PDF Oxu

Siyasət

  • 4 777

Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən XI Qlobal Bakı Forumu - ŞƏRH

Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən XI Qlobal Bakı Forumu - ŞƏRH

Mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin uğurla keçirilməsində Azərbaycanın zəngin təcrübəsi var. Sevindirici haldır ki, artıq işğaldan azad edilmiş Şuşa şəhəri də nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinə ev sahibliyi edir. Ölkəmiz daha bir əhəmiyyətli tədbirə qucaq açdı. Söhbət “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumundan gedir. Forum Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Bu Forumun iştirakçılarının sayının rekord həddə olması da bundan xəbər verir.

XI Qlobal Bakı Forumunda 68 ölkədən 400-dən çox qonaq iştirak edib. Təbii ki, qonaqların arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçılarının olması forumun mühüm əhəmiyyət kəsb etməsinə və nəhəng intellektual potensiala malik olduğuna dəlalət edir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların nüfuzlu siyasi xadim olmaları hər il Bakıda keçirilən müzakirələrin müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir.

Dövlətimizin başçısı İlham Əliyevin Bakıda keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumundakı çıxışı dünya birliyinin diqqət mərkəzindədir. Dünyanın aparıcı medialarında Prezidentimizin çıxışının bəzi məqamları xüsusi olaraq diqqətə çatdırılıb. Ölkə rəhbərimizin çıxışı Rusiya mediası tərəfindən də geniş işıqlandırılıb. “News.ru” TASS, “RBK” agentlikləri, “Arqumentı i faktı”, “Lenta.ru”, “Qazeta.ru” və digər nəşrlər Azərbaycan Prezidentinin çıxışında sülhə çağırışların olmasından yazıblar. Həmin mətbuay orqanlarda Prezident İlham Əliyevin Azərbaycanın Qarabağ məsələsi öz həllini tapdıqdan sonra sülh prosesini davam etdirməyə hazır olması və indi regionda düşmənçiliyə son qoymaq vaxtının yetişməsi barədə dediklərini oxuculara çatdırıblar.

Qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın, həqiqətən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var. Qeyd edək ki, bu gün sürətlə dəyişən dünyada qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Bu baxımdan forum böyük əhəmiyyətə malikdir. Eyni zamanda qeyd edilib ki, 1 il bundan əvvəl burada ötən görüşlərdən bu yana baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır. Ölkə rəhbərimiz bir daha diqqətə çatdırıb ki, uzun illər ərzində münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərdik. 44 günlük Vətən müharibəsindən əvvəl hər il ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışmağa davam edirdik, ona görə ki bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmasını istəyirdik. Münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu 28 il ərzində heç bir irəliləyişə nail ola bilmədi. Forum iştirakçılarına da bəlli oldu ki, Minsk qrupunun əsas məqsədi münaqişəni nizamlamaq yox, onu dondurmaq, Ermənistanın Azərbaycan ərazisinin 20 faizinin işğalını əbədi etmək imiş. Dünyanın aparıcı paytaxtlarından Azərbaycana mütəmadi olaraq göndərilən başqa bir mesaj da var idi və bu da münaqişənin, guya, hərbi yolla həllinin olmaması imiş. Əgər alternativ işğalla razılaşmaq, bizim beynəlxalq səviyyədə tanınan ərazilərimizin təqribən 20 faizində separatçı rejimin mövcudluğu ilə razılaşmaqdırsa, bu, bizim razılaşa biləcəyimiz məsələ deyil. Azərbaycan isə bütün maneələrə, təhdid və təzyiqlərə baxmayaraq, münaqişənin hərbi-siyasi yolla həll etdi. İşğalçı Ermənistan üzərində qazanılan tarixi qələbə də faktiki olaraq təsdiqlədi ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə edilməlidir.

Prezident İlham Əliyev mövcud vəziyyətdən də söhbət açıb. Belə ki, dövlətimizin başçısı qeyd edib ki, indi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, Vətən müharibəsinin nəticəsidir. Amma hələ də ikili standartlar mərəzindən xilas ola bilməyən bəzi riyakar dövlət və beynəlxalq təşkilatlar Ermənistanın sülh müqaviləsi imzalamasına problem yaradır. Məsələn, Fransa. Fransanın Vətən müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu. Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və ölkəmizə qarşı sanksiyaların tətbiq edilməsinə 5 dəfə cəhd edilib. Bu cəhdlərin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində ölkəmizə qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Bu cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi. Ölkə rəhbərimiz Fransada, Azərbaycanın şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində vandalizm aktı barədə də məlumat verdi. Qeyd etdi ki, Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı. Vandalizmi dayandırmaqla bağlı bu ölkədəki səfirliyimiz və digər kanallarla Fransa hakimiyyət orqanlarına, Evian şəhərinin meriyasına müraciətlər edildi. Ona görə ki, heykəlin belə bükülmüş vəziyyətdə saxlanılması və hətta bu boyanın yuyulmasına cəhdin edilməməsinin özü vandalizm aktıdır. Bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbuledilməzdir.

Prezident İlham Əliyev qarşıya qoyulan bir sıra mühüm vəzifələr barədə də məlumat verdi. COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir. COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Eyni zamanda bu, Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər