PDF Oxu

Siyasət

  • 3 055

Azərbaycan reallıqları yeni düzəndə - TƏHLİL

Azərbaycan reallıqları yeni düzəndə - TƏHLİL

Prezident İlham Əliyev: "Bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik"

Azərbaycan üçün artıq yeni bir dövr başlanılıb. Ərazi bütövlüyünü, suverenliyini təmin etmiş bir dövlətin müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş Zəfər seçkisindəki Qələbədən sonra ölkənin ictimai-siyasi, sosial-mədəni həyatı üçün yeni hədəflər müəyyənləşdirilib. Cənab İlham Əliyev 92,12 faiz səslə yenidən prezident seçkilərində qalib gəldi. Zəfərimizin, həmçinin ərazi bütövlüyümüzün və suverenliyimizin müəllifi olan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən xalq qalib Liderinə səs verməklə bir daha təsdiqlədi ki, xalq-Prezident birliyi, həmrəyliyi sarsılmazdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində yeni dövr üzrə müəyyənləşdirilən hədəfləri mesaj verdi. "Bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm" - deyən Prezident bildirib ki, iyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir.

Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 illiyi dövründə verilən hər bir vəd, qarşıya qoyulan vəzifələr yerinə yetirildi. Ötən 20 illik tariximiz Azərbaycanın böyük bir salnaməsini yaratmış, güclü iqtisadiyyata, dinamik inkişafa, dünya dövlətləri sırasında xüsusi imicə malik olan dövlət kimi öz imicini təsdiqləmişdir. Dövlət siyasətinin müasir modelini yaradan Azərbaycan Prezidenti İlham Əliyevin yüksək idarəçilik məharəti, milli maraqlara əsaslanan daxili və xarici siyasəti bütün sferalarda yüksək nailiyyətlərlə müşahidə olunur. "2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi" – deyə Prezident diqqətə çəkib.

"ƏLDƏ EDİLMİŞ BÜTÜN NAİLİYYƏTLƏRİN MƏNBƏYİ AZƏRBAYCAN XALQIDIR"

2003-cü ildən etibarən, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrində sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub. Müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri sırasındadır. Ölkəmizin siyasi, iqtisadi, sosial mənzərəsi göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz siyasi lider olduğunu təsdiqləyib. Ötən illər ərzində Azərbaycan xalqının təhlükəsizlik və sabitlik şəraitində yaşaması, uğurlu inkişafı hər bir Azərbaycan vətandaşında məmnunluq yaradır. "2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik" – deyən Prezident diqqətə çatdırıb ki, verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi: "O vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik".

"BU İL ƏN AZI 20 YAŞAYIŞ MƏNTƏQƏSİNƏ KEÇMİŞ KÖÇKÜNLƏR QAYIDACAQ"

Hərb meydanında sözünü deyən Azərbaycan bu gün quruculuq meydanında da imza atdığı lahiyələri ilə sözünü deyir. İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri davam etdirilir. Təbii ki, Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Önəmli vəzifələrdən biri olan Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi olduğunu bildirən Cənab Prezident görülən işlərin sürətlə aparılmasını tarixdə görünməmiş bir hadisə olduğunu bildirib: "Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq".

"İKİ BEYNƏLXALQ HAVA LİMANI AÇILIB, ÜÇÜNCÜSÜ DƏ LAÇINDA AÇILACAQ"

Zəfərdən üç il zaman ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərimizdə abadlıq və quruculuq işləri uğurla və davamlı şəkildə həyata keçirilir. Keçmiş məcburi köçkünlər öz əzəli torpaqlarına, doğma diyarlarına qayıdırlar. Bu gün işğaldan azad olunan ərazilərimiz abadlıq-quruculuq meydanına çevrilib. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. "Bütün sosial infrastruktur inşa edilir, xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpü, - 40 tunel və 90 körpü, - inşa edilir. Yəni, bu, sadəcə olaraq işin miqyasını göstərir, bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında açılacaq. Yəni, geniş quruculuq işləri görüləcək. Əlbəttə ki, köçkünlər üçün yeni evlər, bütün müasir şəhərsalma qaydalarına uyğun olan yaşayış yerləri qurulacaq və tarixi şəhərlərimizin tarixi siması bərpa ediləcək" – deyə dövlət başçımız bildirib.

SAĞLAM MALİYYƏ SİSTEMİMİZİN GÖSTƏRİCİLƏRİ

Bu gün işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilərə səfər etməsi və bərpa-quruculuq işləri ilə şəxsən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi görülən işlərin sürətini artırmaqla yanaşı, keyfiyyətinin də yüksək olmasından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında yollarının yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Bütün bunlar Cənab Prezidentin düşünülmüş siyasətinin məntiqi nəticəsidir. İnkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir. "Bütün bunlara nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir" - deyən Prezident diqqətə çəkib ki, bu ilin yanvar ayının nəticələri ümidvericidir: "Ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektorunda isə 12 faizdən çox artıb. Bu, ümidverici göstəricidir və onu göstərir ki, biz indi yavaş-yavaş öz iqtisadi templərimizi bərpa edirik. Müqayisə üçün deyə bilərəm ki, 2003-cü ildə bizim ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Yəni, bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. Bizim 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır və biz bu 20 il ərzində görün öz valyuta ehtiyatlarımızı nə qədər artırmışıq. Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb, bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 100 faiz, bəlkə də 140 faiz təşkil edir, bizdə isə 9 faizdən az. Yəni, bu, nəyi göstərir? Bizim sağlam maliyyə sistemimizin göstəriciləridir və bu, bizə imkan verir ki, biz müstəqil siyasət aparaq. Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır".

Zümrüd BAYRAMOVA

Digər xəbərlər