“Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın Dövlət Katibi Entoni Blinkenlə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin görüşü Azərbaycan-ABŞ münasibətlərinin daha da inkişaf etdirilməsi baxımdan yüksək qiymətləndirilməlidir”. Bu barədə SİA-ya açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.Onun sözlərinə görə, görüş zamanı müzakirə edilən iki əsas məsələ mövcud idisə bunlardan biri məhz iki ölkə arasında münasibətlərdir: “Blinkenin konfrans çərçivəsində İlham Əliyevllə görüşə vaxt ayırması şübhəsiz Azərbaycanın dünya səviyyəsində nüfuzunun daha da artdığına dəlalət edir. Düşünürəm ki, ABŞ-da baş verəcək prezident seçkilərinə qədər münasibətlərimiz normal səviyyədə olacaq və bu münasibətlərin daha da inkişaf etdirilməsinə hər iki tərəf ciddi səy göstərəcək”.Politoloq bildirib ki, ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin də inkişaf etdirilməsində də ciddi maraqlıdır və bu istiqamətdə istənilən nailiyyət ABŞ-da müsbət əhval-ruhiyyə yaradacaq: “Amma bildiyimiz kimi, Azərbaycanla ABŞ arasında müzakirə olunacaq və həllini gözləyən məsələlər də var. Bunlardan biri də elə məhz 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilən və Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişdir. Məlum olduğu kimi, Azərbaycan son dövrlərdə bu düzəlişin aradan qaldırılması istiqamətində addımlarını intensivləşdirib. Düşünürəm ki, Blinkenlə keçirilən son görüş də bu məsələnin Azərbaycanın xeyrinə həllini tapmasına təkan verəcək”.
Müəllif: Rəşid Qarayev