AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV: “İndi yeni dövr başlayır, bu dövrün böyük nailiyyətləri olacaq”
7 fevral növbədənkənar prezident seçkiləri bir daha Azərbaycanda demokratiyanın təntənəsi olmaqla yanaşı, xalqımızın ulu öndər Heydər Əliyevin siyasətinə inamını, etimadını bir daha nümayiş etdirdi. Xalqımız son 20 ildə görülən işlərə öz yüksək qiymətini verdi. Bu müddətdə Azərbaycanın ayrı-ayrı sahələrdə əldə etdiyi uğurların miqyasına diqqət yetirdikdə harada yaşamasından, siyasi əqidəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı bundan yalnız və yalnız qürur duya bilər. Ərazi baxımından kiçik olan bir dövlətin bu gün möhtəşəm uğurları ilə dünyanın diqqətində olması, ən əsası inkişafın Azərbaycan modelindən bəhs edilməsi düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimində ötən 20 ili əhatə edən çox geniş, proqram xarakterli dərin məzmunlu nitqində ölkəmizin inkişafı, hədəfləri ilə bağlı mühüm mesajlar verdi. Prezident İlham Əliyev vurğuladı ki, bu seçkilərdə qazandığı qələbə Azərbaycanda xalq-iqtidar birliyinin, xalqımızın dövlət başçısına olan böyük etimad və sevgisinin növbəti parlaq təcəssümüdür. Heç də təsadüfi deyil ki, xalqımızın milli mənəvi dəyərlərini ən yüksək səviyyədə qoruyaraq şərəfli tarixi keçmişimizə böyük ehtiram göstərən, Azərbaycanın bu gününü məharətlə yaradan və parlaq gələcəyimizin uğurlu təməllərini formalaşdıran, ən mürəkkəb şəraitlərdə belə yalnız xalqımızın dəstəyinə güvənən lider kimi onun seçkilərdə qazandığı qələbə hər bir vətəndaşımıza sonsuz sevinc hissi bəxş edib.
SÖZÜ İMZASI KİMİ DƏYƏRLİ VƏ KEÇƏRLİ OLAN QALİB LİDERİN HƏDƏFİ: «GÜCLÜ AZƏRBAYCAN BİZİM HƏMİŞƏ HƏDƏFİMİZ OLUB»
«İndi yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq»,-deyən Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində onu da vurğulayıb ki, indiyədək qarşıya qoyulan bütün vəzifələrin icra edilib: «Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub». Bəli, dövlət başçımızın söylədiyi kimi: «Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik».
Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində xalqımızın dəstəyini hər zaman hiss etdiyini söyləyərək bu dəstəkdən güc aldığını bildirib: “İlk növbədə, prezident seçkilərində mənə yenidən böyük etimad və dəstək göstərən doğma Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm».
Sözü imzası qədər dəyərli və keçərli olan Prezident İlham Əliyev andiçmə mərasimində vurğulayıb ki, 20 ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir və 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə xalqı qarşısında götürdüyü bütün vədlərə əməl etdiyini bildirdi: «2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi».Dövlət başçımız andiçmə mərasimində bir daha bildirdi ki, 2003-cü ildə verdiyi bütün vədlər yerinə yetirildi və bu nailiyyətlərin mənbəyi isə Azərbaycan xalqıdır: «Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik».
«ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİ YALNIZ VƏ YALNIZ AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ ÖZ HƏLLİNİ TAPMALIDIR, HEÇ VAXT AZƏRBAYCAN XALQI ÖZ ƏRAZİSİNDƏ İKİNCİ ERMƏNİ DÖVLƏTİNİN YARADILMASINA İMKAN VERMƏYƏCƏK VƏ NƏYİN BAHASINA OLURSA-OLSUN BİZ ÖZ DOĞMA TORPAQLARIMIZI AZAD EDƏCƏYİK»
Azərbaycan Prezidenti verdiyi vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası olduğunu vurğuladı və andiçmə mərasimində çıxışında bildirdi ki, o vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə andiçmə mərasimində Ermənistan-Azərbaycan münaqişəsinin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: «O vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik: «O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik».Dövlətimizin başçısı bir daha vurğuladı ki, biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
PREZİDENT İLHAM ƏLİYEVDƏN ERMƏNİSTANIN HAVADARLARINA MESAJ: «GEDİN ÖZ İŞİNİZLƏ MƏŞĞUL OLUN»
Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqində Ermənistana növbəti mesajını verərək bir daha xatırlatdı ki, müharibədən keçən dövr ərzində prinsipial mövqeyimizi bütün məsələlərdə göstərmişdik. Ancaq vaxt keçdikcə yenidən bizə qarşı ərazi iddialarının irəli sürüldüyünü, onların yenidən çirkin əməllərindən əl çəkmək istəmədiklərini vurğulayan dövlətimizin başçısı bir daha Ermənistana növbəti mesajını verdi: «Ermənistan sanki İkinci Qarabağ müharibəsinin nəticələrini unutmuşdu. Bəlkə kimsə onlara müəyyən məsləhətlər də verirdi ki, bu öhdəliklər yerinə yetirilməsin».Dövlətimizin başçısı həmişə nəyi, nə vaxt və necə həll etdiyini yaxşı bilir. Andiçmə mərasimində çıxışında da bir daha vurğuladı ki, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq: «Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var».
«Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi»,-deyən Prezident İlham Əliyev vurğuladı ki, cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salınmışdır və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur olmuşlar. Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi: «Bununla da Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi. Bu, tarixi hadisədir və bu tarixi hadisə bizim çoxəsrlik tariximizdə xüsusi yerə malikdir».Dövlətimizin başçısı, həmçinin Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etmək, həmçinin iki ölkə arasında vasitəçilik etmək istəyənlərə də mesaj göndərib, bizə bu məsələdə vasitəçinin lazım olmadığını bəyan edib.Azərbaycan-Ermənistan normallaşması prosesinin beynəlxalq gündəlikdən düşməli olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bildirib: “Yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun. Biz öz məsələmizi həll etmişik”.
«ORADA VERDİYİM SƏS, O QUTUYA ATDIĞIM BÜLLETEN, SADƏCƏ OLARAQ, BÜLLETEN DEYİLDİ. BU, ERMƏNİ SEPARATÇILARININ TABUTUNA VURULAN SON MİSMAR İDİ»
Dövlət başçımız andiçmə mərasimidə çıxışında 7 fevralda keçirilən prezident seçkilərinin əsas əlaməti və xüsusiyyətini qed edərək bildirib ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir: «Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə səs verdiyim binada xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz səs verdiyim binanın önündə yerləşən meydanda erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Məhz o binada Qarabağı Azərbaycandan ayırmaq üçün hələ sovet dövründə xüsusi komitə yerləşdirilmişdi və o komitənin əsas məqsədi Qarabağı Azərbaycandan ayırmaq idi, bunu hər kəs bilir. Ona görə məhz orada otuz il bizim tarixi yerimizi, Pənahəli xan tərəfindən salınan o məkanı qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər, təbii ki, məcburən. Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi».
Bəli, Azərbaycan Prezidentinin söylədiyi kimi, indi yeni dövr başlayır. Bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq: «Təbii ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq. Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun!».
RƏFİQƏ KAMALQIZI