“Xocalı faciəsindən artıq 32 il ötür. Lakin uzun illər keçməsinə baxmayaraq, Xocalı haqqında danışmaq hər il bir qədər də çətinləşir. Çünki erməni cəlladlarının vəhşiliklərini sözlə ifadə etmək mümkünsüz, qəlizdir. Xocalı faciəsinin hər il ildönümündə insanı insanlığından utandıran hadisələr həqiqətən də, hər bir azərbaycanlının qaysaq bağlayan yarasını yenidən qanadır”. Bu sözləri SİA-ya açıqlamasında Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Ülkər Məmmədzadə deyib. O bildirib ki, 1991-ci il dekabrın 26-da Xankəndi Ermənistan silahlı qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal olunmuşdu: “Ən böyük faciə isə məhz 1992-ci il fevralın 25-dən 26-na keçən həmin o dəhşətli gecədə baş vermişdi və Xocalıda 7 min nəfər azərbaycanlı əhali yaşayırdı. Həmçinin Xankəndindən ermənilərin silah gücü ilə çıxan həmvətənlərimiz də Xocalıda yaşayırdılar. Həmin faciədən sonra Xocalıda bütün insanlığın kökü kəsildi, nə qədər soydaşlarımız didərgin düşdü, bir çoxlarının isə vəhşicəsinə həyatına son qoyuldu. Ermənilər Xocalı faciəsi ilə insanlığa zidd hərəkət nümayiş etdirdilər. Bir sıra dövlətlər və təşkilatlar tərəfindən Xocalı ilə bağlı qətnamələr qəbul edildi.44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Təbii ki, regionda sülh, sabitlik naminə qonşuluq münasibətləri bərpa olunacaq. Lakin ermənilərin məhz dinc Azərbaycan əhalisinə qarşı törətdikləri qanlı cinayətlər heç zaman unudulmayacaq. Artıq Xankəndi, Xocalı, Ağdərə və digər torpaqlarımız azaddır. Biz birlik nümayiş etdirərək, Xocalını yenidən dirçəldəcəyik”.
Müəllif: Səbinə Hüseynli