Azərbaycan Prezidentinə ünvanlanan təbriklərin ardı-arası kəsilmir
Mərkəzi və Şərqi Avropa, ümumiyyətlə, bütün dünya ölkələri ilə müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlıq Azərbaycanın xarici siyasətinin məntiqi nəticəsidir. Azərbaycan ilə dünya ölkələri arasında ikitərəfli münasibətlər iqtisadi, ticari, enerji, turizm və digər sahələri əhatə edir. Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanaraq, xarici siyasətini həyata keçirən Azərbaycan dünya dövlətləri, eləcə də qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olmuşdur. Bu gün dünya dövlətləri ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir. Son 20 il ərzində aparılan xarici siyasət, ölkədə həyata keçirilən sistemli islahatların nəticəsi olaraq xalqın həyatını köklü şəkildə dəyişməsi, 2020-ci ildə İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi və keçən ilin sentyabrında Xankəndiyə bayrağımızın asılması dünyanın diqqətində kənarda qalmır. Ölkəmizin hər bir uğuru ölkəmizə dost və qardaş olan ölkələr tərəfindən maraqla qarşılanır. Böyük nailiyyətlərin müəllifi olan Prezident İlham Əliyev dünya liderləri arasında seçilən dövlət başçılarından biridir.
İKİTƏRƏFLİ SİYASİ MÜNASİBƏTLƏR
İlham Əliyevin növbəti 7 il üçün Prezident seçilməsi öz tarixinin yeni mərhələsinə qədəm qoyan Azərbaycan üçün ən uğurlu başlanğıcdır və bu tarixi gün qazanılan qələbə dünya liderlərinin diqqətindən kənarda qalmadı. Azərbaycan Prezidenti İlham Əliyevə dünya ölkələrinin pezidentləri tərəfindən edilən təbrik zəngləri, eləcə də, ünvanlanan təbrik məktubları fikirlərimizi təsdiqləyir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra diplomatik münasibətlərin yaradılması onun dünya birliyinə sistemli surətdə inteqrasiyasına geniş yol açdı. İkitərəfli siyasi münasibətlərin qurulması siyasi-iqtisadi və mədəni əlaqələrin inkişafına əlverişli zəmin yaratmış oldu. Müstəqil dövlət kimi Azərbaycanın dünya dövlətləri, təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Ölkəmizin ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib. "Prezident İlham Əliyevi son prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edir, ona Azərbaycanın daha da inkişafı naminə fəaliyyətində uğurlar arzulayıram. Ölkələrimizin və xalqlarımızın maraqları naminə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı maraqlar bazasının genişləndirilməsi məqsədilə onunla birgə işi davam etdirməyi səbirsizliklə gözləyirəm", - deyə paylaşımda bildirilib.
AVROPA İTTİFAQI İLƏ AZƏRBAYCAN ARASINDA ƏLAQƏLƏR
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək fevralın 7-də Azərbaycan Respublikasında keçirilmiş seçkilərdə qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib və yeni mandatın icrasında dövlətimizin başçısına uğurlar arzulayıb. Telefon danışığı əsnasında Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin müxtəlif aspektləri, xüsusilə energetika və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Şarl Mişel nəqliyyat və bağlantılar sahəsində Avropa İttifaqının region ölkələri ilə əlaqələri inkişaf etdirmək üçün konkret layihələrlə çıxış etdiyini vurğulayıb. Tərəflər COP29-un Azərbaycanda keçirilməsi və bu çərçivədə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə də toxunublar. Şarl Mişel üçtərəfli formatda Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında görüşlərin bərpa edilməsi ilə bağlı Prezident İlham Əliyevdən mövqeyini bildirməsini xahiş edib. Prezident İlham Əliyev Azərbaycanın həmişə Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəklədiyini bildirib. Söhbət zamanı Ermənistanla Azərbaycan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparılıb, Azərbaycan Respublikasının Prezidenti Administrasiyası və Ermənistanın baş nazirinin aparatı arasında dekabrın 7-də ikitərəfli əsasda qəbul edilmiş birgə bəyanatın irəliyə doğru mühüm addım olduğu vurğulanıb.
