PDF Oxu

Siyasət

  • 2 207

Zəfər seçkisinin qalib lideri TƏHLİL

Zəfər seçkisinin qalib lideri TƏHLİL

Azərbaycan xalqı Fateh Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni qələbələr əldə edəcək

Azərbaycan xalqı çox qürurverici, fəxarət hissi keçirən zaman yaşayır. 30 il erməni işğalı altında olmuş torpaqlarımızın azadlığa qovuşmasının ardınca Fateh Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində yenidən Prezident seçilməsi ilə müstəqil dövlətimizin Zəfərlərə doğru inamla irəlilədiyini nümayiş etdirir. Seçkilərdə möhtəşəm qələbə qazanmaqla Prezident İlham Əliyev daha böyük gələcəyə təminat verə bilən lider olduğunu təsdiqləmiş oldu. Fevralın 13-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib. İclasda 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev müvaqfiq qərarı elan edib. Qərara müvafiq olaraq İlham Heydər oğlu Əliyev növbəti 7 il müddətində Azərbaycanın Prezidenti seçilmiş hesab edilib. F.Abdullayev qərarı elan edərkən bildirib ki, Konstitusiya Məhkəməsi Plenumu maraqlı tərəflərin iştirakı ilə Azərbaycan Konstitusiyasına daxil olan protokolda olan məlumatları ümumiləşdirərək yoxlayıb. Prezident seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının protokolu Seçki Məcəlləsinin müddəalarına uyğun gəlir. İlham Əliyev səslərin 92,12 faizini topladığı üçün Prezident elan edilib.Bu parlaq qələbə həm də onu göstərdi ki, qədirbilən Azərbaycan xalqı görülən işləri, həyata keçirilən möhtəşəm uğurları, qələbələri yüksək qiymətləndiri. Bu baxımdan xalqımız 2003, 2008, 2013 və 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində olduğu kimi 2024-sü il fevralın 7-də də keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyevin siyasətinin ən layiqli varisi, Fateh Sərkərdə, Ali Baş Komandan İlham Əliyevə səs verməklə sabitliyə, əmin-amanlığa, tərəqqi və quruculuğa səs verdi. Azərbaycan xalqı əmindir ki, bugünkü uğurlar, qələbələr Cənab İlham Əliyevin rəhbərliyi ilə davamı gələcək. Yəni Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşıdakı illərdə də yeni uğurlara imza atacaq, yeni-yeni zirvələr fəth edəcək. Bu siyasətin davam etiriləcəyini 7 fevral növbədənkənar prezident seçkilərinin qalibi olması ilə bağlı fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimi zamanı Prezident İlham Əliyev bir daha qeyd etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!”. Daha sonra Prezident İlham Əliyev müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içdi: “Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam”.

Tarixin qürurverici anları

Bugünkü möhtəşəm qələbələr bir daha təsdiq edir ki, Prezident İlham Əliyev hələ 2003-cü il də xalq qarşısında verdiyi verdiyi bütün vədləri yerinə yetirib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Prezidenti seçilməsi ilə əlaqədar fəaliyyətə başlayan cənab İlham Əliyev andiçmə mərasimində ona göstərilən etimada görə xalqına minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Ulu Öndər Əliyevin uğurlu siyasətinə sadiq qalacağını bir daha bəyan etdi: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
Azərbaycan Prezidenti İlham Əliyev 20 illik fəaliyyəti dövründə ölkəmizin bütün sahələrdə sürətli inkşafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi-iqtisadi imkanları genişləndirilib, güclü, qüdrətli ordu yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Əldə olunan qələbələr bir daha təsdiq edir ki, Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu müstəqli Azərbaycanın sükanı əmin əllərdədir. Bu gün ölkəmiz nüfuzlu beynəlxalq təşkilatların fəal üzvüdür. Müstəqillik yolu ilə inamla addımlayan respublikamız dünyada baş verən demokratikləşmə və əməkdaşlıq prosesində yaxından iştirak edən dövlət kimi dünya birliyinin tərkib hissəsinə çevrilib. Prezident İlham Əliyev apardığı müdirik siyasəti, bilik və bacarığı, Sərkərdəlik məharəti ilə Azərbaycanı daha da güclənməsinə, inkişaf etməsinə nail olub. Bu yer də 20003-cü ildə keçirilən prezident seçkiləri ərəfəsi Dahi Öndərimiz Heydər Əliyevin xalqa etdiyi tarixi müraciəti yada düşür. Ulu Öndərimiz xalqa müraciətində demişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Həmin il oktyabrın 15-də keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu Cənab İlham Əliyevə etimad göstərmişdi. Bununla da Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətinin alternativin olmadığını göstərdi. Həm də xalqımız sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi. Sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, uğurlu siyasət xalqın qərarının müdirik bir qərar olduğu təsdiqləndi. Xüsusilə də 30 il işğal altında olmuş torpaqlarımızın azad edilməsi qazanılan qələbələrin zirvəsi oldu. 2023-cü il oktyabrın 15-də Yenilməz Sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyev üçrəngli bayrağımızı Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltdı, noyabrın 8-də isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi şəhərində qələbə paradı keçirildi. Oktaybrın 15-də Xankəndidə Azərbaycanın üçrəngli bayrağının ucaldılması mərasimi zamanı xalqa müraciətində Prezident, Ali Baş Komandan İlham Əliyev demişdir: "İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır", Prezident İlham Əliyev onu da qeyd etdi ki, Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır: “Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir”.

Böyük qayıdış işğaldan azad edilən ərazilərə yeni nəfəs gətirir

İşğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı quruculuq abadlıq işləri fonunda insaların o ərazilərə keçirilməsi də həyata keçirilir. 2024-cü il üçün dövlət büdcə layihəsinə əsasən, Böyük Qayıdış layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclər 3.5 milyard manat vəsait ayrılıb. Ümumiyyətlə, büdcədən 2021-ci ildə bərpa prosesinə 2.2 milyard, 2022-ci ildə 2 milyard 670 milyon manat nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, 2021-2024-cü illər ərzində Qarabağ və Şərqi Zəngəzurunun bərpa və yenidənqurmasına yalnız dövlət büdcəsindən 12 milyard manat vəsait ayrılır. İlkin olaraq 7,4 milyard manat vəsait bu istiqamətə nəzərdə tutulmuşdu. Sonradan isə əlavə gəlirlərin bu istiqamətə yönəldilməsi nəzərdə tutuldu, həm də hansısa dövlət qurumunda olan qənaət də bu istiqamətə yönəldilir. Bunların sayəsində bu vəsait 7,4 milyard manatdan 12 milyard manata qədər artıb. Ona görə də dövlət büdcəsində hər hansı əlavə gəlir yaranarsa, büdcə qaydasında ziddiyyət təşkil etmədiyi təqdirdə, azad olunmuş ərazilərin bərpasına yönəldiləcək. Ümimiyyətlə, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarından birində bildirmişdir ki, üç il əvvəl, Vətən müharibəsi başa çatdıqdan dərhal sonra işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri başlandı: “Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur: "Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur".

Mövcud fakt və reallıq ondan ibarətdir ki, Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərin bərpasına və insanların öz yurd-yuvalarına qayıdışına xüsusi diqqət göstərir. Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən ərazilər tez-tez səfərlər etmələri və bu səfərlər zamanı yeni müəssisələrin təməlinin qoyulması, açılışların keçmiş qaçqın və məcburi köçkünlərin qısa müddətdə öz evlərinə qayıdışının təmin edilməsinə göstərilən qayğının göstəricisidir. Prezident İlham Əliyev Laçına köçürülüən bir qrup sakinlərlə görüşündə bildirdi: “Siz köçkün deyilsiniz, siz qayıdırsınız. Biz sizi qaytaracağıq! Məcburi köçkünlərin problemlərinin həlli Prezident kimi mənim ən başlıca vəzifələrimdən biridir. Digər tərəfdən, özəl sektor artıq sosial məsuliyyət göstərərək belə gözəl imkanlar yaradır”. Göründüyü kimi, Prezident İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. Və arzuları gerçəyə çevirəcək Böyük Qayıdışa dair I Dövlət Proqramında əks olunan hədəf, məqsəd və vəzifələrin icrası bölgədə məskunlaşacaq əhalinin layiqli həyat şəraitini təmin edəcək və bu nəzərdə tutulan tədbirlər strateji hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcəkdir. Həm də dünya bir daha şahidi olacaq ki, Prezident İlham Əliyev hər zamankı kimi verdiyi vədləri uğurla gerçəkləşdirən qətiyyətli liderdir və Azərbaycan düzgün yoldadır, uğurlu gələcəyə inamla addımlayır. Bir sözlə, Prezident İlham Əliyev əməli ilə bir daha göstərir ki, bu sözləri heç də söz xatirinə söyləməyib. Prezident kimi Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyev bu gün başladığı işlərlə Qarabağın əvvəlki şöhrətini özünə qaytaracağını dünyaya nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyev "Laçın Şəhəri Günü" ilə əlaqədar keçirilən bayram tədbirində çıxışı zamanı bildirdi ki, bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz: “Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik”.
Əminliklə demək olar ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin liderliyi ilə müstəqil ölkəmiz bundan sonra da yeni-yeni zəfərlərə imza atacaq, dövlətimiz daha güclü olacaq, xalqımızın sosial rifah halı daha da yaxşılaşacaq.

Eldar İbrahimov
Milli Məclisin İntizam Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü

Digər xəbərlər