PDF Oxu

Siyasət

  • 3 081

"Akıncı" ordunun gücünə güc qatacaq TƏHLİL

"Akıncı" ordunun gücünə güc qatacaq TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğurlu islahatlar həyata keçirilir. Ordumuzun döyüş hazırlığının daha da artırılması ilə bağlı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi bütün Sərəncam və tapşırıqlar diqqət mərkəzində saxlanılır və yüksək səviyyədə icra olunur. Günü-gündən gücünü, qüdrətini artıran ordumuz Cənubi Qafqazın lider ordusudur. Dünyanın hər bir xalqının öz xilaskar ordusu ilə öyünməyə, qürur duymağa haqqı var. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1993-cü ildən Ordu quruculuğuna başlamaq mümkün oldu. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Ulu Öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur. Özünümüdafiə dəstələri və könüllü batalyonlar ləğv edildi və beləliklə, Ulu Öndər Heydər Əliyev vahid komandanlığa tabe olan nizami Azərbaycan Ordusunu yaratdı. 1998-ci ilin mayında Prezident Heydər Əliyevin Fərmanı ilə iyunun 26-sı Cümhuriyyətin varisi olan müstəqil Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü elan edilib. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Ulu Öndərin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır.Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev çıxışlarının birində demişdir ki, müasir mütəşəkkil ordu yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olub. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilib, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam - intizama malik bir quruma çevrilib. Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarət Ordumuz da potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır.

MADDİ-TEXNİKİ BAZA ƏN MÜASİR STANDARTLAR SƏVİYYƏSİNDƏ

Fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən "Akıncı" hücum PUA-larının uçuşunu izləyiblər. Prezident İlham Əliyev PUA Akademiyasında yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısına Akademiyada yaradılan şərait və pilotsuz uçuş aparatları barədə məlumat verilib. Bildirilib ki, burada hərbi qulluqçuların hazırlığı üçün hər cür şərait yaradılıb. Akademiya müasir standartlara cavab verən bütün növ zəruri texnika və avadanlıqlarla təchiz olunub. Sonra Ali Baş Komandan hərbi obyektdə müxtəlif tipli PUA üçün uçuş-enmə zolağına gəlib. "Akıncı" hücum PUA-sının havaya qalxmasını izlədikdən sonra idarəetmə məntəqəsinə gələn Prezident İlham Əliyev burada PUA-nın idarəolunmasını praktiki həyata keçirib.PUA-nın yerə enməsini izləyən Azərbaycan Prezidenti uçuş vasitəsinin üzərinə xatirə imzasını çəkib.Daha sonra Prezident İlham Əliyev anqar komplekslərinə baxış keçirib. Anqarlar müxtəlif tipli pilotsuz uçuş aparatları, eləcə də silahlanmaya yeni qəbul edilən "Akıncı" hücum PUA-sı və digər aviasiya-texniki vasitələrin saxlanılması üçün nəzərdə tutulub. Müzəffər Ali Baş Komandan burada "Akıncı" hücum PUA-sı və aviabombaları ilə də tanış oldu.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir. Bu gün Azərbaycanda istehsal olunan bir çox hərbi məhsullar ordumuzun potensialının gücləndirilməsində əsas amillərdən biridir.Azərbaycan Cənubi Qafqaz regionunda maddi-texniki imkanlar baxımından yüksək və ən çox döyüş təyyarəsi olan ölkə sayılır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər