Dövlət başçısının imzaladığı yeni sərəncamlar şəhid ailələri və müharibə əlillərinə daha bir diqqətdir
Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin mərkəzində ölkə vətəndaşı, onun rifahının təminatı prinsipi dayanır və bunun nəticəsi olaraq ötən 20 ildə ölkəmiz güclü sosial siyasətə malik dövlət olaraq böyük inkişaf yolu keçib. Azərbaycan vətəndaşının maraqlarının, həyat səviyyəsinin keyfiyyətinin yüksədilməsi əsas hədəflərdən biri olaraq qarşıya qoyulmuşdur. Dövlətimizin başçısı ölkəyə rəhbərliyi dövründə hər bir azərbaycanlının Prezidenti olmağı bacardı. Cənab Prezident hər bir vətəndaşının problemini öz problemi, qayğısını öz qayğısı kimi qəbul edir və məhz buna görə, iştirak etdiyi bütün seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini və etimadını qazanır. "Sosial sahədə görülmüş işlər də göz qabağındadır. 2003-cü ildə bizim minimum əməkhaqqı, - bəlkə də çoxlarının yadında deyil, - 9 manat idi. İndi 345 manatdır. Əlbəttə ki, bu da yetərli deyil, ancaq dinamika var və dinamika davam edəcək. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. Əlbəttə ki, yenə də deyirəm, bu, bizi qane edə bilməz". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söyləyərkən bildirib. Ölkəmizdə son 20 il ərzində bütün sahələrdə olduğu kimi, sosial sahədə də sistemli və kompleks islahatların həyata keçirilməsi təmin edilib. Həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir. Həyata keçirilən müxtəlif tədbirlər, islahatlar və maliyyə təminatının gücləndirilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təkan verir.
"YOXSULLUQ AZƏRBAYCANDA 5 FAİZ SƏVİYYƏSİNDƏDİR"
"Biz əlbəttə ki, yoxsulluqla bağlı və işsizliklə bağlı öz fəaliyyətimizi davam etdirməliyik. Yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. İşsizliklə bağlı daim işlər aparılmalıdır ki, işsizlik aşağı səviyyədə olsun", – deyən Prezident bildirib ki, müstəqillik dövründə əhalimiz 3 milyon artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir, o cümlədən bizim üçün: "Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq. Bunun üçün əlbəttə ki, daxili resurslar kifayət deyil. Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq. Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir".
Qeyd edək ki, minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, orta aylıq əməkhaqqı 12 dəfə artaraq 925,3 manata çatıb. Sosial müdafiə sisteminin mühüm komponenti olan pensiya təminatı yoxsulluğun azaldılmasında əhəmiyyətli rola malikdir. 2006-cı ilin əvvəlindən Azərbaycanda qabaqcıl dünya təcrübəsinə uyğun müasir sığorta-pensiya modelinə keçidin təmin edilməsi pensiya təminatında müsbət nəticələrin əldə edilməsi ilə nəticələnib. Rəqəmlərin dili ilə desək ötən 20 ildə minimum pensiya 14 dəfə artıb.
SOSİAL MÜDAFİƏ SİSTEMİ DAHA DA GÜCLƏNDİRİLİR
Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamlar şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin ölkə Prezidentinin daim diqqət mərkəzində olduğunu və onların yüksək qayğı ilə əhatə olunduqlarını bir daha göstərir. "Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Sərəncam həmin maliyyələşdirmə müddətinin uzadılmasını nəzərdə tutur. Bu məqsədlə əvvəlki Sərəncamın 1-ci hissəsindəki "2022-ci və 2023-cü" sözləri "2022–2025-ci" sözləri ilə əvəz edilib.
Qeyd edək ki, mövcud qanunvericilikdə dövlət icbari şəxsi sığortası üzrə daxil olan sığorta haqlarından formalaşan sığorta vəsaitindən müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi istiqaməti üzrə də istifadə edilməsi nəzərdə tutulub. Dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" yeni Sərəncamında isə əvvəlki Sərəncamın 1.2-ci bəndindəki "2020–2022-ci" sözlərinin "2020–2023-cü" sözləri ilə əvəz edilməsi tapşırılır.Beləliklə, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2023-cü ildə aparılmış hərbi əməliyyatlar zamanı ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin də 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulur.
ŞƏHİD AİLƏLƏRİ VƏ MÜHARİBƏ ƏLİLLƏRİNƏ 14 MİN 800 FƏRDİ EV VƏ YA MƏNZİL VERİLİB
Müzəffər Ali Baş Komandan İlham Əliyev həm I Qarabağ, həm də II Qarabağ müharibəsinin ağır nəticələri ilə üzləşənlərə həssas münasibət göstərir. Onların sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə bu sahədə müxtəlif böyük maliyyə tutumlu proqramlar reallaşır. 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən, şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi icra olunur. "Sosial sahədə vacib məsələlərdən biri şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsidir" – deyən Prezident bildirib ki, bu kateqoriyadan olan insanlara dövlət tərəfindən 14 min 800 fərdi ev və ya mənzil verilmişdir".
Bu kateqoriyadan olan insanların 100 faiz evlərlə təmin edilməsi prosesinin sürətlə getdiyini və bu il və gələn il də bu işlərin görüləcəyini diqqətə çəkib.
44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində onların məşğulluğuna dəstək işləri də aparılır. Postmüharibə dövründə şəhid ailəsi üzvləri və müharibə iştirakçıları olan 20,9 min şəxs aktiv məşğulluq proqramlarına cəlb edilib.
Onlardan 10,4 min nəfəri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb, 9,9 min şəxs isə münasib işlə təmin edilib. Həmçinin 642 şəxs peşə hazırlığına cəlb olunub. Şəhid ailələrinə və müharibə əlillərinə böyük diqqət və qayğı davamlıdır. Bütün bunlar ölkədə aparılan uğurlu sosial siyasətin və Vətən uğrunda öz canını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvlərinə və sağlamlığını itirmiş müharibə əlillərimizin daim dövlətin diqqət mərkəzində olmasının bariz nümunəsidir.
Bu gün Azərbaycan dünyanın ən müasir və inkişaf etmiş ölkələri sırasındadır. Hətta Azərbaycan siyasi və iqtisadi çəkisinə görə dünyanın ən nəhəng ölkələri ilə müqayisə olunacaq dərəcədə işlər görüb. Təbii ki, bu işlərin də müəllifi, həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevdir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasəti sosialyönümlüdür. Bunun mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Nəzakət ƏLƏDDİNQIZI