PDF Oxu

Siyasət

  • 2 039

Heydər Əliyev Fondunun milli sərvətlərimizə töhfəsi TƏHLİL

Heydər Əliyev Fondunun milli sərvətlərimizə töhfəsi TƏHLİL

İctimai-siyasi, mədəni həyatda aparıcı qüvvəyə çevrilmək, əməli fəaliyyətilə böyük nüfuza sahib olmaq, örnəyə çevrilmək böyük məsuliyyət və zəhmətin bəhrəsidir. Əlbəttə ki, vətənpərvərlik, vətənə bağlılıq insanı xalqı, milləti üçün böyük amallara xidmət etməyə sövq edir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın ictimai-siyasi, mədəni həyatında müstəsna rola malik olması onun vətənə bağlılığından irəli gəlir. Müstəqil Azərbaycanda Ümummilli Lider Heydər Əliyev ideyalarını davam etdirən və mövcud prinsiplər və ənənə ilə fəaliyyət göstərən Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyəti onu nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda belə əks-səda doğurub. Heydər Əliyev ideyalarını dəstəkləyərək, ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə fəaliyyətini davam etdirir.Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva hər zaman xalqın yanında olan onun problem və qayğıları ilə maraqlanan və onların çözülməsinə çalışaraq həqiqətən də insanların ümid, pənah yeridir. Xeyirxahlıq, haqq-ədalət ünvanıdır. Ulu Öndər Heydər Əliyev ideyalarını davam etdirən Fondun şaxəli fəaliyyəti Azərbaycanın sosial, iqtisadi, mədəni həyatında əks-səda doğuraraq, birmənalı qəbul edilir. Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyev haqqında belə deyir: "O, Vətəninə, müstəqil, çiçəklənən, qüdrətli Azərbaycanda xoşbəxt görmək istədiyi xalqına olan sonsuz sevgisini hər şeydən üstün tuturdu. Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, niyyətləri həyata keçirilir. Ən başlıcası onun müqəddəs arzusu reallaşıb".
Heydər Əliyev Fondu Ulu Öndər Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, Azərbaycan xalqının maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək və s məqsədi ilə böyük layihələri reallaşdırır. Azərbaycanın tərəqqisi və xalqın rifahının yaxşılaşmasına xidmət edən genişmiqyaslı proqram və layihələr böyük rəğbətlə qarşılanır. Fondun humanitar missiyada fəaliyyət proqramlarının həyata keçirilməsi vətəndaşların qayğı və problemlərinin həllində müstəsnadır. Həyata keçirilən bütün layihələr vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsi, sosial rifahının yüksəldilməsi məqsədini daşıyır. Uşaq bağçalarının, orta məktəblərin, səhiyyə müəssisələrinin təmir və inşası, eləcə də, əqli, fiziki cəhətdən zəif, qüsurlu olan uşaqlara, yaşlı və kimsəsiz insanlara maddi və mənəvi dayaq olması, şəkərli diabet, böyrək çatışmazlığından əziyyət çəkənlərə pulsuz və yüksək səviyyədə yardım və kömək göstərilməsi Heydər Əliyev Fondunun qısa bir zaman məsafəsində gördüyü işlərin uğuru olaraq qəbul edilir.
"TOLERANTLIĞIN ÜNVANI – AZƏRBAYCAN"
Milli-mənəvi dəyərlərin qorunması və dini ziyarətgahların yenidən qurulması prosesinə fəal surətdə qoşulan Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində ölkədə bir neçə dini ocağın təmiri və yenidən qurulması həyata keçirilmişdir. Fondun təşəbbüsü ilə Gəncədə Comərd Qəssab və Cavad xan türbələri yüksək səviyyədə bərpa edilmişdir. Bu sırada paytaxtın Buzovna qəsəbəsində "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində əsaslı surətdə yenidən qurulan Cümə məscidi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidində əsaslı təmir və yenidənqurma işləri aparılmış, Qəbələdə isə yeni məscid inşa olunmuşdur.
Azərbaycanda bütün dövrlərdə, ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıblar. Bu gün də belədir. Müasir dünyamızda çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu, ən böyük sərvətlərdən biridir. Təsadüfi deyildir ki, son illər mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfələrini verir. Müasir dövrümüzdə Heydər Əliyev Fondu, nəinki Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına böyük əhəmiyyət verir. Fondun layihələrindən olan "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha ehtiva edir. Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətili işlərə imza atmışdır. Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və bu addım dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə yazıldı. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirmiş oldu. Heydər Əliyev Fondunun Fransanın Orn Departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etməsi də "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində reallığa çevrilib.
DİN-TARİXİ ABİDƏLƏRİMİZƏ YENİ HƏYAT VERİLİR
Ermənilər nə qədər vandallıq əməlləri törətsələr də, xalqımıza məxsus dini-mədəniyyət abidələrini dağıtmış olsalar da, bu abidələr, xarabazarlığa çevrilmiş yerlər yenidən bərpa olunur, onlara yeni həyat bəxş edilir. Görülən işlər hazırlanmış layihələr, şəhərlərin baş planı əasında sistemli olaraq reallaşır. Hər qarışında tariximizin izi olan bu ərazilərdə böyük bir xalqın izi, imzası vardır. 30 ilə yaxın işğal altında olan ərazilərimizdə sürətlə aparılan abadlıq və quruculuq işləri burada yeni müasir məkanlarımız olacağından xəbər verir. Əlbəttə ki, bu ərazilərdən erməni vandallarını izlərin silib atsaq da tariximizə, yaddaşımızda onların törətdikləri çirkin əməlləri silinməyəcək. İşğaldan azad olunan ərazilərimizdə yeni yolların çəkilməsi, yaşayış evlərin tikintisi və s. ilə yanaşı, din-tarixi abidələrimizə də yeni həyat verilir. Bildiyimiz kimi, işğaldan azad olunan ərazilərimizdə məscidlərdə təmir-bərpa işləri aparılır. Bu məscidlərin təmiri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Şuşada olan 17 bulağın 17-si də qurudulmuşdur və artıq Natəvan bulağı bərpa edilib. Ermənilər tərəfindən gülləbaran edilmiş Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri artıq öz isti nəfəsli torpağındadır. Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu. Bülbülün evinin açılışı oldu. Azad edilmiş ərazilərdə ümumilikdə 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi davam edir. Hazırda Zəngilanda məscidin daxili interyerində işlər davam etdirilir, o cümlədən ərazidə abadlaşdırma işləri aparılır. Layihənin 2024-cü ilin aprelində başa çatdırılması nəzərdə tutulur. Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidi istifadəyə verilib.
"BİZ DAĞIDILMIŞ ŞƏHƏRLƏRİ VƏ KƏNDLƏRİ BƏRPA EDƏCƏYİK"
Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Məscidin müəllifi məşhur memar Kərbəlayi Səfixan Qarabağidir. Minarələrinin ornamentləri və otaqların divar rəsmləri Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabaği tərəfindən işlənib. Burada bərpa işlərinə 2021-ci ilin sonlarından başlanılmışdı. Şuşa şəhəri işğal altında olduğu müddətdə Yuxarı Gövhər Ağa məscidi ermənilər tərəfindən dağıdılmışdı. Şəhər işğaldan azad edildikdən sonra məsciddə başlanılan konservasiya və bərpa işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə ilkin memarlıq üslubuna uyğun aparılıb. Layihə "PAŞA Holding"in maliyyə dəstəyi ilə həyata keçirilib.Şuşa şəhərindən Bakıya gətirilmiş sal qaya parçalarından emalatxanada pəncərə haşiyələrinin daş kəsimi və fiqur hazırlanması işləri aparılıb. Minarələrin boya işləri və qoruyucu qatın tətbiqi yekunlaşıb, məscidin dam örtüyünün qurulması həyata keçirilib.Bərpa işləri mədrəsə binasını da əhatə edib. Məscidin mədrəsə hissəsində taxta dam konstruksiyanın qurulması işləri tamamlanıb. Mövcud döşəmə örtüyünün sökülməsi və qalıqların təmizlənməsi işləri başa çatdırılıb. Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir.Mehriban xanım Əliyeva hazırda dövlət qarşısında azad olunmuş ərazilərin canlandırılması və azərbaycanlı keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifənin dayandığını bildirib: "Biz bunun öhdəsindən gələcəyik. Biz dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəyik. Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik".

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər