Budur, xalqımız bir neçə gün öncə ən böyük tarixi zəfərlərindən daha birinə imza atdı. 44 günlük müharibədə və lokal xarakterli antiterror tədbirləri çərçivəsində bütün ərazilərimiz qüdrətli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, igid oğullarımızın misilsiz qəhrəmanlığı ilə düşməndən azad edildisə, fevralın 7-də keçirilən zəfər seçkisi bütöv və azad Azərbaycanın ALİ TƏSDİQİ oldu. Bu tarixi təntənəni Azərbaycan xalqına yaşadan cənab İlham Əliyevin prezident seçkilərində inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçilməsi, xalqın öz Liderinə sarsılmaz inamından qaynaqlanmaqla, son iyirmi ildə görülən işlərə, qazanılan uğurlara verilən tarixi dəyərdir.
7 fevral prezident seçkiləri həm də başqa bir tarixi məqamla da yadda qaldı. Budəfəki prezident seçkiləri bu vaxta qədər görülməmiş ən yüksək seçici fəallığı ilə də tarixə düşdü. Ən ucqar, dağlıq yaşayış ərazilərində əhalinin seçki məntəqələrinə axın etməsi, məsuliyyətli vətəndaş mövqeyi sərgiləməsi, ilk növbədə, bu xalqın öz qalib liderinə olan böyük sevgisinin nümayişi oldu.
Xüsusilə, yüksək seçici fəallığı beynəlxalq müşahidəçilərin də diqqət mərkəzində olub. Seçkilərin nəticələri barədə ən nüfuzlu beynəlxalq müşahidəçilərin fikirləri Azərbaycana qarşı ikili oyun yürüdən qərb dairələrinə ən böyük və ədalətli ŞİLLƏ oldu. Bir məqama diqqət edək: nüfuzlu beynəlxalq təşkilatlar, müxtəlif ölkələri təmsil edən çoxsaylı müşahidəçilər tərəfindən bununla bağlı səslənən fikirlər və mətbuata verilən bəyanatların ruhu seçkilərin məhz qanunçuluğa hörmət və ədalət prinsipi əsasında keçdiyinin bariz göstəricisidir. Prezident seçkilərinə qatılan digər namizədlərin YAP-ın namizədi cənab İlham Əliyevi parlaq qələbə münasibətilə təbrik etmələri siyasi mədəniyyət nümunəsi olmaqla yanaşı, həm də səsvermənin nəticələrinin Azərbaycan xalqının dövlət başçısına olan inam və etimadının daha bir təsdiqidir. Bu, həm də ölkəmizin sosial-iqtisadi inkişafı və xalqımızın rifahı yolunda həyata keçirilən qətiyyətli siyasətə milli həmrəylik nümunəsi olaraq cəmiyyətin bütün təbəqələri tərəfindən verilən yüksək qiymətin və dəstəyin əyani təzahürüdür.
Bəli, hətta qərbdəki ən radikal mənfi qüvvələr də etiraf edirlər ki, Azərbaycanın seçki təcrübəsi və mükəmməl qanunvericilik bazası var. Bu elə bir həqiqətdir ki, heç bir qarayaxma kampaniyası bu gerçəyi dəyişdirə bilməz. Buna görə də fevralın 7-də növbədənkənar prezident seçkiləri çox yüksək səviyyədə, tam şəffaf və demokratik prinsiplərə uyğun keçirildi. Əksər beynəlxalq müşahidəçilır, müstəqil rəy İnstitutlarının təmsilçiləri seçki axşamı bu fikri özəlliklə keçirdikləri mətbuat konfanslarında qeyd edirdilər. Ən önəmlisi də odur ki, tam əksəriyyəti qərbi təmsil edən Avropa ölkələrinin təmsilçiləri bu fikri dönə-dönə qeyd edirdilər. Onların diqqət çəkdikləri bir başqa məqam Azərbaycanda medianın seçki prosesində iştirakı üçün yaradılan şərait barədə idi. Onlar vurğulayıb ki, seçkiqabağı proses, eləcə də seçki günü səsvermənin gedişatının işıqlandırılması prosesinə xeyli sayda yerli və beynəlxalq media subyekti cəlb olunmuşdu. Bu, digər ölkələr üçün nümunədir. Bu sadaladığımız faktlar riyakar qərb siyasətçilərinə ən böyük cavadır!
