Suren Surenyants: "Ermənistan Azərbaycanın subdövləti olacaq"
Ermənistanın siyasi-ictimai həyatında müxtəlif və ziddiyyətli fikirlərin səsləndirilməsi tam sürəti ilə davam edir. Bir tərəfdən revanşist qüvvələrin, digər tərəfdən loyalların, başqa tərəfdən qərbyönlülərlə rusiyayönlülərin düşüncələri isə, ilk olaraq, belə bir nəticəyə gəlməyə zəmin edir ki, ölkədə, ümumiyyətlə, yekun fikrə gəlmək məntiqi mövcud deyil. O cümlədən, Azərbaycanla sülhün bərqərar olması mümkünlüyü də necə deyərlər, qaynar suya atılmış buz kimi əriməkdədir...
Daha bir iddia: "Paşinyanın son məqsədi qondarma sülh müqaviləsi bağlamaqdır"
"Paşinyan Qərblə və Əliyevlə razılığa gəlməklə, erməni maraqlarını ayaqlar altına atdı. Onun əsas vəzifəsi Rusiyaya qarşı siyasəti həyata keçirməkdir”. Bu fikirləri Ermənistanın Demokratik Alternativ partiyasının sədri Suren Surenyants ölkəsinin mediasına verdiyi açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu günlərdə baş nazir Nikol Paşinyan Milli Assambleyada səmimi etiraf edib: "O bildirib ki, konstitusiya müstəqillik bəyannaməsi kontekstində deyil, daha qlobal kontekstdə dəyişdirilməlidir. Paşinyanın son məqsədi qondarma sülh müqaviləsi bağlamaqdır. Onun məqsədi Ermənistanın xarici siyasətini dəyişməkdir".
Partiya rəhbəri: "Qərb üçün Ermənistan bir dövlət kimi maraqlı deyil"
Surenyantsa görə, görünən odur ki, Qərb Ermənistan üçün etalonunu aşağı salmaq üçün nəyin bahasına olursa-olsun, sülh müqaviləsinə nail olmaq istəyir: "Hətta parçalanmış Ermənistan olsa belə. Qərb üçün Ermənistan bir dövlət kimi maraqlı deyil. İran və Rusiyanın Cənubi Qafqazda təsirini məhdudlaşdırmaq onların əsas maraqlarıdır”.
"Mənə çatan məlumata görə, Paşinyan KTMT-dən çıxmaq məsələsi ilə bağlı yeni konstitusiya ilə bağlı referendum keçirməyi planlaşdırır", - deyən erməni partiya rəhbəri keçirilməsi gözlənilən referendumda vətəndaşlara belə bir sualın veriləcəyini ehtimal edib: KTMT-dən çıxmağın tərəfdarısınızmı?
Onun sözlərinə görə, əgər yeni konstitusiya qəbul ediləcəksə, onda Ermənistan Azərbaycanın subdövləti olacaq...
Afət Tahirqızı