PDF Oxu

Siyasət

  • 3 722

Çoxəsrlik tariximizin növbəti möhtəşəm QƏLƏBƏSİ ŞƏRH

Çoxəsrlik tariximizin növbəti möhtəşəm QƏLƏBƏSİ ŞƏRH

Cari ilin 14 fevral tarixində Prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Andiçmə mərasimdə möhtərəm Prezidentimiz Azərbaycan xalqına belə bir əminliyi ifadə etdi ki, bundan sonra da ölkəmizin hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm. Dövlət başçısı prezident seçkilərində ona yenidən böyük etimad və dəstək göstərən Azərbaycan xalqına dərin təşəkkürünü ifadə edib. “2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq”, - deyə o əlavə edib.

Başlayan yeni dövrün hədəflərindən bəhs etmədən öncə Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir müstəqil Azərbaycanın son iyirmi ildən artıq dövrdə keçdiyi inkişaf yoluna, imza atdığı zəfərlərə diqqət yetirməliyik. Hazırda qalib Azərbaycanın vətəndaşı olmağımız ilə qürur duyduğumuza görə qalib Lider, Ali Baş Komandan İlham Əliyevə, Rəşadətli Azərbaycan Ordusuna borcluyuq. Ümummilli lider Heydər Əliyev yolunun 2003-cü ildən bu günə qədər uğurlu davamı Azərbaycanı tarixi Zəfərinə, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına qovuşdurdu. Dövlətimizin başçısı 2003-cü ildə xalqın 76,84% səsini qazanaraq Prezident seçilməsindən sonra andiçmə mərasimində bu çağırışı etmişdi: “Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir”. Ölkə rəhbərimiz 20 ildən sonra - 2024-cü ilin fevralın 7-də müstəqillik tariximizdə ilk dəfə olaraq bütün Azərbaycanın ərazisində keçirilən Zəfər seçkilərində xalqın 92,12% səsini qazandı və andiçmə mərasimində böyük qürur, xoşbəxtlik hissi ilə bildirdi ki, qarşıda duran bütün vəzifələr icra edildi. Həmin illər uğurlarla, qələbələrlə dolu illər oldu. Problemlər, çətinliklər olsa da, xalqımız bir yumruq kimi birləşərək inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun Liderinə göstərdiyi inam və vahid amal ətrafında birləşmə bacarığıdır.

Təbii ki, verilən vədlər arasında ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünün bərpası dayanırdı. Azərbaycan 30 il sülh siyasətinə sadiqlik nümayiş etdirdi, danışıqlar prosesində iştirak etdi, dünya güclərindən ədalətə və beynəlxalq hüquqa söykənən yanaşma gözlədi. Amma təəssüflər olsun ki, Ermənistan havadarlarının dəstəyinə arxalanaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmədi. Bu şəkildə davam edən vəziyyət işğalçı dövlətin yeni ərazilər uğrunda müharibə planlarına yol açdı və nəticədə 44 günlük Vətən müharibəsi baş verdi. Dövlət başçısı andiçmə mərasimindəki çıxışında bu məqama xüsusi diqqət yönəldərək diqqətə çatdırdı ki, əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Uzun illər ərzində dövlətimiz təmkin, həmçinin, aparılan danışıqlara sadiqlik göstərirdi. İllər keçdikcə Azərbaycan xalqının da ümidləri də tükənirdi. İşğalçı dövlət daha da azğınlaşırdı. Belə hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.

İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz belə yanaşmaların yalnız işğalçı dövlətin xülyası olduğunu təsdiqlədi. Xalqımız tam əmin idi ki, gec-tez tarixi torpaqlarına qovuşacaq, ərazi bütövlüyümüz bərpa ediləcək. Prezident İlham Əliyev ən yüksək tribunalardan bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Torpağımızın bir qarışını belə düşmənə verməyəcəyik. Bu bəyanatlar sırasında belə bir mühüm məqam da yer tutdu ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Qalib Liderimiz ədalətə və beynəlxalq hüquqa əsaslanan bu çağırışları bəyan etdi və bunu təsdiqlədi. Vətən müharibəsində tarixi Zəfərdən sonra 3 il bu hədəfə sülh yolu ilə nail olmaq üçün addımlar atılsa da Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmədi, əksinə hərbi təxribatlar törətməkdə davam etdi. Bu hadisələrin gedişi lokal antiterror tədbirlərinin həyata keçirilməsini qaçılmaz etdi. Ölkə rəhbəri andiçmə mərasimində bildirdi ki, biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var. Ölkə rəhbərinin 7 fevral seçkilərində Xankəndidə səs verməsini şərtləndirən amilləri açıqlaması, “Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi” söyləməsi də Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj oldu.

Azərbaycanda artıq yeni dövr başlayır, yeni hədəflərə doğru irəliləyirik, qalib Liderin rəhbərliyi ilə bu hədəflərə də yüksək səviyyədə nail olacağıq. Prezident İlham Əliyev hədəflərimiz sırasında hərbi gücümüzün artırılmasını, xarici siyasətimizin yeni istiqamətlərinin müəyyənləşdirilməsini, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasını, günümüzün əsas çağırışı olan və böyük ailə kimi dəyərləndirilən Türk dünyasının birliyinin daha da möhkəmləndirilməsini, tarixi Zəfərimizin yeni reallıqları fonunda Qarabağımızın və Şərqi Zəngəzurumuzun bərpası prosesinin sürətləndirilməsini ən vacib amillər kimi diqqətə çatdırdı. Xüsusi qeyd olundu ki, biz bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir.

Dövlət başçısı İlham Əliyev təkcə cari ilin arxada qalan bir ayının sosial-iqtisadi göstəriciləri əsasında Azərbaycanın davamlı inkişafının qaçılmaz olduğunu təsdiqlədi. Bu inkişaf işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin miqyasında da özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyev yeni dövr üçün bu hədəfi açıqladı ki, bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq 5 yaşayış məntəqəsinə köçürülüb. Bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. 100-dən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Böyük Qayıdış Proqramının I mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq.

Azərbaycanı daim zirvələrə aparan, müasir tariximizə adını qalib Lider kimi yazdıran Prezident İlham Əliyevin hər bir çağırışı Azərbaycanın daha möhtəşəm gələcəyinə xidmət edir. İrəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar Azərbaycan xalqı tərəfindən böyük dəstək qazanır. Ölkədə yeni dövrə prezident seçkiləri ilə başlanması, İlham Əliyevin 92,12% səs qazanaraq Prezident seçilməsi çoxəsrlik tariximizin növbəti möhtəşəm səhifəsi oldu.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər