Siyasət

  • 4 812

55 yaşlı Siyavuş Novruzov - FOTOLAR

image


Bu gün Milli Məclisin komitə sədri Siyavuş Novruzovun doğum günüdür. Deputatın 55 yaşı tamam olur. Siyavuş Novruzovu yaxından tanıyanlar, onunla birlikdə işləyən, ictimai-siyasi və mədəni tədbirlərdə birgə iştirak edənlər onun sadə və səmimi bir insan olduğunu əminliklə söyləyirlər. Digər tərəfdən, Siyavuş Novruzovun həyat və fəaliyyətinin başlıca ştrixlərini təsvir edərkən əminliklə onu möhkəm əqidəli, prinsipial və vətənpərvər şəxsiyyət, Heydər Əliyev ideyalarına sadiq olan fədakar insan kimi təsvir edirik. Ona görə ki, Siyavuş Novruzov gənclik illərindən etibarən xalqımız və dövlətimiz qarşısında çoxsaylı xidmətlər göstərən, səmərəli fəaliyyəti ilə dövlətçiliyin inkişafına mühüm töhfələr verən ictimai-siyasi xadim kimi tanınır.

Siyavuş Novruzov 1969-cu il fevralın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. Əfqanıstan və Qarabağ müharibələri veteranıdır. 1-ci dərəcəli "Vətənə xidmətə görə" və "Şöhrət" ordenləri ilə təltif edilmişdir. 3 kitabın müəllifidir. Rus və ingilis dillərini bilir.

1990-cı ildən "Əlincə" Xeyriyyə Cəmiyyətinin şöbə rəisi, məsul katibi işləmişdir. 1994–1996-cı illərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının işlər müdiri, 1996–1999-cu illərdə Təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmış, 1995–2005-ci illərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri olmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür. İkinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Regional məsələlər komitəsinin sədridir. Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Bolqarıstan, İtaliya, Latviya, Mərakeş parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Ümummilli məsələlərdə daim prinsipial mövqedən çıxış edən Siyavuş Novruzovu cəmiyyətə daha yaxşı tanıdan amillərdən biri onun 1990-cı illərin əvvəlində vətənpərvər şəxsiyyət kimi Azərbaycanın qarşılaşdığı problemlərə biganə qalmaması və ölkəmizin tənəzzüldən xilas olması üçün Ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlməsi uğrunda aparılan mübarizədə yer alması idi. O da milli təəssübkeşlik nümayiş etdirən digər vətənpərvər şəxsiyyətlər kimi, ölkəmizin üzləşdiyi çətinliklərdən yeganə xilas yolunu Ümummilli liderin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlməsində görürdü.

Siyavuş Novruzov da bu cür mürəkkəb situasiyada əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək, Ulu öndərin ölkəni xilas etməsinin zəruriliyini bildirərək bu istiqamətdə fədakar və mübariz yanaşma ortaya qoyurdu.

SƏS Media Qrupun kollektivi adından hörmətli deputatımızı doğum günü münasibətilə ürəkdən təbrik edir, ictimai-siyasi və ailə həyatında uğurlar arzulayırıq.

Digər xəbərlər