PDF Oxu

Siyasət

  • 1 847

İnamlı QƏLƏBƏYƏ dost təbrikləri - TƏHLİL

image

Çağdaş dünyamızda dövlət siyasətinin müasir modelini yaradan Cənab İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısının yerinə yetirilməsinə nail olmuşdur. Məhz bunun səbəbidir ki, Zəfər seçkilərində Prezident İlham Əliyev yenidən böyük səs çoxluğu ilə qalib gələrək 92,12 faiz səslə Zəfər seçkilərinin qalibi kimi imzasını tarixə həkk etdi. 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək, namizədliyini siyasi varisi Cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü elan edərkən bildirmişdi: "İnanıram ki, Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Keçirilən seçkilərdə seçicilərin 76 faizdən çoxu Cənab İlham Əliyevin lehinə səs verdi və 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçısı seçilməsindən ötən dövr ərizində ölkəmizin qazandığı uğurlar hər bir vətəndaşın diqqətindədir. Ölkəmizin hər bir uğuru ölkəmizə dost və qardaş olan ölkələr tərəfindən maraqla qarşılanır.

İlham Əliyevin növbəti 7 il üçün Prezident seçilməsi öz tarixinin yeni mərhələsinə qədəm qoyan Azərbaycan üçün ən uğurlu başlanğıcdır və bu tarixi gün qazanılan qələbə dünya liderlərinin diqqətindən kənarda deyil. Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkiləri demokratiya yolunda yeni səhifədir. Azərbaycan xalqı növbədənkənar prezident seçkilərində Cənab İlham Əliyevin siyasi gücünə. iradəsinə, gördüyü işlərə cavab verdi və layiqli Liderini yenidən seçdi..


"TƏKCƏ ÖLKƏLƏRİMİZİN MƏNAFEYİ NAMİNƏ DEYİL, HƏM DƏ QİTƏMİZDƏ SÜLH VƏ SABİTLİK ÜÇÜN BU ƏLAQƏLƏRİ BİRLİKDƏ DƏRİNLƏŞDİRƏCƏK VƏ İNKİŞAF ETDİRƏCƏYİK"


Azərbaycan Prezidenti İlham Əliyevə dünya ölkələrinin pezidentləri tərəfindən edilən təbrik zəngləri, eləcə də, ünvanlanan təbrik məktublarının ardı-arası səngimir. Çex Respublikasının Prezidenti Petr Pavel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edərək Çex Respublikası ilə Azərbaycan Respublikası arasında sıx münasibətlər və dostluq əlaqələrinin uzun tarixə malik olduğunu bildirib. "İnanıram ki, biz təkcə ölkələrimizin mənafeyi naminə deyil, həm də qitəmizdə sülh və sabitlik üçün bu əlaqələri birlikdə dərinləşdirəcək və inkişaf etdirəcəyik" – deyə bildirib.

"AZƏRBAYCAN RUMINİYA ÜÇÜN CƏNUBİ QAFQAZ REGİONUNDA STRATEJİ, YAXIN VƏ ETİBARLI TƏRƏFDAŞDIR"

Rumıniyanın Prezidenti Klaus Verner İohannis isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibətilə təbrikini çatdıraraq, davamlı uğurlar arzulayıb. Rumıniya ilə Azərbaycan arasında həm ikitərəfli, həm də regional miqyasda davam edən çoxsaylı layihələrin qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğunu nümayiş etdirdiyi qeyd olunur. "Azərbaycan Rumıniya üçün Cənubi Qafqaz regionunda strateji, yaxın və etibarlı tərəfdaşdır. Mən bu vəsilə ilə Rumıniyanın strateji tərəfdaşlığımızın möhkəmlənməsinə və dərinləşməsinə sadiqliyini bir daha təsdiqləyirəm. Rumıniya və Azərbaycanın davamlı səylərlə enerji, nəqliyyat, təhsil, ticarət və investisiyalar kimi xüsusi önəm daşıyan sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından tam yararlanacağına əminəm. Eyni zamanda, Rumıniya Azərbaycan ilə Avropa İttifaqı arasındakı dialoqun davamlı və hərtərəfli inkişafı üçün fəaliyyətini davam etdirəcəkdir. Bu fürsətdən istifadə edərək Zati-alinizi ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirmək məqsədilə bu il Rumıniyaya rəsmi səfərə dəvət edirəm" – deyə bildirib.

Qeyd edək ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Azərbaycan və Rumıniya uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Siyasi əlaqələrimiz də çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir. Ölkələrimiz arasında mədəni əlaqələr getdikcə genişlənir. Bakıda "Azərbaycan - Rumıniya dostluq cəmiyyəti", Buxarestdə isə "Rom-Azer" Rumıniya-Azərbaycan dostluq cəmiyyəti fəaliyyət göstərir. Regional və beynəlxalq təşkilatlarda Azərbaycan və Rumıniya yaxından əməkdaşlıq edirlər. Hazırda Rumıniya-Azərbaycan iqtisadi münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Belə ki, enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm və digər sahələrdə Azərbaycan-Rumıniya əməkdaşlığı ildən-ilə genişlənməkdədir.

