Sosial ədalət cəmiyyətin əsas göstəricisidir. Hansı cəmiyyətdə sosial ədalət mövcudursa, o cəmiyyətdə insan amilinə diqqət və qayğı da böyükdür. Əlbəttə ki, sivil bir dünyada yaşamış olsaq da, sosial ədalət prinsipinə bir çox ölkələrdə əməl olunmur və dünyanın bir qismi üçün bu əlçatmazdır. Demokratik dəyərlərə malik, mütərəqqi dövlətlərdə buna təsadüf olunur. Hüquq bərabərliyinin və insan hüquqlarının pozulması cəmiyyətdə xoşagəlməz hallarla insanları üz-üzə qoymuş olur.
20 Fevral dünya Sosial Ədalət Gününü qeyd edir. Milyonlarla insanların qeyd etdiyi bu gün BMT-nin Baş Məclisi tərəfindən dünya ictimaiyyətinin yoxsulluqla mübarizə işində səylərini artırmaq və hər kəs üçün iş yerləri, gender bərabərliyi və insan hüquqlarına hörmətə nail olmaq məqsədi ilə yaradılıb. Müasir dünya cəmiyyətlər daxilində və cəmiyyətlərarası həmrəylik, harmoniya və bərabər imkanlar aşılamaq üçün yoxsulluq, ayrı-seçkilik və işsizliklə məşğul olmağın əhəmiyyətini dərk edir. Daha sabit, ədalətli və təhlükəsiz dünya qurmaqda sosial ədalətin vacibliyi əsas məsələlərdəndir. Hər kəs üçün sosial ədalətə nail olmaq naminə BMT-nin əsas məqsədi inkişaf və insan ləyaqətini yaymaqdır. Əlbəttə ki, dünyanın bir parçası olan Azərbaycanda da sosial Ədalət günü qeyd olunur. Müasir dünyamızda Azərbaycan dünyanın çağırışlarına yüksək səviyyədə cavab verir. Sosial ədalətə nail olmaqda ölkəmizdə həyata keçirilən islahatları qeyd etməliyik. Həyatımızın bütün siferaların əhatə edən islahatlar öz nəticəsin verib və bu davamlıdır. Dünya birliyinə sürətlə inteqrasiya olunaraq demokratik inkişaf yolunda atdığı ardıcıl addımlarla regionda böyük nüfuz sahibinə çevrilən Azərbaycanın qısa zamanda əldə etdiyi böyük nailiyyətlər, ilk növbədə hər bir vətəndaşın mənafeyinə xidmət edən təkmil sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır. Ölkəmizin maliyyə imkanlarının güclənməsi regionların sosial-iqtisadi inkişafına, eləcə də insanların sosial rifah halının daha da yaxşılaşdırılmasına səbəb olub.
Ölkəmizdə son 20 il ərzində bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparılıb. Statistik məlumatlara nəzər salsaq görərik ki, ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərclərində 20 dəfədən çox artım baş verib. Minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, orta aylıq əməkhaqqı 12 dəfə artaraq 925,3 manata çatıb. Sosial müdafiə sisteminin mühüm komponenti olan pensiya təminatı yoxsulluğun azaldılmasında əhəmiyyətli rola malikdir. 2006-cı ilin əvvəlindən Azərbaycanda qabaqcıl dünya təcrübəsinə uyğun müasir sığorta-pensiya modelinə keçidin təmin edilməsi pensiya təminatında müsbət nəticələrin əldə edilməsi ilə nəticələnib. Rəqəmlərin dili ilə desək ötən 20 ildə minimum pensiya 14 dəfə artaraq 280 manata, orta aylıq pensiya 18 dəfə artaraq 435 manata, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 466 manata, əlilliyə görə orta aylıq pensiya 14 dəfə artaraq 366 manata, ailə başçısını itirməyə görə orta aylıq pensiya isə 19 dəfə artaraq 408 manata çatıb.
"AZƏRBAYCAN SOSİAL DÖVLƏTDİR VƏ BİZ BUNU SÖZLƏ YOX, ƏMƏLİMİZLƏ TƏSDİQLƏYİRİK"
Təbii ki, Azərbaycanda mövcud olan sosial ədalət dünya üçün bir modeldir. Sosial ədalətin təmin edilməsi prioritet məsələlərdən biridir. Ölkəmizdə sosial ədalətin təminatı istiqamətində ciddi addımlar atılıb. Azərbaycanda dövlətin iqtisadi siyasətinin sosial yönümlü olması, Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi diqqət, insan amilinə verilən yüksək dəyər sosial ədalətdən qaynaqlanır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət ölkəmizin davamlı inkişafının təmin olunmasında həlledici rol oynayır. Uğurla həyata keçirilən dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan verib. Bu günə qədər reallaşan dövlət proqramları böyük uğurla icra olunub. Görülən işlər əhalinin rifahının yüksəlməsinə, yeni iş yerlərinin açılmasına və s. səbəb olub. Sözsüz ki, dövlət proqramlarının icrası məşğulluğun təmin olunması istiqamətində atılan vacib addımlardan biridir. Regionlarda yaradılan biznes mühiti, kənd təsərrüfatı və sənayenin inkişafı üçün infrastruktur artıq öz bəhrəsini verməkdədir. Əhalinin sosial müdafiəsi sahəsində bir sıra uğurlu layihələr icra edilir. Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də bu sahəyə böyük önəm verilir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. Belə ki, inkişafdan hər bir vətəndaş bəhrələnməlidir. Sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağı gəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatı gücləndirilməlidir. Dövlətin 2030-cu ilədək həyata keçirəcəyi iqtisadi layihələrin gətirəcəyi faydalardan ölkə vətəndaşlarının bəhrələnməsi milli prioritetlərin əsas məqsədidir.
Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində əlbəttə ki, insan amili daynır, onların maraqları dayanır.
Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Təbii ki, bütün bunlar planlı, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq həyata keçirilir. Dövlət başçısının uğurlu sosial siyasəti respublika əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, geniş əhali kateqoriyalarını əhatə edən etibarlı sosial müdafiə sisteminin formalaşdırılmasına imkan yaradıb.
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, aztəminatlı ailələrin, müharibə veteranlarının, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb. "Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik", - deyən Azərbaycan Prezidentin imzaladığı Fərman və Sərəncamlarla müavinət və təqaüdlərin, bir sıra təşkilatlarda çalışanların əməkhaqlarını artırılması həyata keçirilən islahatların davamı, dövlət başçısını sözü ilə əməlinin vəhdətdə oluğunun təzahürüdür. Dövlət başçısının yeni Fərman və Sərəncamları ilə son beş ildə ölkəmizdə artıq dördüncü sosial islahat paketi reallaşdırılaraq əməkhaqqı, müavinət və təqaüdlərin növbəti dəfə artırılması təmin olunur.
ŞƏHİD AİLƏLƏRİ VƏ MÜHARİBƏ ƏLİLLƏRİNƏ SOSİAL DƏSTƏK PAKETİ
Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyəti, o cümlədən müharibə əlilləri və şəhid ailələrini əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini məhz müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşılır, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyev həm I Qarabağ, həm də II Qarabağ müharibəsinin ağır nəticələri ilə üzləşənlərə həssas münasibət göstərir. Onların sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə bu sahədə müxtəlif böyük maliyyə tutumlu proqramlar reallaşır. 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən, şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi icra olunur. Postmüharibə dövründə onlara 5300, ümumilikdə, ötən dövrdə 14100, o cümlədən son 20 ildə 13 mindən çox mənzil, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 44 günlük Vətən müharibəsindən sonra 324 avtomobil, ümumilikdə, ötən dövrdə 7500-dən çox, o cümlədən son 20 ildə 6500-dən çox avtomobil verilib.
Həmçinin əlilliyi olan şəxslərə yönələn həm müavinətlər, həm də təqaüdlər artırılıb.
44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində onların məşğulluğuna dəstək işləri də aparılır. Postmüharibə dövründə şəhid ailəsi üzvləri və müharibə iştirakçıları olan 20,9 min şəxs aktiv məşğulluq proqramlarına cəlb edilib.
Onlardan 10,4 min nəfəri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb, 9,9 min şəxs isə münasib işlə təmin edilib. Həmçinin 642 şəxs peşə hazırlığına cəlb olunub. Şəhid ailələrinə və müharibə əlillərinə böyük diqqət və qayğı davamlıdır. Bütün bunlar ölkədə aparılan uğurlu sosial siyasətin və Vətən uğrunda öz canını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvlərinə və sağlamlığını itirmiş müharibə əlillərimizin daim dövlətin diqqət mərkəzində olmasının bariz nümunəsidir.
SOSİAL RİFAH VƏ ƏDALƏT PRİNSİPİ
Vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması istiqamətində aparılan işlər Azərbaycan dövlətinin prioritetlərindəndir. Ölkə başçısının siyasi iradəsinə uyğun olaraq ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz insan amili, vətəndaşların mənafeyi dayanır ki, bu istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan sərəncamlar insanların sosial həyatının yaxşılaşdırılmasına və vətəndaş məmnunluğunun artırılmasına yönəldilib. Minimum əməkhaqqının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması və digər ödənişlər dövlət başçısı tərəfindən təqdim edilən böyük sosial paketin tərkib hissəsidir. Həyata keçirilən islahatlar sosialyönümlülük və humanizm prinsiplərinə əsaslanır. Yoxsulluq səviyyəsinin azaldılması, çoxsaylı iş yerlərinin açılması və s. Azərbaycanın dinamik inkişaf edən bir ölkə olduğunə əsaslanır. Sosial rifah və ədalət prinsipi dövlət siyasətinin strateji xəttini təşkil edir. Sosial ədalət dedikdə əlbəttə ki, cəmiyyətdə insanlar arasındakı ədalətli münasibətlər nəzərdə tutulur. Azərbaycanda mövcud olan sosial ədalət dünya üçün modeldir.
Nəzakət ƏLƏDDİNQIZI