"2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalanıb. Bəyanatın 9-cu maddəsi xaric bütün maddələri yerinə yetirilməyib. Zəngəzur dəhlizinin açılması Ermənistan tərəfindən hələ də həyata keçirilməyib. Qərb bizi təxribatlara çəkir ki, müharibə edək və bizə əks-hücum etsinlər. Lakin biz təmkinli davranaraq həmin yolu alternativ olaraq İran ərazisindən çəkməyə başlamışıq. Bizim Ermənistana qarşı heç bir ərazi iddiamız yoxdur. Ermənistanın isə Azərbaycana qarşı olan ərazi iddiaları iflasa uğradı və biz torpaqlarımızı azad etdik". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib. Onun sözlərinə görə, indi onların qarşısında duran əsas məsələ konstitusiyalarına dəyişiklik etmələridir ki, sülh müqaviləsi imzalansın: "Sülh müqaviləsinin imzalanmasına maneçilik törədən əsas qüvvələr Qərb, xüsusilə də Fransadır. Elə buna görə də Fransa Avropa Birliyinin mülki missiyasının müşahidəçilərini sərhəddə yerləşdirib. Təbii ki, onlar da Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına imkan vermirlər. Son günlərdə baş vermiş təxribat bunu təsdiqləyir".Politoloq sözlərinə davam edərək bildirib ki, Fransa Milli Jandarma İdarəsinin briqada generalının Ermənistan sərhədində Azərbaycan ərazilərini binoklla müşahidə etməsi, çex vətəndaşının minalı ərazilərdən ustalıqla keçərək Azərbaycana göndərilməsi və s. təxribata hesablanmış addımlardır: "Fransa Azərbaycana qarşı sanki səlib yürüşünə başlayıb. Çünki Azərbaycan Fransanın neokolonializm siyasətini ifşa edir. Artıq Afrika ölkələrinin 12-i Fransanın bu siyasətinə qarşı çıxıb. Bu gün Fransa Azərbaycana qarşı qarayaxma kampaniyası aparır və Ermənistanla sülh müqaviləsinin imzalanmasına maneçilik törədir. Biz isə Fransanın bu siyasətinə qarşı beynəlxalq hüquqa söykənərək addımlar atır və təmkinli münasibət sərgiləyirik. Bu da beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur. Ona görə də bugünkü gündə bizim tərəfimizdən Ermənistana qarşı qarşıdurma yaratmağımız gözlənilmir. Amma onlar tərəfindən törədilə biləcək hər hansı bir təxribatın qarşısı anında alınacaqdır".
Ləman Sərraf