“Prezident İlham Əliyevin andiçmə mərasimində Milli Məclisin tribunasından səsləndirdiyi fikirlər proqram xarakterli idi. Bu bütövlükdə bütün sahələrdə qiymətləndirmə və hər bir sahə üzrə atılması vacib olan addımların səsləndirilməsi idi. Sözsüz ki, ölkə Prezidenti həm də parlamentin tribunasından olduqca vacib mesajlar ötürdü. Bu mesajlar qalib dövlətin qalib liderinin mesajları idi. Başlıca olaraq ölkə Prezidenti xalqın böyük dəstəyini aldığını vurğuladı. Dünya təcrübəsində xalqın yaxından alan lider hər zaman güclü olur və bu lider xalqının beynəlxalq müstəvilərdə təmsilçiliyi sahəsində də böyük iradəyə sahib olur, milli maraqları daha da inamla qoruyur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib. Deputat bildirib ki, cənab İlham Əliyev kimi böyük dövlət idarəçiliyi təcrübəsi, strateji baxış, siyasi iradəyə sahib olan bir liderin sözsüz ki, səsləndirdiyi hər bir fikir dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilirdi: “Bizim üçün prioritetləri bir daha ölkə başçısı çıxışı zamanı səsləndirdi. İlk olaraq xarici siyasətimizin yeni istiqamətləri formalaşdırılmalıdır. Yəni, islamafobiyaya, neokolonyalizmə qarşı mübarizə aparan dövlətlərin yanında olacağımız bildirildi. Onsuz da Azərbaycan adıçəkilən faktorlara qarşı hər zaman fəal mübarizə aparan ölkələr sırasında olub və bundan sonra da olacaq. Hesab edirəm ki, bunun özü bütövlükdə dünya xalqlarının böyük əksəriyyətinin maraqlarına, gözləntilərinə tam uyğundur. Çünki neokolonyalizm imperializmin son mərhələsidir və başqa alətlərin istifadə edilməsi yolu ilə güclü dövlətlər dünyanın digər xalqların dövlətlərini nəzarət altın saxlamağa, idarə etməyə çalışırlar. Lakin Azərbaycan öz milli maraqları çərçivəsində tam müstəqil siyasət yürüdən azsaylı ölkələrdən olmaqla, ümumilikdə digər xalqlar, dövlətlərin də suverenliyinin möhkəmləndirilməsində maraqlıdır.Ölkə başçısının çıxışda ciddi xəbərdarlıq notları da üstünlük təşkil edirdi. Yəni, Ermənistanı revanşizmə sövq etməkdən, cəsarətləndirməkdən bəzi ölkələrin çəkinməsinə çağırış etdi. Bu gün Ermənistanı yenə revanşizmə həvəsləndirən dövlətlər çoxdur. Hesab edirəm ki, ölkə başçısı çıxışı zamanı bu istiqamətdə onlara da xəbərdarlıq etdi. Azərbaycanın ölkəmizə qarşı istənilən təxribatın qarşısını almağa gücü yetir. Bütövlükdə gələcəklə bağlı ölkə başçısının səsləndirdiyi fikirlər dünya ölkələri arasında dövlətimizə yanaşmada ciddi aydınlığı şərtləndirəcək. Çünki dünya bir daha gördü ki, qarşısında güclü Azərbaycan dövləti dayanıb”.