Cənab İlham Əliyev 92,12 faiz səslə prezident seçkilərinin qalibidir
2024-cü il fevralın 7-də Azərbaycanda şəffaf şəkildə keçirilən növbədənkənar Zəfər seçkiləri ölkənin demokratik inkişaf tarixinə daha bir uğur səhifəsini yazdı. Müstəqillik tariximizdə ilk dəfə olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edən bütöv Azərbaycanda keçirilən seçkilər hər bir azərbaycanlını qürurlandırdı. Azərbaycan yeni dövrə qədəm qoydu. Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 illiyi dövründə verilən hər bir vəd, qarşıya qoyulan vəzifələr yerinə yetirildi və təsadüfi deyil ki, Cənab İlham Əliyev MSK-nın yekun protokoluna əsasən, 92,12 faiz səslə yenidən prezident seçkilərində qalib gəldi. Yeni dövrün başlanğıcı kimi dəyərləndirilən bu seçkilər ölkəmizin qarşısında yeni imkanlar yaradır. 30 illik torpaq həsrətinə son qoyan tarixi Zəfərimizin, həmçinin ərazi bütövlüyümüzün və suverenliyimizin müəllifi olan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən xalq qalib Liderinə səs verməklə bir daha təsdiqlədi ki, xalq-Prezident birliyi, həmrəyliyi sarsılmazdır.
Suverənliyimizi bərpa edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin Üçrəngli Bayrağımızı Xankəndi şəhərində ucaltdıqdan sonra xalqa müraciətində bildirdiyi fikirləri xatırlatmaq yerinə düşərdi. Cənab İlham Əliyev bildirmişdir ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi: "İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat bu müqəddəs məqsədə doğru getdik".
Fevralın 13-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclasında 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsi hakimlərin məruzələrini, maraqlı subyektin qanuni nümayəndələrinin çıxışlarını, ekspertlərin rəylərini dinləyib, işin materiallarına baxaraq, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarının təsdiq və rəsmən elan olunmasına dair qərar qəbul edib. 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunda əks olunmuş nəticələr təsdiq edilib. Xalqın qalib Liderinə etimadı səsvermənin nəticələrində özünün aydın ifadəsini tapdı. Qərara əsasən, Azərbaycan Respublikasının prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilib.
Konstitusiya Məhkəməsinin bu qərarı elan olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
ZƏFƏR SEÇKİLƏRİ - YENİ DÖVRÜN BAŞLANĞICI
Azərbaycan tarixinin səhifəsinə yazılan 7 fevral ölkəmizdə keçirilən növbədənkənar prezident seçkiləri müdrik xalqımızın yekdilliyi ilə, həmrəyliyi ilə yeni tariximizə möhrünü vurdu. Xalqımız həmrəyliklə öz tarixi seçimini edərək bir daha inkişafa, tərəqqiyə, sabitliyə, əmin-amanlığa səs verdilər. Bu səs Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi müdrik və uzaqgörən siyasətə verilən səs idi. Bu seçkilər Azərbaycan üçün tam bir demokratik bayram oldu. İlk dəfə seçkilər Azərbaycanın bütün ərazilərində keçirildi. Prezident İlham Əliyev Ulu Öndərimizin gördüyü möhtəşəm işləri qətiyyət və prinsipiallıqla davam etdirərək Azərbaycanın iqtisadi, siyasi, hərbi qüdrətini, nüfuzunu daim artıraraq, xalqın güzəranını və rifahını dönmədən yüksəldərək, ərazi bütövlüyümüzü təmin edərək və suverenliyimizə imza ataraq xalqın alternativsiz Liderinə çevrilib. Bu gün Azərbaycan öz qüdrətli Liderinin uzaqgörən, qətiyyətli siyasəti ilə regionda yaranmış yeni reallıqlar fonunda daha möhtəşəm gələcəyə doğru inamla addımlayır. 30 ildən sonra ilk dəfə olaraq ərazi bütövlüyümüz tam təmin edilmiş şəkildə seçki keçirildi və bu seçki bütün ölkə ərazisini əhatə etdi. Keçmiş məcburi köçkünlər yurdlarında seçici olaraq səs verdilər. Bu da daha bir tarixi hadisəyə çevrildi. Əlbəttə ki, Zəfər seçkiləri yeni dövrün başlanğıcıdır. Seçkilərdə qazanılan bu Zəfər Azərbaycan xalqının Prezidentinə inamının, etimadının təzahürüdür. Ötən 20 illik tariximiz Azərbaycanın böyük bir salnaməsini yaratmış, güclü iqtisadiyyata, dinamik inkişafa, dünya dövlətləri sırasında xüsusi imicə malik olan dövlət kimi öz imicini təsdiqləmişdir. Dövlət siyasətinin müasir modelini yaradan Azərbaycan Prezidenti İlham Əliyevin yüksək idarəçilik məharəti, qətiyyəti və milli maraqlara əsaslanan daxili və xarici siyasəti nəticəsində bütün sferalarda əldə olunan nailiyyətlərin kökündə müdrik siyasət, möhkəm siyasi iradə və xalq-dövlət birliyinin real əsasları dayanır.
ÖLKƏMİZ ÜÇÜN YENİ DÖVR BAŞLAYIR
Reallaşan kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat və ən əsası da xalq-iqtidar birliyi Azərbaycanın əsas inkişaf göstəriciləri sırasında olan amillərdir. Dövlət başçısı prezidentliyi dövründə ölkə həyatının bütün sahələrində verdiyi vədlərin hamısının yerinə yetirilməsinə nail olmuşdur. Ötən iyirmi il aydın şəkildə göstərdi ki, İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısını yerinə yetirmişdir. Əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib. Əbəs deyil ki, 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da və 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində xalqımız Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına, əmin-amanlığa, tərəqqiyə və quruculuğa səs verdi.
Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi bizim ölkəmiz üçün yeni dövr başlayır: "Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq".
Prezident İlham Əliyevin ölkəmizə növbəti yeddi ildə rəhbərliyi ilə bizi ötən 20 ildə əldə edilmiş nailiyyətlərin davamı ilə yanaşı, fəth ediləcək daha uca zirvələr, böyük hədəflər gözləyir. Bu, indikindən də qüdrətli, bütün sahələr üzrə hərtərəfli inkişaf etmiş, güclü iqtisadiyyata sahib müstəqil Azərbaycan olacaq. Bu gün Azərbaycan qalib dövlətdir. Xalq-iqtidar birliyi bizi zəfərə, qələbədən qələbə aparır.
AZƏRBAYCANIN ƏLDƏ ETDİYİ NAİLİYYƏTLƏR - TARİXİ GERÇƏKLİKLƏR
Prezident İlham Əliyev xalqımızın həyatında böyük dəyişikliklər yaradan tarixi vəzifələrin həyata keçirilməsi yükünü və məsuliyyətini daşıyaraq milli maraqları ifadə edən siyasət həyata keçirir. Azərbaycan Prezidenti sübut edir ki, liderin malik olduğu nüfuz özündə şəxsi keyfiyyətlərin, siyasi dəyərlərin və prinsiplərin vəhdətini birləşdirir. Dövlət başçısının xalqın qəhrəmanı, hərbi sərkərdəsi olması onun intellektual potensialından və səriştəli idarəetmə bacarığından irəli gəlir. Müstəqil Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Bu gün, məhz uğurlu iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, Azərbaycan modeli dünyada tanınır və qəbul edilir. Bütün bu və ya digər amillər müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlər - tarixi gerçəklikləridir. Müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər gerçəkləşib. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir.
Cənab İlham Əliyevin növbəti 7 il üçün Prezident seçilməsi öz tarixinin yeni mərhələsinə qədəm qoyan Azərbaycan üçün ən uğurlu başlanğıcdır. Ermənistanla sülhün əldə olunması, azad olunmuş torpaqlara Böyük Qayıdış kimi nəhəng işlər, vəzifələr durur. Xalq məhz gələcək işıqlı taleyini yalnız öz sınanmış LİDERİ İLHAM ƏLİYEVƏ etibar edə bilərdi. Qarşıda Azərbaycanı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yeni nailiyyətlər və yeni qələbələr gözləyir.
Nəzakət ƏLƏDDİNQIZI