DOSTLUQ, QARDAŞLIQ VƏ STRATEJİ TƏRƏFDAŞLIQ MÜNASİBƏTLƏRİ
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas ünvanladığı təbrikində Azərbaycan Prezidentin növbəti müddətə yenidən Prezidenti seçilməyi münasibətilə təbrik edərək, həvalə olunmuş ali vəzifənizin icrasında, ölkəmizi və xalqımızı məqsəd və arzularına doğru aparmağında davamlı müvəffəqiyyətlər arzulayıb. "Bu xoş fürsətdən istifadə edərək ikitərəfli münasibətlərimizdən qürur duyduğumu, ölkələrimizin və xalqlarımızın rifahı naminə onu gücləndirmək və inkişaf etdirmək üçün birgə işimizi davam etdirmək niyyətində olduğumu və Fələstinin haqq işi ilə bağlı mövqeyinizə görə minnətdarlığımı bildirirəm, - deyə bildirilib.
Son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Fevralın 9-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycanın rifahı naminə fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirərək, öz növbəsində İrakli Kobaxidzeni Gürcüstanın Baş naziri vəzifəsinə təsdiq olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildirib, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
TÜRKSOY İLƏ AZƏRBAYCAN ARASINDA ƏMƏKDAŞLIĞIN VƏ MƏDƏNİ ƏLAQƏLƏRİN DAHA DA GENİŞLƏNMƏSİNƏ İNAM
TÜRKSOY-un Baş katibi Sultan Raev isə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə ünvanladığı təbrikində Azərbaycan Respublikasında 2024-cü il fevralın 7-də yüksək səviyyədə keçirilmiş prezident seçkilərində inamlı qələbə münasibətilə TÜRKSOY-un Baş Katibliyi, Türk dövlətləri mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adından təbriklərin çatdırıb. "Seçkilərdə Azərbaycan xalqının Sizin namizədliyinizi hərtərəfli dəstəkləməsi ölkənin ərazi bütövlüyünü tam bərpa etmiş və tarixi ədaləti bərqərar etmiş Ali Baş Komandanına və müdrik liderinə sonsuz inamının əyani təzahürüdür. Zati-alinizin zəngin təcrübəsinin və müdrik siyasətinin yeni dönəmdə də Azərbaycanın tərəqqisinə və xalqın rifahına böyük töhfə verəcəyinə, TÜRKSOY ilə Azərbaycan Respublikası arasındakı məhsuldar əməkdaşlığın və mədəni əlaqələrin daha da genişlənərək inkişaf edəcəyinə inanıram. Əminəm ki, beynəlxalq TÜRKSOY təşkilatının üzv ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf etdirilməsi və Türk dünyasının ayrılmaz parçası olan Azərbaycanın zəngin mədəniyyətinin dünyada tanıdılması istiqamətində apardığı fəaliyyətlər bundan sonra daha geniş vüsət alacaqdır. TÜRKSOY-a diqqətini və dəstəyini əsirgəməyən Zati-alinizi bu mühüm qələbə münasibətilə bir daha ürəkdən təbrik edirəm", – deyə bildirilib.
Bu təbriklərin ardı-arası kəsilmir. İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahayanın, ATƏT-in Baş katibi Helqa Maria Şmidin, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahanın, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Oleq Storçevoyin, Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedra və vitse-prezidenti Rosario Muriyonın, Braziliya Federal Konqresinin Nümayəndələr Palatasının deputatı, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Klaudio Kajadonın, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsulın və başqalarının ünvanladığı təbriklərdə 7 fevral ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi müdrik və uzaqgörən siyasəti nəticəsində qalib gəlməsi vurğulanır. Bu seçkilər Azərbaycan üçün tam bir demokratik bayram oldu. Zəfər seçkiləri bütün dünyanın gözü önündə ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində keçdi.
Zümrüd BAYRAMOVA