PDF Oxu

Siyasət

  • 1 945

Bir daha cürət olarsa... - ŞƏRH-ANALİTİK

Bir daha cürət olarsa... - ŞƏRH-ANALİTİK

Yaxud, DSX-nin "Qisas" əməliyyatı Ermənistan hərbi-siyasi isteblişmentini növbəti dəfə yerlə bir etdi

Bir neçə ay idi ki, Zəngilan da daxil olmaqla şərti sərhədlərimizdə sakitlik hökm sürürdü. O cümlədən, qarşı tərəfdə də hər hansı aktivlik müşahidə edilmirdi. Lakin düşmənin hiyləgər olması da unudulmamalıdır. Belə ki, Ermənistan tərəfi həmin istiqamətdə Azərbaycan üçün "rahatlıq" yaradıb, daha sonra genişmiqyaslı təxribat törətməyi planlaşdırırdı. 12 fevral tarixində düşmən snayperindən mövqelərimizə atılan və hərbi qulluqçumuzun yaralanmasıyla nəticələnən həmin atəş də məhz sözügedən genişmiqyaslı təxribatın sınaq atəşi idi...

Ən diqqətçəkən fakt budur ki...

Bunun ardınca isə Ermənistanın hərbi strukturlarının, habelə ölkə rəhbərliyinin mətbuata "insident araşdırılacaq və səbəbkarlar müəyyən edilərək cəzalandırılacaq" tipli açıqlaması da, əslində, açılan atəşin heç də hərbi-siyasi hakimiyyətdəkilərdən xəbərsiz olmadığını kifayət qədər isbatladı.

Ancaq ən diqqətçəkən fakt budur ki, təxribatın törədildiyi vaxt Azərbaycan sərhədçisi təmkinli davrandı və hadisədən qısa zaman sonra düşmənə "Qisas" əməliyyatı adı altında yetərincə, artıqlaması ilə cavab verdi. Verilən bu cavab dövlətimizin qətiyyətini, sərhədçilərimizin ayıq-sayıqlığını, yalnız sözügedən istiqamətdə deyil, eləcə də şərti sərhədlərin digər istiqamətlərində də istənilən təxribata qarşı ağır cavab tədbirləri görüləcəyini həm düşmənə, həm də onun məlum havadarlarına nümayiş etdirdi. Bir daha sübut olundu ki, baş qaldırmağa cəhd edən düşmənin başı əziləcək!

Bu baxımdan, təxribatçı atəş açılmış post darmadağın edildi, yaralı sərhədçimizin isə qanı yerdə qalmadı.

Düşmən həmin postu bərpa etməyə, yaxınlıqdakı digər mövqelərdən başını qaldırmağa cürət etmir

Beləliklə, düşmən təxribatın bədəlini 5 ölü, 8 yaralıyla ödədi. Onu da qeyd edək ki, sözügedən itkilər hələ rəsmi elan ediləndir. Son məlumatlara görə, 8 yaralının 7-sinin vəziyyəti ağır, 1-nin isə vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Erməni mediasının yazdığına görə, düşmən həmin postu bərpa etməyə, yaxınlıqdakı digər mövqelərdən başını qaldırmağa cürət etmir. Belə ku, həmin ərazilər bilavasitə Azərbaycan sərhədçisinin qartal baxışları altında diqqətdə saxlanılır.

Bu hadisədən sonra təxribatçı düşmən artıq yaxşı bilir ki, atacağı hər addımın cavabı daha betər, daha ağır, daha acınacaqlı və onlar üçün daha faciəvi olacaq.

Prezident İlham Əliyev andiçmə mərasimində bu məsələ barədə də danışdı

DSX bu əməliyyatla düşmənin həmin istiqamətdə həyata keçirməyə hazırlaşdığı genişmiqyaslı təxribatı fiaskoya uğratdı, Müzəffər Ali Baş Komandanın sərhədçilərimizə olan etimadını, inamını daha da artırdı!

Xatırlatmaq yerinə düşərdi ki, Prezident İlham Əliyev andiçmə mərasimində bu məsələ barədə də danışdı, "Qisas" əməliyyatının düşmənə dərs, əsasən də, onlara ürək-dirək verən, üstümüzə göndərən Qərb qüvvələrinə siqnal olduğunu, bizim qarşımızda heç kimin dura bilməyəcəyini qətiyyətlə bildirdi.

Beləliklə, DSX-nin düşmənə vurduğu zərbə onun məkrli niyyətini alt-üst etdi hərbi-siyasi müstəvidə sayını itirdiyimiz növbəti yerdəyişmələrə gətirib çıxardı.

Ermənistanın hərbi-siyasi isteblişmenti də sözügedən post kimi darmadağın edilib

Belə ki, Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin hər iki müavinləri, birləşmiş qüvvələr qrupunun komandiri, baş əməliyyat idarəsinin, baş qərargahın döyüş hazırlığı idarəsinin, baş qərargahın rabitə qoşunlarının, baş qərargahın strateji planlaşdırma idarəsinin rəisləri vəzifələrindən azad edildi. Məhz bu çatlar sübut edir ki, Ermənistanın hərbi-siyasi isteblişmenti də sözügedən post kimi darmadağın edilib. Bizdən isə hadisələri tam diqqətlə gözləmək və düşmənin ağır məğlubiyyətlər seriyasını izləmək qalır...

Afət Tahirqızı

Digər xəbərlər