Məlumdur ki, dünən Abşeronda itkin düşən məktəbli qızlar Kürdəmirdə tapılıb. Yetkinlik yaşına çatmayan azyaşlı itkin qızların şəkilləri müxtəlif media orqanlarında açıq şəkildə paylaşılmış və bu media nümayəndələri arasında qərəz doğurmuşdu. SİA mövzu ilə bağlı media eksperti Azər Həsrətin fikirlərini öyrənib.Azər Həsrət bildirib ki, çox təəssüflər olsun ki, jurnalist həmkarlarımız bu məsələlərdə həssaslıq göstərmirlər: "Birincisi onu qeyd etmək lazımdır ki, bu cür məsələlərlə bağlı polis bir qayda olaraq adları açıqlayır, məlumatı mediaya ötürür. Mediada çalışan həmkarlarımız da ağına-bozuna baxmadan yeniyetmələrin, yəni həddi büluğa çatmamış 18 yaşdan aşağı uşaqların ad soy adlarını, şəkillərini olduğu kimi təqdim edir. Hətta oxuduqları məktəb və bu məktəbin sinfi belə qeyd olunur. Bununla da o uşaqlara əlavə "travma" yaşadırlar. Nəzərə almırlar ki, həmin uşaqlar bu cür təqdim edildikdən sonra həyətdə, məktəbdə, cəmiyyət içərisində onlarla bağlı xoşagəlməz hallar yaşana bilər. Əslində, normal jurnalistikada bütün bunlar yolverilməzdir. Ona görə də belə məlumatlar mətbuata sızdırıldıqda müvafiq dövlət qurumları da informasiyanın çılpaqlıqla yayılmaması üçün tədbir görməlidirlər. Ümumiyyətlə isə məsələ aktual olduğu üçün DİN, Ombudsman, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsi, Elm və təhsil nazirliyi, Mətbuat Şurası birlikdə tədbir keçirməlidir. Bu qaydalar bir daha cəmiyyətin diqqətinə çatdırılmalıdır. Jurnalistlər də bundan sonra bu tip informasiya verdikdən sonra diqqətli olmalıdırlar. Zatən qaydalar da bunu tələb edir. Yeniyetmə uşaqlar haqqında, ümumiyyələ həddi-büluğa çatmamışlar haqqında neqativ informasiyalar olduqda onların üzü tanınmamalı, ad və soyadları da şərti verilməlidir. Amma təəssüflər olsun ki, həmkarlarımızın əksəriyyəti sensasiya arxasından qaçaraq uşaqlara bu həssaslığı göstərmirlər. Düşünürəm ki, müvafiq qurumlar yığışıb bütün mediaya bununla bağlı xəbərdarlıq etməlidir ki, belə informasiyaların verilməsi media etikasının pozulması kimi qiymətləndiriləcək və onlara qarşı tədbir görüləcək".
Ayşən Vəli