Növbədənkənar prezident seçkiləri bir sıra məqamları və əhəmiyyəti ilə şanlı tariximizə həkk oldu. Biz 30 ildən sonra ilk dəfə olaraq ərazi bütövlüyümüz tam təmin edilmiş şəkildə seçki keçirdik və bu seçki bütün ölkə ərazisini əhatə etdi. Keçmiş məcburi köçkün bacı və qardaşlarımız öz yurdlarında seçici olaraq səsverməyə qatıldılar. Bununla da biz ərazi bütövlüyümüzü və suverenliyimizi bir daha təsdiq edərək bütün dünyaya nümayiş etdirdik. Həm də qalib, müzəffər xalq olaraq, alnıaçıq, üzüağ. Odur ki, bu seçkilər Zəfər seçkisi olaraq tariximizdə əbədi qalacaq. Qeyd edim ki, seçki kampaniyası başlayandan prosesin sonunadək bütün işlər qanun çərçivəsində, demokratik prinsiplər üzərində quruldu, yeddi namizədin hər birinə bərabər imkanlar yaradıldı. Beynəlxalq və yerli müşahidəçilərin apardıqları monitorinqlərin, keçirilən “exit-poll”arın nəticələri də seçkilərin obyektiv, demokratik keçirildiyini təsdiqlədi. Bu, Azərbaycanda dərin köklərə malik demokratiyanın təzahürüdür.
Cənab İlham Əliyevin son 20 ildə hər bir vədi reallıqda öz aydın ifadəsini tapıb: “Xalq hər zaman özünə diqqətin şahidinə çevrilir. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində əhalinin sosial müdafiəsinin gücləndirilməsini, yoxsulluq deyilən sosial bəlanın aradan götürülməsini prioritet məsələ kimi önə çəkdi. Onun sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Bu siyasətin ən önəmli istiqamətlərindən biri ölkəmizdə keçmiş qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövrdə göstərilən diqqət və qayğıdır. Cənab İlham Əliyev onlarla görüşlərində daim böyük əminliklə bildirirdi ki, yaradılan şərait müvəqqəti xarakter daşıyır, tezliklə soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaq, bu torpaqlada yeni həyat başlayacaq. Qürurvericidir ki, soydaşlarımız 7 fevral prezident seçkilərinə öz dogma yurd-yuvalarında qatıldılar. İşğaldan azad edilmiş ərazilərimizdə seçici fəallığı 93 faizdən çox olub. Bu rəqəm tarixi Zəfərimizin müəllifi cənab İlham Əliyevə böyük etimadın göstəricisidir.”
Artıq indi xalqımızın və dövlətimizin həyatında yeni parlaq bir dövr başlayır. Cənab İlham Əliyevin ölkəmizə növbəti yeddi ildə rəhbərliyi ilə bizi ötən 20 ildə əldə edilmiş nailiyyətlərin davamı ilə yanaşı, fəth ediləcək daha uca zirvələr, böyük hədəflər gözləyir. Bu, indikindən də qüdrətli, bütün sahələr üzrə hərtərəfli inkişaf etmiş, güclü iqtisadiyyata sahib müstəqil Azərbaycan olacaq. İlham Əliyev cənabları nadir tarixi şəxsiyyətlərdəndir ki, xalqına verdiyi bütün vədləri tam şəkildə və vaxtında yerinə yetirib. O, dövlətimizi ağır sınaqlardan, mürəkkəb proseslərdən üzüağ çıxarıb, dünyanı bürüyən və ağır fəsadlar törədən dərin böhranları ölkəmizə buraxmayıb. Vaxtı ilə haqqı tapdanan, səsi eşidilməyən, hərbi təcavüzə məruz qalan, torpaqları işğal edilən Azərbaycan bu gün regionun lideri, dünyanın strateji əhəmiyyətli ölkəsidir. Odur ki, xalqımızın daha xoşbəxt, səadət dolu günləri, dövlətimizin ən əzəmətli, güclü illəri hələ qarşıdadır. Böyük, bütöv və qüdrətli Azərbaycan!
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri