxsi keyfiyyətlərin, siyasi dəyərlərin və prinsiplərin vəhdətini birləşdirir. Dövlət başçısının xalqın qəhrəmanı, hərbi sərkərdəsi olması onun intellektual potensialından və səriştəli idarəetmə bacarığından irəli gəlir.
DOSTLUQ VƏ QARDAŞLIQ MÜNASİBƏTLƏRİNİN DAHA BİR NÜMUNƏSİ
Daha bir təbrik Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə gəlib. Belə ki, Emoməli Rəhmon İlham Əliyevə zəng edərək prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar arzulayıb. Tacikistan dövlətinin başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illər bütün sahələrdə böyük nailiyyətlər qazanmasının və Azərbaycanın dünyada nüfuzunun daha da artmasının əhəmiyyətini vurğulayıb. Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.Azərbaycan və Tacikistan prezidentləri dostluq və qardaşlıq münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını bildirərək əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
ÇİN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ ÖZ İNKİŞAFININ NÜMUNƏVİ VƏ SABİT OLMASI İLƏ FƏRQLƏNİR
"Mən Çin-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verirəm, bizim işgüzar münasibətlərimizi və şəxsi dostluğumuzu yüksək qiymətləndirirəm. Sizinlə birlikdə ikitərəfli münasibətlərin inkişafı və bütün sahələrdə əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsində birgə səylər göstərməyə hazıram". Bu fikirlər Çin Xalq Respublikasının Sədri Si Cinpinin fevralın 7-də növbədənkənar prezident seçkilərində qələbə qazanan Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb. Çin lideri dövlətimizin başçısını yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə Çin hökuməti və xalqı adından, həmçinin şəxsən öz adından təbrik edib. O, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün dövlət quruculuğu təşəbbüslərində yeni nailiyyətlər əldə edəcəyinə əminliyini vurğulayıb. Çin lideri "Son illər Çin-Azərbaycan münasibətləri öz inkişafının nümunəvi və sabit olması ilə fərqlənir. Yüksək səviyyəli siyasi etimad mühiti yaranır", - deyən Si Cinpin əlavə edib ki, "Bir kəmər, bir yol" təşəbbüsünün birlikdə həyata keçirilməsində irəliləyiş, beynəlxalq münasibətlərdə sıx qarşılıqlı fəaliyyət müşahidə olunur.
Azərbaycan bayrağının işğaldan azad olunan torpaqlarımızda ucaldılmasını hər kəsin 30 ilə yaxın bir zamanda gözlədiyi möhtəşəm hadisədir. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi bizim ölkəmiz üçün yeni dövr başlayır: "Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq".
Prezident İlham Əliyevin ölkəmizə növbəti yeddi ildə rəhbərliyi ilə bizi ötən 20 ildə əldə edilmiş nailiyyətlərin davamı ilə yanaşı, fəth ediləcək daha uca zirvələr, böyük hədəflər gözləyir. Bu, indikindən də qüdrətli, bütün sahələr üzrə hərtərəfli inkişaf etmiş, güclü iqtisadiyyata sahib müstəqil Azərbaycan olacaq. Bu gün Azərbaycan qalib dövlətdir. Xalq-iqtidar birliyi bizi zəfərə, qələbədən qələbə aparır.
Zümrüd BAYRAMOVA