“Sərhəddə baş verənlər Ermənistanın düşünülmüş, məqsədli təxribat strategiyasının davamı idi. Əslində Azərbaycanın Ermənistanla sülh danışıqlarını təkid etdiyi bir vaxtda Ermənistandakı Avropa İttifaqının mülki müşahidə missiyasının olduğu zamanda belə bir təxribatın törədilməsi Ermənistanın yenidən silahlandırılmasının nəticəsidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. Politoloq bildirib ki, xüsusilə Aİ-nin mülki müşahidə missiyasının Azərbaycan-Ermənistan sərhəddində olduğu dövrdə belə bir təxribatın törədilməsi Azərbaycanla Ermənistan arasındakı sülh və etimad quruculuğu prosesinə böyük zərbə vurdu: “Eyni zamanda Ermənistanın məqsədli şəkildə delimitasiya və demarkasiya işlərini uzatması, Azərbaycanla sülh sazişi ilə bağlı müzakirələrin olması üçün qarşılıqlı şəkildə anlaşmanın gecikməsi, Nikol Paşinyan da daxil olmaqla Ermənistan hökumətində təmsil olunan şəxslərin verdiyi təxribatçı açıqlamalar Azərbaycan-Ermənistan münasibətlərinin bu həddə çatmasına səbəb olub.Hesab edirəm ki, dünən sərhəddə baş verənlər və bunun fonunda Azərbaycan-Ermənistan sülh danışıqlarının zərbə alması beynəlxalq mərkəzlərin işinə yarayır. Faktiki olaraq Fransa rəhbərliyi altında Aİ missiyası adı altındakı cəsus şəbəkəsi Azərbaycan sərhədçisinə qarşı törədilən təxribata adekvat reaksiya vermədi. Bir daha aydın oldu ki, Ermənistan kimi bir dövlətlə normal şəkildə sülh şəraitində yaşamaq hələ ki, qeyri-mümkün görünür”.