"Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycana qarşı qərəzli davranışlar oldu". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev deyib.O bildirib ki, bəzi dövlətlər Azərbaycana qarşı böhtan xarakterli kampaniyalara başlamışdır: "Ümumilikdə Qərb koalisiyası Azərbaycanın uğurunu qəbul etmir və Azərbaycana qarşı təzyiq kampaniyasını sürətləndirməkdədir. Açıq şəkildə Ermənistana dəstək verməklə Azərbaycana qarşı beynəlxalq hüquq qaydalarına uyğun olmayan qərəzli bəyanatlar və qərarlar çıxarmaqla Azərbaycanı dünya siyasətində nüfuzdan salmaq cəhdləri artmaqdadır. Buna adekvat olaraq Azərbaycanın özünü müdafiə etmək və apardığı ədalətli siyasət nəticəsində Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq haqqı var, bu barədə də addımlar atır".Onun sözlərinə görə, Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsinin məqsədi Azərbaycanı dünya siyasi arenasında tanıtmaqdır: "Azərbaycanda sabitliyin olması demokratik cəmiyyətin formalaşması üçün vacib məsələdir. Eyni zamanda Azərbaycan dünyada söz sahibi olur. Azərbaycan reallıqları beynəlxalq ictimaiyyətə çatdırılır və ölkəmizə qarşı aparılan qərəzli kampaniyaların qarşısını almaqda kömək edir. Bəzi dövlətlər Azərbaycanda din azadlığının məhdudlaşdırılması barədə qərarlar çıxarıb. Azərbaycanda din azadlığı barəsində kifayət qədər şərait var. Bunu da artıq Azərbaycanda fəaliyyət göstərən təşkilatlar da qeyd edir. Azərbaycana gələn qonaqlar da bunu bir daha görməkdədirlər. Bu baxımdan istər siyasi, istər mədəni, istərsə də iqtisadi tədbirlər olsun bunlar Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırmaqda böyük kömək olur. COP29 tədbiri də beynəlxalq tədbirdir. Bu tədbirə minlərlə insan gələcək və Azərbaycan reallıqlarını bir daha görəcəklər. Bu illər ərzində Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik etmişdir, möhtəşəm tədbirlər keçirmişdir. Bunları çox sadalamaq olar. Ümumilikdə onu qeyd edim ki, Azərbaycanda keçirilən tədbirlər Azərbaycanın suverenliyi və müstəqilliyinin bariz nümunəsidir. Hesab edirəm, bu da Azərbaycan Prezidentinin yeritdiyi siyasətin məntiqi nəticəsidir".
Müəllif: Söylü Ağazadə