Andrey Serdyukov: "KTMT Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialı görür, vəziyyəti normallaşdırmaq üçün sülh müqaviləsi tələb olunur"
Ermənistanın şərti sərhəddə törətdiyi təxribatdan sonra KTMT-nin Baş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov maraqlı proqnozlar irəli sürüb.
O, bununla yanaşı Qərbə eyham vuraraq deyib: “Ayrı-ayrı dövlətlər tərəfindən Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin ehtiyatları və Orta Asiyaya birbaşa çıxış imkanlarını təmin etmək cəhdləri var. Bu məqsədlə digər məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan sərhədinin yüksək münaqişə potensialından fəal istifadə olunur. Sülh sazişinin bağlanması vəziyyətin gələcək nizamlanmasında mühüm olaraq qalacaq”.
Serdyukovun sözlərinə görə, Qərb Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, Bakı ilə İrəvan arasında münaqişədən sonrakı nizamlanmaya təsir göstərməyə çalışır.
Bu ara Ermənistanda hərbi-siyasi cəbhədə vəziyyət gərgin həddə çatıb. Sözügedən təxribatlar sonra general-mayor Kamo Koçunts Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilib.
Bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan fərman imzalayıb.
Belə ki, Xaçaturyan generalı baş nazir Nikol Paşinyanın təqdimatı əsasında vəzifəsindən uzaqlaşdırdığını deyib.
Koçuntsun yerinə isə Sarkisyan adına hərbi universitetinin rəisi Artur Yeroyan təyin edilib.
Xatırladaq ki, “Hraparak” qəzeti bundan əvvəl Paşinyanın Rusiyanın təsir dairəsində olan yüksək vəzifəli hərbçiləri ordudan uzaqlaşdıracağını yazmışdı. Nəşr bu baxımdan Kamo Koçuntsun da hədəfdə olduğunu bildirmişdi.
Generalın postundan uzaqlaşdırması Ermənistan ordusunun sərhəddə Azərbaycanın mövqelərinə qarşı təxribatından sonraya təsadüf etməsi məsələsi də ayrıca diqqət çəkir.
Qeyd edək ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlum təxribata cavabı sərt olub. Nəticədə təxribatçı tərəfin 4 hərbçisi (sonradan daha biri) və postu yerləbir edilib.
Afət Tahirqızı