PDF Oxu

Siyasət

  • 2 708

İstiqlal şairinin qəhrəman oğlu TƏHLİL

İstiqlal şairinin qəhrəman oğlu TƏHLİL

Çağırır Zəngəzur: – Zərbəni bərk vur!
Səngərdə möhkəm dur!.. Çağırır Göyçə.

Azərbaycan, sənin işıqlı gələcəyin, istiqlalın, azadlıq günəşinin doğması üçün çox qanlar axıdıldı torpağına. Canından, qanından keçdi neçə-neçə igid oğlun. O oğulların ki, sənin torpağından, onun şirəsindən, qanla yoğrulmuş hər qarışından güc almışdı. Od püskürən oğulların sənin qoynunda milli qəhrəman oldu, qanı ilə torpağı suvararaq Şəhid oldu. Onlar haqqın səsinə can fəda etdilər. Azərbaycan torpağında üç rəngli bayrağımız dalğalansın deyə. O oğullar ki, bu torpağın şah budaqlarıdır. Onlar vətənin çətin günündə silaha sarılıb gecəli-gündüzlü Odlar diyarının müdafiəsində durdular. Vətən daşı onların isti yuvsına çevrildi. 1988-ci ildə ölkəmizdə başlanan ictimai-siyasi hadisələrin kəskinləməsi çox oğulları erməni təcavüzkarlarından torpağı qorumaq üçün silaha sarılmağa, bu torpağın keşiyində durmağa səslədi. Babəklər, Koroğlular, Mehdilər, Mübarizlər, Rafiqlər yetişdirən bu torpağın sayseçmə oğulları kifayət qədərdir. Onların hər biri gələcək nəslə bir örnək, nümunə olub. Bu oğullar sırasında Azərbaycanın Milli Qəhrəmanı Xəlilbəyli Təbriz Xəlil Rza oğlunun da ismi var. Yaşasayda bu gün 60 yaşını qeyd edəcəkdir.
Təbriz çoxları kimi Birinci Qarabağ savaşında döyüşlərdə iştirak edir. Özü də qəhrəmancasına. 12 fevral 1964-i ildə dünyaya göz açan Təbriz elə bir ailədə tərbiyə almışdı ki, o, yalnız döyüş meydanında vətənin keşiyində durmalı idi. İstiqlal şairi, Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün ailəsində anadan olan, onun ruhundan qidalanan, ziyalı bir atanın tərbiysini görən oğulun başqa seçimi ola bilməzdi.
Arzular, könlümdə çeşmə-çeşmədir,
Arzular qoynunda boy atmış könül.
Səni arzum üçün, amalım üçün,
Səni döyüş üçün yaratmış könül.
- deyən Xəlil Rza Ulutürk misralarında qəhrəman oğulun sakit bir ömür sürməsini yox, od-alov içində vuruşmasını diləyirdi.
28 il ömür yaşadı. Amma başucalığı gətirən bir ömür səhifəsini yazdı. Gələcəyini xəyalında canlandırmışdı, arzuları tükənməz idi. Həyatın çağrışı isə başqa idi. 1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirən Təbriz 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinə daxil olur. Təhsilini davam etdirərək, həm də C.Cabbarlı adına "Azərbaycan film" kinostudiyasında işıqçı işləyir. Vətən darda olanda Xəlilbəyli Təbriz 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yola düşür.
Çağırır Zəngəzur: – Zərbəni bərk vur !
Səngərdə möhkəm dur !.. Çağırır Göyçə.
Laçınım, Şuşa adlı sonsuz cahanım –
Natəmiz əllərdə qalan gülqönçə.
Belə bir misraların müəllifi olan Xəlil Rzanın oğlu şəhərdə rahat yaşaya bilməzdi. Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə o, qəhrəmanlıq nümunəsi göstərir. Qısa, lakin şərəfli, şücaətli döyüş yolu keçir və yoldaşları arasında böyük nüfuz və hörmət qazanır. Onu cəsur bir döyüşçü kimi tanıyırlar. Təbriz Xəlilbəyli neçə-neçə yaralı əsgəri atəş altından çıxarmış, düşmənin xeyli canlı qüvvəsini məhv etmişdi. Döyüş şücaətlərinə görə o, DİN-nin "Boz qurd" mükafatına layiq görülmüşdü.
1992-ci il 31 yanvar Təbriz Xəlilbəylinin son döyüşü olur. O, Şuşanın mühasirədən çıxarılması üçün təşkil edilən Daşaltı əməliyyatı zamanı şəhid olur.
Xəlil Rzanın misralarına hopdu oğul itkisi, şəhid vüqarı:
Aç başından qara şalı, can Firəngiz, sən ağlama!
O məqbərə yerdi-göydü...baş daşını qucaqlama.
Mərmərində dövrə dönür yağış göydən dama-dama.
Üstündəki ehtişama matdı Təbriz Xəlilbəyli.
Həyatda ən böyük zirvə şəhidlikdir. Bu zirvəyə ucalan Təbriz xalqın yaddaşında əbədi heykəlini ucaldıb. Bir ailənin yox, böyük bir xalqın övladıdır. Təbriz Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. Bakı şəhərində və Salyan rayonunda küçələrdən biri onun adını daşıyır. Xüsusi məqsədlər üçün istifadə olunan bir gəmi onun şərəfinə adlandırılmışdır. Yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.
Bu gün Azərbaycanın işğal altında olan toraqları azaddır. Azad nəfəs alır torpaqlarımız. Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev ətrafında sıx birləşən vətən övladları qisası qiyamətə qoymadılar. Azərbaycan bayrağını işğal altında olan vətən torpağında dalğalandırdılar. Təbrizlərin davamçıları onların intiqamını aldılar. Bu gün torpaq altında uyuyan hər bir şəhidin ruhu müqəddəs toraqlarımızda rahat, azad nəfəs alır. Torpağımız azaddır, bütövdür və suveren dövlətik.
Allah rəhmət eləsin!

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər