"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də keçirilən seçkilərdə səslərin 92.12 faizini (4 milyon 567 min 458 səs) toplayaraq qələbə qazanıb". Bu açıqlama Mərkəzi Seçki Komissiyasının son və yekun məlumatından götürülüb. 92,12 faiz səs! Bu böyük səs çoxluğu, ilk növbədə bir xalqın öz qəhrəman oğluna – doğma Qarabağı, Xankəndini, Şuşanı, Laçını, bütün işğal altındakı torpaqlarımızı erməni təcavüzündən xilas edib bütöv və azad Azərbaycan yaradan qüdrətli Ali Baş Komandana, QALİB LİDERƏ olan sonsuz sevgi göstəricisidir. Bu parlaq qələbə, xalq dəstəyi həm də bir çox məqamlarla səciyyəvidir. İlk növbədə qeyd etmək çox-çox vacibdir ki, bu qələbə xalqın öz müdrik Liderinə inamının, etimadının, xalq-Prezident birliyinin, həmrəyliyinin sarsılmazlığının göstəricisi olmaqla yanaşı, İlham Əliyevin ilk dəfə dövlət başçısı seçildiyi 2003-cü ildən bu günədək gördüyü titanik işlərin, Azərbaycanın qazandığı möhtəşəm uğurların təqdimatı və onlara yol açan qətiyyətli siyasətə verilən dəyərdir. Prezident İlham Əliyev qətiyyətinin zirvəsində tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması dayanır. Xalqımız bu dəstəyi, etimadı ilə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rola malik olan, ölkədə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzunu da təsdiqləmiş oldu. Xalq Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsası olan Heydər Əliyev ideyalarına sədaqətini, Prezident İlham Əliyevin gələcəyə hesablanmış, Azərbaycanı zəfərdən-zəfərə aparan siyasətinə dəstəyini ifadə etdi. Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində "Mən bu etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm" vədini verərək son 20 ildə uğurlu addımları ilə Azərbaycanı dahi şəxsiyyət Heydər Əliyevin görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəltdi. O Azərbaycan ki, hazırda tarixi Zəfəri ilə yeni reallıqlar yaradıb, Qarabağımız və Şərqi Zəngəzurumuz azaddır, dirçəlir, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub. Ötən il tariximizin növbəti Zəfər səhifəsinin yazılması ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Bu yeni dövr məhz növbədənkənar prezident seçkilərinin keçirilməsini zərurətə çevirdi.
QALİB LİDERƏ VƏFA BORCUNU ÖDƏYƏN MİLYONLAR...
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 26 məntəqə 23 mindən çox, həmçinin 37 ölkədə 23 minə yaxın seçici 49 məntəqədə səs verdi. Bu seçkilərin böyük əhəmiyyət kəsb etməsinin bir səbəbini də otuz illik həsrətdən sonra Qarabağ və Şərqi Zəngəzura – doğma yurdlarına qayıtmış keçmiş məcburi köçkünlərin, eyni zamanda, həmin ərazilərdə dövlət tərəfindən aparılan yenidənqurma və bərpa işlərində iştirak edən vətəndaşlarımızın səs vermələri ilə bağlıdır. Seçicilər sanki ən layiqli namizədə - İlham Əliyevə vəfa borcunu ödəməyə gəlmişdilər. Ölkəmizin hər bir vətəndaşı çox yaxşı bilir ki, 2020-ci ilin Vətən müharibəsindən və 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilən uğurlu antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olundu və dünyada suveren ölkə kimi tanındı. Prezident İlham Əliyev Xankəndinin mərkəzində Azərbaycan Bayrağını qaldırdıqdan sonra artıq dünya ictimaiyyətinə birdəfəlik bəlli oldu ki, Qarabağ Azərbaycandır! Bu, həm Ermənistana, həm də onun havadarlarına ciddi mesaj idi. Eyni zamanda, separatizmin kökünün kəsildiyini təsdiqləyən təkzibolunmaz fakt idi. Xalqımızın otuz illik istək və arzuları artıq reallaşdı. Söz yox ki, buna qədər də əhali böyük coşqu ilə öz ata-baba yurdlarına qayıdırdılar. Qarabağda separatizmin kökü kəsildikdən sonra keçmiş məcburi köçkünlər tam təhlükəsiz olaraq dədə-baba yurdlarına qayıtmağa başlayıblar. Bu, xoşməramlı köç bu gün də davam edir. Xalqımızın bu Qələbədən, bu Qayıdışdan və keçmiş məcburi köçkün soydaşlarımızın isti ocaqlarına tam təhlükəsiz dönmələrindən sonra qüdrətli ordu formalaşdıran Prezidentə, Ali Baş Komandana inam və etimadı daha da artdı və Azərbaycanda İlham Əliyevə alternativ hansısa namizəd heç xəyala belə gətirilmədi. Fevralın 7-də xalq kütləvi şəkildə seçki məntəqələrinə gedərək Prezidentə vəfa borcunu geri qaytardı.
CƏNAB İLHAM ƏLİYEV BU SEÇKİLƏRDƏ SƏSİNİ MƏHZ XANKƏNDİDƏ VERMƏKLƏ AZƏRBAYCAN TARİXİNİN YENİ MƏRHƏLƏSİNİN BAŞLANĞICININ ƏSASINI QOYDU
Bu seçkinin ən böyük əlamətdar və tarixi əhəmiyyəti həm də ondan ibarətdir ki, 200 illik dövlətçilik tarixi olan Azərbaycanın bütövləşmiş ərazisinin hər bir şəhər, rayon və kəndində bu seçkilər təşkil olunmuşdu. Ali Baş Komandan olaraq ərazilərimizi işğaldan azad edən, müzəffər Azərbaycan Ordusuna əmr verən İlham Əliyev bu seçkilərdə səsini məhz Xankəndində verməklə Azərbaycan tarixinin yeni mərhələsinin başlanğıcının əsasını qoydu.
Digər bir məqama diqqət yetirək. Ölkəmizdə növbədənkənar Prezident seçkilərinin təşkilati işlərinin yerli və beynəlxalq qanunvericiliyə uyğun aparılmasını müşahidə etmək üçün Azərbaycana dəvət olunmuş mütəxəssislər, jurnalistlər, media və beynəlxalq təşkilatlarla yanaşı, dünya ölkələrinin parlamentlərinin nümayəndə heyətlərinin də iştirakı yüksək səviyyədə təşkil olundu. Ölkəmizə təşrif buyurmuş nümayəndə heyətlərindən biri də Azərbaycanla strateji tərəfdaş olan, Avropada, Balkanlarda yerləşən, müsəlman icmasının kompakt şəkildə yaşadığı Bosniya və Herseqovina Parlamentinin hər iki palatasının üzvlərindən ibarət oldu. Xarici müşahidəçilərin səsvermə günü gur seçici aktivliyini, yüksək vətəndaş mövqeyini dönə-dönə qeyd etmələri Azərbaycandakı prezident seçkilərinə qara yaxmaq, təxribat törətmək istəyən qərb dairələrinə ən gözəl CAVAB OLDU!
ZƏFƏR SEÇKİSİNDƏN SONRA YENİ DÖVR BAŞLAYIR!
Və beləcə tarixi zəfər seçkisindən sonra yeni bir dövrə qədəm qoyuruq. Bu yeni dövrdə xalqımız dövlət başçımızın yanında olduğunu nümayiş etdirməklə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmiş oldu. Xalqımız bu seçkidə göstərdiyi böyük dəstəklə dövlət başçısına yeni bir siyasi güc vermiş oldu. Beləliklə, dövlət başçımız xalqdan aldığı yeni güclə yeni dövrdə yeni hədəflərə doğru irəliləyəcəkdir. Yeni hədəflərin əhatə dairəsi çox genişdir. Bu, insanların sosial rifahının daha da yaxşılaşdırılması, iqtisadiyyatın rəqəmsallaşdırılması, təhsilin və səhiyyənin inkişafını yeni mərələyə gətirilməsi, Böyük Qayıdışın uğurla davam etdirilməsi, Ermənistanla dövlət sərhədinin daha da möhkəmləndirilməsi, Azərbaycanın ədalətli və haqlı mövqeyini bu gün bizə qarşı olan dövlətlərə qəbul etdirməsi, regional əməkdaşlığın inkişaf etdirilməsi və davamlı sülhün əldə olunması və digər istiqamətləri əhatə edəcəkdir. Dövlət başçımızın seçki qabağı açıqladığı proqramda da yeni dövrün hədəfləri geniş şəkildə şərh olunmuşdur. Qarşıdan gələn 7 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın həyatında qızıl hərflərlə yazılmış yeni dövrün olacağına heç bir şübhə yoxdur.
RƏFİQƏ KAMALQIZI