Azərbaycan xalqı böyük tarixi məqamda öz sözünü dedi. Xalq öz iradəsini, dəstəyini, həmrəyliyini, inamını, ümidlərini 7 fevral - Növbədənkənar Prezident seçkilərində ifadə etdi. Liderini, başçısını seçmək hüququndan istifadə edən Azərbaycan Respublikası vətəndaşları seçki məntəqələrinə axın etdi. Bu, Prezident Cənab İlham Əliyevin seçkidə qazandığı beşinci qələbəsidir. Bu seçki öncə keçirilən seçkilərdən fərqləndi. Suverenliyimizin bərpa olunduğu tarixi Azərbaycan torpaqlarında ilk dəfə Prezident seçkiləri keçirildi. Bu, müstəqil Azərbaycan Respublikasının tarixində çox mühüm siyasi-hüquqi hadisədir. Demokratik-hüquqi dövlət kimi Azərbaycan Respublikası məhz bu seçkidə hüquqi tamlığını nümayiş etdirdi. Görünməmiş seçici aktivliyi Qarabağda əldə olunan Zəfərlərdən, seçki şüurunun inkişafından, ikili münasibət bəsləyən Qərbin qarşısında birlik sərgiləmək istəyindən qaynaqlanır.
Böyük qürur və məğrurluqla Prezident İlham Əliyevin Xankəndidə Prezident seçkilərində iştirakını izlədik. Yeni başlanğıclara başlamaq niyyəti ilə təyin etdiyi növbəti seçkidən də Qalib xalqın Qalib lideri böyük səs çoxluğu ilə Zəfər qazandı. Bəli, gözlənilən nəticə idi. Respublikaya edilən təzyiqlər, siyasi şoulara cavab olaraq cənab İlham Əliyev Xankəndidən subliminal mesaj verdi – Azərbaycan öz ərazisində öz qanunları ilə yaşayıb öz iradəsiylə siyasi addımlar atır, heç bir təzyiq Azərbaycan dövlətini doğru yoldan çəkindirə bilməz. Andiçmə mərasimində cənab İlham Əliyev bu haqda fikrini belə ifadə etdi: “Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə səs verdiyim binada xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz səs verdiyim binanın önündə yerləşən meydanda erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Məhz o binada Qarabağı Azərbaycandan ayırmaq üçün hələ sovet dövründə xüsusi komitə yerləşdirilmişdi və o komitənin əsas məqsədi Qarabağı Azərbaycandan ayırmaq idi, bunu hər kəs bilir. Ona görə məhz orada otuz il bizim tarixi yerimizi, Pənahəli xan tərəfindən salınan o məkanı qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər, təbii ki, məcburən. Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”.
Ermənistanı dəstəkləyən Qərbin riyakarlığına qarşı Azərbaycanın reallığı dayanır. Reallıq isə odur ki, Cənubi Qafqazda iqtisadi-siyasi, hərbi-strateji üstün dövlət Azərbaycan Respublikasıdır. Bu respublika artıq dünyada yeni siyasi-iqtisadi müvazinətlərin formalaşmasında mühüm rol oynayır. Türk dünyasının təşkilatlanması prosesi davam edir. Bu proses mədəni, iqtisadi, siyasi yaxınlaşmanı hədəfləyir. Hədəfləri Prezident İlham Əliyevin fikirləri ilə ifadə etsək, Türk Dövlətləri Təşkilatı – “... bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır... Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.”
Əslində Türk dünyası ilə sıx əməkdaşlıq Azərbaycançılıq ideologiyasının prinsiplərindən biridir. Ölkə başçımız bu ideologiyaya həm sadiq siyasət yeridir, həm də bu məfkurəni daha da gücləndirir. Qazanılmış zəfər də Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi. Tolerantlıq nümunəsi olan dövlətimiz bir çox xalqların birgə mehriban, sülh içində yaşamasını təmin edə bilib. Bu siyasət Ümummilli lider Heydər Əliyevdən bizə mirasdır.
Andiçmə mərasimində Prezident İlham Əliyev Azərbaycan xalqınının əsas düstürünü belə ifadə etdi: “Azərbaycan xalqı böyük xalqdır. Azərbaycanda yaşayan bütün etnik qruplar, bütün xalqlar Azərbaycan Bayrağı altında birləşib. Bu Qələbədə, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var.”
Leyla Hüseynova
YAP Yasamal rayonu
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun
ərazi partiya təşkilatının sədr müavini