PDF Oxu

Siyasət

  • 1 194

Güclü və qüdrətli AZƏRBAYCAN ORDUSU! TƏHLİL

image

Prezident İlham Əliyev: "Qarşımızda duran əsas vəzifələrdən biri Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir"

"Yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq. Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun". Bu fikirləri fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimində nitqində bildirmişdir. Prezident İlham Əliyevin son iyirmi ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasına gətirib çıxardı. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağı edərək qələbə qazanması tariximizə yeni gün olaraq daxil edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Vətən müharibəsində qazanılan zəfər bütün türk dünyasının qələbəsi olaraq dünyaya mesaj oldu. Bu gün hərbi əməliyyatlar zamanı istənilən nöqtədə düşmənə sarsıdıcı zərbələr endirmək qabiliyyətinə malik güclü ordumuz var. "Növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir", - deyən Prezident bildirib ki, ikinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı və mən müxtəlif vaxtlarda bu məsələ ilə bağlı öz sözlərimi demişdim: "Demişdim ki, bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir".

"BİZİM QABAĞIMIZDA HEÇ KİM DURA BİLMƏZ"

Ötən ilin sentyabrın 19-da başlayan və təqribən 24 saat davam edən lokal antiterror tədbirləri Azərbaycan tarixinin şanlı səhifələrindəndir. Vətən müharibəsindəki tarixi Qələbəmizdən və Ermənistanın kapitulyasiyasından sonra Azərbaycan dövləti humanizm göstərərək ölkəmizin erməni əhalisi ilə reinteqrasiya prosesinə start verdi. Vətən müharibəsində qəhrəmanlıq göstərən Azərbaycan Ordusu bu dəfə də yüksək peşəkarlıq nümayiş etdirərək Ali Baş Komandanın onların qarşısında qoyduğu tapşırığı cəmi 24 saatda yerinə yetirdi. Nəticə olaraq separatçılar ağ bayraq qaldırdı və dövlətimiz qarşısına qoyduğu bütün hədəflərə çatdı. İndi bütövlükdə bölgədə sülh və inkişaf üçün gözəl şərait yaranıb.
"Bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış "Komando" silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz. Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata dərhal adekvat cavab verildi, düşmən cəzalandırıldı. Bu, bir daha onlara və əsasən onlara ürək-dirək verən, üstümüzə göndərən qüvvələrə siqnal idi ki, bizim qabağımızda heç kim dura bilməz. Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır. Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər", – deyə Prezident bildirib.

"BİZ ÖZÜMÜZÜ BUNDAN SONRA DAHA BÖYÜK HƏCMDƏ SİLAH-SURSATLA, TEXNİKA İLƏ TƏMİN EDƏCƏYİK"

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.
Bu gün Azərbaycanda istehsal olunan bir çox hərbi məhsullar ordumuzun potensialının gücləndirilməsində əsas amillərdən biridir. Ölkəmizdə yaradılan 20-dən çox hərbi zavodda müxtəlif adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur. "Biz çox güclü hərbi sənaye kompleksi yaradırıq, artıq bunun birinci mərhələsi başa çatdı. İkinci mərhələsi daha genişmiqyaslı olacaq. Təkcə bu il bu məqsədlər üçün həm özəl, həm dövlət müəssisələri tərəfindən ən azı bir milyard manat sərmayə qoyulacaq və biz özümüzü bundan sonra daha böyük həcmdə silah-sursatla, texnika ilə təmin edəcəyik, daha böyük həcmdə ixrac edəcəyik və bu sahədə də müəyyən dərəcədə, deyə bilərəm ki, böyük dərəcədə xarici asılılıqdan canımızı qurtaracağıq. Necə ki, siyasi sahədə, iqtisadi sahədə bizim xarici təsirə məruz qalma şansımız sıfra bərabərdir, çünki biz müstəqil siyasət aparırıq".

"BİZİM ORDUMUZ TƏLİMLƏRDƏ YOX, PARADLARDA YOX, DÖYÜŞ MEYDANINDA ÖZ GÜCÜNÜ GÖSTƏRMİŞDİR"

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılır. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. "Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir. Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz. Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq. Bu, bir daha onu deməyə əsas verir ki, ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi əsas vəzifədir. Bu gün onu da bildirməliyəm ki, bir çox ölkələr üçün bu, əsas vəzifə kimi artıq qəbul olunub, onların hərbi doktrinalarında, onların büdcə xərclərində və digər addımlarda da bunu əyani şəkildə görmək olur. Bizim üstünlüyümüz ondan ibarətdir ki, Ordumuz döyüş meydanında öz gücünü göstərib, Ordumuzda çox yüksək mənəvi ruh var, bizim peşəkarlığımız artır və biz Ermənistanı döyüş meydanında məğlub etmişik".
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilib, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər