PDF Oxu

Siyasət

  • 2 382

Yola davam

Yola davam

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev and içdi

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Andiçmə mərasimində birinci xanım Mehriban Əliyeva, dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları iştirak ediblər. Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşılayıblar.

Qeyd edək ki, ümumxalq səsverməsinin nəticələrinə uyğun olaraq İlham Heydər oğlu Əliyev ilə Azərbaycan Respublikasının Prezidenti seçilib. Öncə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olunublar. F.Abdullayev çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2024-cü il 13 fevral tarixli qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan edib. Və sonra İlham Əliyev Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq andiçməyə dəvət olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində çıxış edərək xalqı bir daha əmin edib ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlindən gələni əsirgəməyəcək. Dövlətimizin başçısı prezident seçkilərində ona yenidən böyük etimad və dəstək göstərən Azərbaycan xalqına dərin təşəkkürünü ifadə edib.

Prezident: Bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır

"2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq. Müharibədən keçən dövr ərzində biz öz prinsipial mövqeyimizi bütün məsələlərdə göstərmişdik. Bildirilmişdi ki, Ermənistanın üzərinə götürdükləri bütün öhdəliklər yerinə yetirilməlidir. Ancaq vaxt keçdikcə yenidən bizə qarşı ərazi iddialarının irəli sürüldüyünü, onların yenidən çirkin əməllərindən əl çəkmək istəmədiklərini görürük", deyə dövlətimizin başçısı bildirib.

Separatçıların tabutuna vurulan son mismar

İndi yeni dövrün başladığını deyən dövlətimizin başçısı bildirib ki, biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq. İndiyədək qarşıya qoyulan bütün vəzifələr icra edilib. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub.

Prezident seçkilər zamanı səsvermə hüququndan işğaldan azad edilmiş Xankəndidə istifadə etməsinin səbəblərini də açıqlayıb. Bildirib ki, Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten sadəcə olaraq bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.

İlham Əliyev ordu quruculuğu prosesinin davam etdiriləcəyindən də danışıb. Dövlət büdcəmizdə ən böyük xərclərin hərbi xərclər, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı xərclərin olduğunu xatırladan Prezident ölkəmizin çox güclü hərbi sənaye kompleksi yaratdığını, artıq bunun birinci mərhələsinin başa çatdığını, ikinci mərhələnin isə daha genişmiqyaslı olacağını diqqətə çatdırıb. "Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir. Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz", deyə dövlətimizin başçısı qeyd edib.

İlham Əliyev Ermənistanla bağlanacaq sülh müqaviləsinə də aydınlıq gətirərək vurğulayıb ki, əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq. Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bizi birləşdirən ümummilli məsələnin Qarabağın azad edilməsi olduğunu xatırladan dövlətimizin başçısı qeyd edib: "Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır".

Prezident: Elə bir gənc nəsil yetişdirməliyik ki…

Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın. Bunu Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində bildirib. Dövlətimizin başçısı deyib ki, burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. "Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. Milli-mənəvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir", - deyə Prezident qeyd edib.

Dövlətimizin başçısı qeyd edib ki, çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi vəzifəsi dövlətin və hər bir ailənin qarşısında durur. "Bu seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda, heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz", - deyə Prezident vurğulayıb.

Prezident bildirib ki, biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq. Azərbaycan xalqının həmrəyliyinin əsas uğurlarımızdan biri olduğunu deyən dövlətimizin başçısı əlavə edib: "İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. ...Bu Qələbədə, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var".

Prezident: İslahatlar Azərbaycanda tamamilə yeni investisiya iqlimi yaradıb

Bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır. Bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində söyləyib. Dövlətimizin başçısı qeyd edib ki, əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. Əldə edilmiş razılaşmalar, imzalanmış kontraktlar yaxın bir neçə ildə özünü elə göstərəcək, sıçrayış elə böyük olacaq ki, bunu hər kəs görəcək. Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcək. Sosial sahədə vacib məsələlərdən biri şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsidir. Bu kateqoriyadan olan insanlara dövlət tərəfindən 14 min 800 fərdi ev və ya mənzil verilmişdir. "Bu kateqoriyadan olan insanların 100 faiz evlərlə təmin edilməsi prosesi sürətlə gedir, o cümlədən bu il və gələn il bu işlər görüləcək", - deyə dövlətimizin başçısı əlavə edib.

Bu gün istər sənaye inkişafı sahəsində, istər hərbi sənaye kompleksi sahəsində və ümumiyyətlə, hərbi sahədə texnoloji inkişaf və üstünlük böyük əhəmiyyət daşıyır. İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı zamanı bunu hər kəsin gördüyünü deyən dövlətimizin başçısı qeyd edib: "Təbii ki, Qələbəmizin əsas amili Azərbaycan döyüşçüsüdür. Düşməni məhv edən və Bayrağı azad edilmiş torpaqlara sancan insandır, əsgərdir, zabitdir. Ancaq texniki vasitələr az rol oynamır. Biz texniki vasitələr hesabına İkinci Qarabağ müharibəsindən minimum itkilərlə çıxmışıq".

Ənənəvi yanacaq növləri - neft-qaz sahəsində işlər davam etdiriləcək. Neft hasilatının sabitləşməsi istiqamətində işlər gedir, hesab edirəm ki, yaxın gələcəkdə nəticələr olacaq. "Bizə sabit neft hasilatı lazımdır və biz investorlar qarşısında bu vəzifəni qoymuşuq", - deyən dövlətimizin başçısı vurğulayıb ki, müəyyən narahatedici məqamlar olub və işgüzar qaydada təmaslar əsnasında bu məsələlərin həlli gözlənilir.

Azərbaycan Prezidenti: Türk Dövlətləri Təşkilatı bizim ailəmizdir

Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Azərbaycanın yürütdüyü siyasətin bunu aydın göstərdiyini vurğulayan dövlətimizin başçısı bildirib: "Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır". Biz bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Dövlətimizin başçısı qeyd edib ki, ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir.

Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu sözləri deyən Prezident İlham Əliyev bildirib ki, bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik. Biz bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur.

Dövlətimizin başçısı qeyd edib ki, ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili tamamilə Yer üzündən silmək üçün öz dəstəyimizi göstərdiyimizi və göstərəcəyimizi bildirən dövlətimizin başçısı vurğulayıb: "Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. ...Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar əminəm ki, peşman olacaqlar".

Beləliklə, dövlətimizin bünövrəsini möhkəm dayaqlar üzərində quran, Azərbaycanı yoxdan yaradan Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyev xalqımızı yeni-yeni uğurlara, işıqlı gələcəyə aparmaq, yeni üfüqlər kəşf etmək üçün hakimiyyət sükanının arxasındadır. Xalqımız üçün xeyirli və uğurlu olsun.

V.VƏLİYEV

Digər xəbərlər