"SÜLH, SABİTLİK VƏ FİRAVANLIQ PERSPEKTİVLƏRİNİN TƏŞVİQİ ÜZRƏ BİRGƏ İŞİ DAVAM ETDİRƏ BİLƏCƏYİK"

Azərbaycana dost ölkələrdən olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarelladan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Respublikanın Prezidenti vəzifəsinə yenidən seçilməyi münasibətilə səmimi təbriklər ünvanlanıb. "Roma və Bakı dərin dostluq və qarşılıqlı əməkdaşlıq sahələrinin getdikcə daha da genişləndirilməsinə yönəlmiş, ümumi öhdəliklə möhkəmləndirilmiş həqiqətən də strateji və çoxşaxəli tərəfdaşlığa malikdir. İnanıram ki, kəskin şəkildə şiddətli münaqişələr və narahatedici gərginliklə səciyyələnən bir mərhələdə prinsipial əhəmiyyətə malik kəsişmə nöqtəsi olan bütün Qafqaz regionu üçün sülh, sabitlik və firavanlıq perspektivlərinin təşviqi üzrə birgə işi davam etdirə biləcəyik", - deyə bildirib. O da qeyd olunub ki, Azərbaycan ilə Avropa İttifaqı arasında konstruktiv etimadın və əməkdaşlıq əlaqələrinin inkişafı bu yolun tərkib hissəsidir və İtaliya bunun üçün hərtərəfli dəstəyini əsirgəməyəcək.

Dünya ölkələri sırasında İtaliya ölkəmiz üçün mühüm tərəfdaşlardan birinə çevrilib. Azərbaycanla İtaliya arasında əlaqələrin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr var. Son illərdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən, siyasi-iqtisadi, ticarət, qanunvericilik, mədəniyyət, elm-təhsil sahələrində nailiyyətlər əldə olunub. Ölkə başçılarının qarşılıqlı rəsmi səfərləri mövcud münasibətlərin inkişafını daha da yüksəltmişdir. Səfərlər çərçivəsində bir çox razılaşmalar və strateji tərəfdaşlıq haqqında mühüm sənədlər imzalanıb.

Bu gün ölkəmizdə İtaliya şirkətləri uğurla fəaliyyət göstərir. İki ölkənin gəncləri arasında da çox gözəl münasibətlər formalaşıb, universitetlər və digər mədəniyyət mərkəzlərinin əlaqələri getdikcə dərinləşir. Bu Azərbaycan – İtaliya arasında əməkdaşlıq, tərəfdaşlıq əlaqələrinini göstəricisidir. Əlbəttə ki, siyasi münasibətlər və strateji tərəfdaşlıq, iqtisadi-ticarət sahəsində əməkdaşlıqda mühüm rola malikdir. İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır.

SİYASİ KURSA OLAN ETİMADIN BARİZ NÜMUNƏSİ

Ardı-arası kəsilməyən təbriklər sırasında Azərbaycana dost və qardaş dövlətlərdən Türkiyədən gələn təbriklərdə müstəsnadır. Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Erdən ünvanlanan təbrikdə qeyd olunur: "Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və şəxsən öz adımdan Sizi 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İlk dəfə olaraq seçkilərin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qardaş Azərbaycanın bütün ərazisində keçirilməsi mühüm tarixi hadisə kimi qiymətləndirilir.

Xalqın rifahına və ölkənin hərtərəfli inkişafına yönəlmiş məqsədyönlü və uğurlu siyasəti təmin etməyə, respublikanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməyə qadir lider kimi növbəti dəfə bu şərəfli vəzifəyə seçilməyiniz Azərbaycan xalqının Sizə və siyasi kursunuza olan etimadının bariz nümunəsidir. Bu xoş fürsətdən istifadə edərək, Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə və bütün təşəbbüslərinizdə uğurlar diləyirəm".

XALQININ RİFAHI NAMİNƏ FƏALİYYƏT

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və xalqınızın Zati-alinizə inamının bir daha təsdiqi münasibətilə Sizə səmimi təbriklərimizi və xeyir-duamızı çatdırmaqdan məmnunluq hissi duyuruq. Bəhreyn Krallığı və Azərbaycan Respublikası arasında bizim də diqqət yetirdiyimiz və yüksək dəyərləndirdiyimiz ikitərəfli münasibətlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Ölkələrimiz və xalqlarımızın maraqları naminə bu əlaqələri bütün sahələrdə möhkəmləndirmək istiqamətində Zati-alinizlə işləməyə ümidvarıq. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm". Bu fikirlər isə Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə tərəfindən ünvanlanıb.

Bu Azərbaycan Prezidenti İlham Əliyevin dünya dövlətləri ilə qurduğu qarşılıqlı etimad əsasında formalaşıb. Cənab Prezidentin qazandığı imic ölkəmizin beynəlxalq nüfuzunu yüksəldib. Prezident İlham Əliyevin apardığı düşünülmüş və gələcəyə hesablanmış beynəlxalq və sosial-iqtisadi siyasəti sayəsində Azərbaycan qısa bir zamanda böyük inkişaf yolu qət edib. Azərbaycanın son illər ərzində böyük dünya əhəmiyyətli transmilli layihələrə imza atması, karbohidrogen yataqlarından istehsal olunan neft və qazın Avropaya və dünyaya çatdırılmasının şaxələndirilməsi, Cənub Qaz Dəhlizində aparılan möhtəşəm tikinti işləri, Bakı-Tiblisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub, Qərb-Şərq nəqliyyat dəhlizlərindən istifadə imkanlarımızın genişlənməsi ölkəmizin dünya üçün cəlb ediciliyini daha da artırıb. Bu və ya digər amillər ölkəmizin dünyada dostlarının, tərəfdaşlarının sayını artırır.

Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər seçkilərindəki qələbəsi ölkəmizin daha işıqlı gələcəyi üçün yeni imkanlar yaradıbdır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər