PDF Oxu

Siyasət

  • 2 063

Ekspert: Azərbaycan-Ermənistan sərhədində eskalasiya Qərbin sifarişidir - ŞƏRH

Ekspert: Azərbaycan-Ermənistan sərhədində eskalasiya Qərbin sifarişidir - ŞƏRH

İki gün əvvəl Azərbaycanla Ermənistan arasında təxminən 4 aylıq sakitlikdən sonra ilk dəfə atışma olub. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu istiqamətində yerləşən mövqelərdən Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nərkin-And qəsəbəsi istiqamətindən Azərbaycan sərhəd qoşunlarının mövqeləri atəşə tutulub. Nəticədə bir azərbaycanlı hərbçi yaralanıb. Bu gün səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, fevralın 12-də saat 20:50 və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzun Koxanəbi kəndi istiqamətində Azərbaycan ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub. Ermənilərin təxribatına cavab olaraq Azərbaycan “Qisas əməliyyatı” keçirib. Nəticədə, erməni tərəfi öz tərəfində 4 əsgərin öldüyünü və bir əsgərin yaralandığını bildirib.

Eskalasiya niyə baş verdi və bunun arxasında kim dayanır- Müasir Dövlət İnkişaf İnstitutunun direktoru Dmitri Solonnikov bu məsələni “Moskva-Baku” portalına şərh edib. Politoloqun fikirlərini oxucularımıza təqdim edirik.

- Dmitri Vladimiroviç, sizcə, sərhəddə niyə qəfil eskalasiya baş verdi?

- Doğrudan da, təxminən son dörd ay ərzində hər şey sakit və yaxşı idi. Ənənəvi sual budur ki, təşəbbüskar kimdir və sizin dediyiniz kimi, bu niyə baş verib. Burada bir neçə variant var. Baş verənlər Ermənistan hakimiyyətinin işi ola bilər. Çünki sülh prosesində status-kvonu saxlamaq və Azərbaycanla sülh sazişi imzalamaqdan yayınmaq Paşinyana sərfəlidir. Ermənistan dövlətinin başçısı belə bir sənədi imzalayan kimi vəzifəsindən uzaqlaşdırılacağından ehtiyat edir. Ona görə də o, sülh sazişinin imzalanmasını ləngidir, eyni zamanda, ənənəvi təxribatçı və tamamilə saxta bəyanatlar səsləndirir (məsələn, ötən gün Britaniya nəşrinə müsahibəsində), guya günahkar Azərbaycandır, sülh prosesini əngəlləyir və ona görə danışıqlar aparılmır.

Maraqlıdır ki, Ermənistanın baş naziri sözün əsl mənasında eskalasiyadan əvvəl buludları yığıb “doldurur”, informasiya “gündəmi” hazırlayır, guya Bakı istənilən qonşusuna hücum edə bilərdi. Görünür ki, erməni tərəfi son təxribat üçün zəmin hazırlayırdı.

Həmçinin, baş verənlər erməni millətçi yaraqlıları ilə əlbir olan hərbi komandirlərin təşəbbüsü ola bilər. Gərginliklə bağlı erməni KİV-ləri yazır ki, onların məlumatına görə, orada məhz “Yerkrapa” adlı strukturun yaraqlıları iştirak edib. Bu struktura 90-cı illərdə Azərbaycan ərazilərinin işğalında iştirak etmiş şəxslər daxildir. Yanvarın sonunda isə bu yaraqlıların başçısı iddia etdi ki, onun adamları, təxminən 10 min nəfər Ermənistan-Azərbaycan sərhədində yerləşdirilib.

Ermənistandakı radikallar, xüsusən də keçmiş Qarabağ döyüşçüləri təbii ki, özlərinin məğlubiyyəti və Qarabağın itirilməsi ilə barışa bilmir və onlar üçün heç nəyin bitmədiyini nümayiş etdirərək vəziyyəti gərginləşdirməyə çalışırlar. Axı bütün bu yaraqlılar, bütövlükdə, Qarabağdan köçüb, Ermənistana yerləşiblər.

Biz dəfələrlə müşahidə etmişik ki, Ermənistan hakimiyyəti öz silahlı qüvvələrinə, eləcə də birləşmələrinə nəzarət etmir. Oxşar vəziyyəti dünən Ermənistan Müdafiə Nazirliyinin mətbuatın eskalasiya ilə bağlı sorğusuna cavabında tərəddüd etməsi də göstərə bilər: onlar əvvəlcə hər hansı atəş barədə heç nə bilmədiklərini bildirdilər. Və yalnız bundan sonra bu hücumları təkzib etməyə başladılar. Daha sonra Azərbaycanı eskalasiyada ittiham etdilər. Və ittihamlar başladı ki, guya bunu Azərbaycan başlayıb. Və nəticədə bu gün Ermənistan Xarici İşlər Nazirliyi də bu xora qoşularaq, hər şeyi sanki Azərbaycan sülh prosesinə xələl gətirirmiş kimi şərh etdi.

