Siyasət

  • 1 191

"AŞPA Azərbaycan kimi dövlətlərin hesabına mövcuddur" - POLİTOLOQ BİLDİRDİ

image

“Azərbaycan nümayəndə heyətinin mandatının bir illk dayandırılması təbii ki, Azərbaycanın AŞPA ilə münasibətlərinə təsir gətirəcək”. Bu barədə SİA-ya açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. Onun sözlərinə görə, münasibətlər ən azından əvvəlki illərdə olduğu səviyyədə olmayacaq: “Bildiyimiz kimi Azərbaycan tərəfi sona qədər bu təşkilatla münasibətləri qoruyub saxlamağa çalışdı. Amma təəssüf ki, erməni təəssübkeşliyinin arxasınca gedən avropalı deputatlar himayəsində durduqları ölkənin arzusunu yerinə yetirərək Azərbaycanlı deputatların mandatını təsdiq etmədilər. Təbii ki, formal olaraq onlar Azərbaycanın öz torpağında həyata keçirdiyi antiterror tədbirlərini əsas gətirdilər. Təbii ki, bu Azərbaycana qarşı qondarma bir bəhanə idi. Əslində Onlar Azərbaycanı Cənubi Qafqaz regionunda müstəqil siyasət yeritdiyi üçün cəzalandırmaq istəyirdilər və elə düşünürdülər ki, azərbaycanlı deputatlara qarşı bu addım onların istədiyini həyata keçirmiş olacaq. Azərbaycanlı nümayəndə heyətinin başçısı və üzvləri Brüsseldən qayıtdıqdan sonra verdikləri müsahibələrdə AŞPA Azərbaycanda keçirilməsi nəzərdə tutulan Prezident seçkilərinə dəvət olunmadıqları üçün hikkələrindən bu addımı atdığını bildirmişdi. Əslinə baxanda Prezident seçkilərində iştirak etmək üçün AŞPA heç ciddi səy də göstərmirdi. Çünki oradakılar gözəl başa düşürdülər ki, bu seçkidə Azərbaycan dövlətini tənqid etmək üçün tutarlı dəlil tapa bilməyəcəklər. Digər tərəfdən seçki elan olunan kimi AŞPA rəhbərliyi bu qurumun işçilərinə Azərbaycandakı seçkilərdə müşahidəçi kimi iştirak etməməyi tövsiyə edirdi. Yəni bir tərəfdən seçkiyə müşahidəçi göndərmək istəmirlər, digər tərəfdən dəvət olunmadıqlarına görə bizi günahlandırırlar. Bu ikili siyasət deyilsə, nədir”?!Politoloq bildirib ki, AŞPA tərəfindən atılan bu addım sözsüz münasibətlərin soyuması ilə nəticələndi: “Amma Azərbaycanın bu demarşdan ciddi ziyan çəkəcəyini düşünmürəm. Çünki Azərbaycan tərəfi daha irəli gedərək ümumiyyətlə bu Avropa institutu ilə münasibətləri bir dəfəlik kəsmək haqqında fikirlər səsləndirir. Yəni bizdə AŞPA ilə münasibətlərin kəsilməsindən ciddi ziyan çəkməyəcəyimizi yaxşı başa düşürlər. Həqiqətdə də AŞPA elə bizim kimi dövlətlərin hesabına mövcuddur və müstəqil dövlətlərə qarşı belə əsassız iddialar onu dünya ictimaiyyətinin gözündə salır. Amma onun Azərbaycan qarşısında rəsmi qaydada üzr istəməsini gözləmirəm. Azərbaycan münasibətlərin daha da gərginləşməsi barədə addımlar atmayacaq, öz fəaliyyətini digər Avropa strukturlarında davam etdirəcək. Amma bizə qarşı yeni addımlar atılarsa, düşünürəm ki, adekvat tədbirlər görəcəyik”.

Müəllif: Rəşid Qarayev

Digər xəbərlər