"Ermənistanın müharibə başa çatdıqdan sonrakı fəaliyyəti onu göstərir ki, rəsmi İrəvan hər imkanda sülhdən bəhs etsə də, sülh sazişinin imzalanmasında maraqlı deyil". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.Ekspert bildirib ki, sülhün imzalanması üçün Ermənistanın 2020-ci ilin sonunda imzalanan birgə bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməsi vacibdir: "Lakin bu öhdəliklərin böyük hissəsi yerinə yetirilməyib. O cümlədən, Azərbaycan ərazisində olan erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasını Azərbaycan öz imkanları ilə həyata keçirib. Zəngəzur dəhlizinin açılması istiqamətində Ermənistan bir addım belə olsa atmayıb. İşğal altında olan 8 kəndimiz hələ də ermənilərin nəzarəti altındadır.Digər tərəfdən Ermənistan ərazilərimizdə basdırılan mina xəritələrinin böyük hissəsini Azərbaycana verməyib. Verdiyi xəritələrin də dəqiqlik faizi kifayət qədər aşağıdır. Belə olan halda biz Ermənistanın 2024-cü il ərzində davranışlarında radikal dəyişikliklər edib sülh sazişi imzalanması üçün real fəaliyyət həyata keçirəcəyini gözləyə bilmərik. Təbii ki, biz bunu arzu edirik. Azərbaycanın gündəmi sülh gündəliyidir. Amma Ermənistanın davranışları bunu ehtimal etməyə əsas vermir".
Müəllif: Söylü Ağazadə