Və eskalasiyada Qərbin mümkün iştirakını göstərən çox şey var. Xatırlayırıq ki, ötən ilin sentyabrında Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra ABŞ və Aİ-nin bəzi strukturları ilə münasibətlər daha da pisləşdi. Çünki Azərbaycan özünə qarşı təzyiqlərə dözməyi dayandırdı və bu qüvvələrin Azərbaycan əleyhinə bəyanatlarına açıq şəkildə cavab verməyə başladı. İndi İlham Əliyevin seçkilərdə qələbə çalmasından sonra ABŞ, Almaniya, Böyük Britaniya kimi dövlətlərin onlara heç bir reaksiya vermədiyini gördük. Və Aİ və ABŞ-ın Azərbaycandakı səfirliyi ATƏT-in DTİHB-nin seçkiləri rəqabətsiz adlandırdığı qənaətini dəstəkləyib, baxmayaraq ki, seçkilərdə 7 namizəd iştirak edib.

Daha sonra dünən Avropa İttifaqının səfiri Aİ-nin Ermənistandakı missiyasının təxribat xarakterli fəaliyyəti, eləcə də Azərbaycan Respublikasının sərhədi yaxınlığında “azmış” Çexiya vətəndaşının qəribə əhvalatı ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Bundan əlavə, bu gün Brüsseldə Aİ-Ermənistan Şurasının iclasının baş tutması, ondan əvvəl Ermənistan XİN rəhbərinin kifayət qədər sayda Avropa rəsmiləri ilə görüşməsi diqqət çəkir. Görüş çərçivəsində bu Cənubi Qafqaz respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunur. Və Azərbaycanın guya “təşkil etdiyi” belə bir eskalasiyanı Avropa platformasında özünə qarşı “təcavüz” kimi təqdim etmək çox əlverişlidir. Üstəlik, dünən Aİ missiyasının yerləşdiyi ərazidə eskalasiya baş verib. Deməli, Ermənistanı dəstəklədiyini göstərmək istəyən, Azərbaycana təzyiq göstərməyə və regionu sabitliyi pozulmuş vəziyyətə qaytarmağa çalışan Qərbin burada əli ola biləcəyini göstərən çox şey var. Azərbaycanın mövqelərini atəşə tutan Ermənistan tərəfi olması faktdır, lakin Avropa platformasında heç kim bu barədə danışmayacaq.

Nə İrəvan, nə erməni radikalları, nə də Qərb sakitləşməyəcək. Və Azərbaycanı qarşıda çoxlu təxribatlar gözləyir. Bu gün hər üç tərəf bu eskalasiyanın arxasında bərabər “şübhəli”dir.

Yeri gəlmişkən, Azərbaycan ilk dəfə deyil ki, Aİ missiyasının təhrikinə diqqət çəkir. Bugünkü dünyanın aydın sərhəd xətti var- “Siz kiminləsiniz, mədəniyyət ustaları”, Maksim Qorkinin məqaləsinin adı belə idi. Qərbdə buna belə baxırlar: “Sən kiminləsən? İndiki qarşıdurmada ABŞ və Avropanı dəstəkləyirsinizmi? Əgər belədirsə, o zaman özünüzü müəyyən tərzdə aparmalı və burda kimin böyük olduğunu bilməlisiniz”. "Kin-dza-dza" filmində olduğu kimi: iki dəfə "ku", çömbəlmək və düzgün əmrlərə əməl etmək. Əgər siz ABŞ-ı və Aİ-ni dəstəkləmirsinizsə, bizə qoşulmursunuzsa ( Azərbaycan da qoşulmur), deməli, qarşı tərəfdəsiniz. Və sizə buna uyğun davranılacaq”.

Qərbdən ölkələrə təzyiq göstərir, qorxudurlar, ümid edirlər ki, potensial “tabelikdə olanlar”ın “ağılları başlarına gəlsin” və “burada kimin məsul olduğunu” tanısınlar və onda birqütblü dünyanın əvvəlki sisteminə qayıdacaqlar. Bu, Azərbaycanda alınmır. Qərbin təəccübünə səbəb odur ki, o, Vaşinqton və Brüsselə qulaq asmır. Bu o deməkdir ki, onlar Bakını daha da cəzalandırmağa çalışacaqlar. Onlar sanksiyalarla hədələyəcəklər: birincisi, informasiya xarakterli- əgər onlar həqiqətən də bizneslə məşğul olsalar,- sonra siyasi, sonra isə iqtisadi.

Azərbaycan bu gün heç kimə uyğunlaşmağı lazım görmür. Amma Qərb buna dözə bilməz.

- Bu qədər təzyiq olduğu halda, Azərbaycan bu vəziyyətin öhdəsindən necə gələcək?

- Nə qədər ki, öhdəsindən gəlir, subyektivliyini, milli maraqlarını müdafiə etməyi bacarır. Bu, iradənin təzahürüdür, hikmətin təzahürüdür.

- Dünən Ermənistan XİN-in saytından Qarabağ münaqişəsi ilə bağlı məlumatların və separatizmə istinadların yoxa çıxması barədə məlumat yayılıb. Bu gün Ermənistan XİN dedi, deyirlər, belə bir şey yoxdur, biz hər şeyi qaytaracağıq. Bu hansı oyundur? Xüsusən də Ermənistanın Konstitusiyaya dəyişiklik etməsi mövzusu baxımından Azərbaycana ərazi iddialarına dair bütün istinadları oradan çıxarır.

- Bu, bir daha Ermənistan hakimiyyətinin bu və ya digər istiqamətdə qıvrılmasını, bundan sonra necə yaşayacaqlarına tam qərar vermədiklərini nümayiş etdirir... Bir addım irəli, iki addım geri...

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər