Beynəlxalq birliyin ən fəal üzvlərindən olan Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdərək, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Azərbaycan beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, irimiqyaslı infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olan bir ölkə kimi tanınır. Azərbaycan-ABŞ münasibətləri də yüksələn xətt üzrə inkişaf edir. Siyasi və təhlükəsizlik, eləcə də enerji sahəsində də əməkdaşlıq sahəsində uğurlar əldə olunub. ABŞ-ın Azərbaycanla ikitərəfli əməkdaşlığa olan marağı yalnız ölkəmizin strateji-coğrafi mövqeyə malik olması və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliyə öz töhfəsini verməsi ilə də bağlıdır. Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinkenin görüşü əlaqələrin davamlığına söykənir.
Görüşdə Azərbaycanla ikitərəfli əlaqələr çox yüksək qiymətləndirilib və ikitərəfli münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Azərbaycanın ABŞ ilə ikitərəfli gündəliyinin çox yüksək qiymətləndirdiyini deyən dövlətimizin başçısı İlham Əliyev vurğulayıb ki, ölkələrimiz arasında tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var. ABŞ və Azərbaycan arasında münasibətlərin pozitiv keşmişi və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər mövcuddur. Ölkələr arasında münasibətlərin siyasi, iqtisadi, ticarət, təhlükəsizlik, enerji və digər sahələrdə əməkdaşlıq üçün böyük perspektivləri var.
AZƏRBAYCAN-ABŞ STRATEJİ ƏMƏKDAŞLIĞI KEYFİYYƏTCƏ YENİ MƏRHƏLƏDƏ
Bildiyimiz kimi, Azərbaycan-ABŞ strateji əməkdaşlığı keyfiyyətcə yeni mərhələdə Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra Amerika Birləşmiş Ştatları ilə əlaqələr 1992-ci ildə yaradıldı. Hazırda, ABŞ-ın Azərbaycanda bir səfirliyi, Azərbaycanın isə ABŞ-da bir səfirliyi və bir konsulluğu fəaliyyət göstərir. Dövlətlərarası diplomatik əlaqələr Ulu Öndər Heydər Əliyev tərəfindən möhkəmləndi. 1997-ci il 29 iyul tarixində Prezident Heydər Əliyevin ABŞ-a rəsmi səfəri bu əlaqələrin möhkəmlənməsində əhəmiyyətə malikdir. Daha sonra 2003-cü il 23-27 fevral tarixlərində Ulu Öndərin ABŞ-a işgüzar səfəri əməkdaşlığın davamlığını əks etdirir. Ulu Öndər Heydər Əliyevin ABŞ-a tarixi səfərləri nəinki bu iki ölkənin strateji əməkdaşlığının möhkəmləndirilməsində keyfiyyətcə yeni bir mərhələ, habelə, bu əməkdaşlığın fundamental əsaslarının bir daha sınaqdan çıxmasında vacib əhəmiyyət daşıyan hadisə oldu. Əməkdaşlıq əlaqələri Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətlərarası qarşılıqlı işgüzar görüşlər bu əlaqələrin davamlılığına söykənir. Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri də faydalı əməkdaşlığa əsaslanır. Birləşmiş Ştatların sabiq dövlət başçısı Barak Obamanın dəvəti ilə möhtərəm Prezidentimiz İlham Əliyevin Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-a səfər etməsi və burada yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşlərin keçirməsi münasibətlərin daha da dəriləşməsini özündə əks etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri ölkələrimiz arasındakı səmimi və sarsılmaz, qarşılıqlı maraqlar üzərində qurulan əlaqələrin tamamilə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.
BEYNƏLXALQ ENERJİ TƏRƏFDAŞLIĞI
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a gerçəkləşən səfəri iki ölkə arasındakı əməkdaşlığın daha da möhkəmləndirilməsinə impuls vermişdir. Azərbaycanla ABŞ arasında enerji sahəsində davam edən əməkdaşlığı da xüsusi olaraq qeyd etməliyik. 1994-cü ildə Xəzər hövzəsinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə "Əsrin müqaviləsi"ndə ABŞ şirkətləri yer almış, habelə həmin zamandan ABŞ tərəfi Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən əsas ixrac neft və qaz kəmərlərinin tikintisinə fəal dəstək olmuşdur. 2017-ci il 14 sentyabr tarixində Azərbaycan və onun beynəlxalq enerji tərəfdaşları arasında Azəri, Çıraq və Günəşli yatağının dərinsulu hissəsinin birgə işlənməsinin 2050-ci ilədək uzadılmasına dair yenilənmiş Hasilatın Pay Bölgüsü (HPB) sazişində də ABŞ-ın Şevron və Ekson şirkətləri yer almışdır. ABŞ, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində rol oynayıb.
COP29 - ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİNDƏ YENİ İMKANLAR
Görüş çərçivəsində ABŞ Dövlət katibi COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini də Cənab Prezident əatdırıb və COP çərçivəsində ABŞ-ın da Azərbaycanla əməkdaşlığa və ölkəmizi bu istiqamətdə dəstəkləməyə hazır olduğunu deyib. Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev vurğulayıb ki, COP29 Azərbaycanla ABŞ arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə birgə işin aparılması üçün çox yaxşı imkanlar yaradır. Beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə maraqlı olan Azərbaycan dövləti bu toplantıların yüksək səviyyədə keçirilməsinə böyük şərait yaradır. Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un bu il Azərbaycanda keçirilməsi əlbəttə ki, ölkəmizə olan daha bir ehtiramın təzahürüdür. COP29 beynəlxalq konfransın Azərbaycanda, Bakıda keçirilməsi Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmətin təzahürüdür. Əlbəttə ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Təbii ki, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin inkişafının təqdimatı baxımından da əhəmiyyətlidir. İlk növbədə ölkəmizə gələn qonaqlar inkişafı öz gözləri ilə görmək imkanı qazanır, daha sonra isə bu haqda ətraflı məlumatlanırlar. Bu cür tədbirlər eyni zamanda ölkəmizin beynəlxalq imicinə də müsbət təsir edir. Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. "Cənab Dövlət katibi. Siz də qeyd etdiyiniz kimi, COP29 bizim ikitərəfli gündəliyimizin önəmli bir hissəsidir. Bu, gündəliyimizdə duran məsələlərin mövzularını genişləndirir və biz cari ildə bütün təşəbbüslərimizlə bağlı hökumətinizin dəstəyinə ümid edirik", - deyə Azərbaycan Prezidenti bildirib.
"SÜLH SAZİŞİNİN ƏN QISA ZAMANDA BAĞLANMASI BİZİM MİLLİ MARAQLARIMIZA CAVAB VERİR"
Prezident İlham Əliyev onu da bildirib ki, gündəliyimizdə daha bir məsələ var və bu da Qafqazda regional vəziyyətdir, xüsusilə Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasının perspektivləridir: "Azərbaycan sülh prosesinə sadiqdir və sülh sazişinin ən qısa zamanda bağlanması bizim milli maraqlarımıza cavab verir".
Bu iki dövlətin strateji müttəfiqliyinin getdikcə yaxşılaşması, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmlənməsi bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir.
Dövlətimizin başçısı ölkəmizin Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh gündəliyini dəstəklədiyini vurğulayıb, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın Baş naziri ilə keçirilmiş ikitərəfli görüşü qeyd edib və sülh müqaviləsinə dair danışıqların, sərhədlərin delimitasiyası üzrə görüşlərin keçirilməsi ilə bağlı razılaşmaların əldə olunmasını müsbət addım kimi qiymətləndirib. Artıq regionda de-fakto sülhün olduğunu bildirən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan-ABŞ ikitərəfli əlaqələri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən kənar şəkildə özlüyündə inkişaf etdirilməlidir.
Söhbət zamanı regional bağlantılar, nəqliyyat, Orta Dəhliz və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Hazırda iki ölkə arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Bu da ölkəmizin beynəlxalq aləmdəki mövqelərini daha da artırır, Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri ilə qarşılıqlı əməkdaşlığa malik olduğunu bir daha göstərir.
Zümrüd BAYRAMOVA