Bayrakları bayrak yapan üstündəki kandır,
Toprak, eğer uğrunda ölen varsa, vatandır!
Midhat Cemal Kuntayın ən uğurlu şeirlərindən olan “On beş yılı karşılarken" şeirində keçən bu misralar özündə çox böyük həqiqətləri daşıyır. Bu misralar bəlkə də dünyada torpağa, onun müqəddəsliyinə, doğmalığına verilən ən doğru, ən mötəbər qiymətdir. Vətən nədir? Hər bir kəs dünyaya gözünü açdığı ilk anda onu həyata gətirən qadın ananı görürsə, ilk qədəmlərini Vətən torpağında atır və atdıqca da Vətən sevgisinin, yurd eşqinin hərarətini daha dərindən hiss etmiş olur. Zaman ötüb keçdikcə, həyatı dərindən duyduqca bu sevgi daha da şirinləşir, əbədiləşir və insan daha qırılmaz tellərlə öz elinə, obasına bağlanır. Məşhur şairimiz Abbas Səhhətin də “Vətən” şeirində dediyi kimi:
Vətəni sevməyən insan olmaz,
Olsa, ol səxsdə vicdan olmaz.
Bəli Vətəni sevməyən insan olmaz. Məhz bu Vətən sevgisi sayəsində igid oğullarımız torpaqlarımızın ərazi bütövlüyünü qorumaq yolunda şəhidlik zirvəzinə yüksəliblər. Zaman-zaman mənfur düşmənlərimiz torpaqlarımıza göz dikərkən igid oğullarımız bir qarış ərazimizi yad əllərə verməmək üçün canlarını Vətən, Torpaq, Xalq uğrunda fəda etmişdir. Ta qədim zamanlardan başlayaraq, 20 yanvar, Birinci Qarabağ müharibəsi, 44 günlük müharibə, antiterror əməliyyatları zamanı neçə-neçə igidimiz canından keçərək, şəhidlik zirvəsinə ucalmışdılar. 20 Yanvar və Birinci Qarabağ müharibəsi zamanı oğullarımız daha az silahlanmasına baxmayaraq, bütün gücü ilə mübarizə aparmış və xalqı daha böyük fəlakətlərdən qorumuşdur. Tariximizin şanlı səhifələrindən olan 44 günlük müharibə zamanı isə daha mütəşəkkil şəkildə birləşərək, erməni qəsbkarlarına qarşı güclü mübarizə aparılmış və ciddi uğurlar əldə edilmişdir. Ərazilərimiz düşmən tapdağından azad edilmiş, şəhidlərimizin qisası layiqincə alınmışdır. Cenab Prezident İlham Əliyev 14 fevral 2024-cü il tarixində baş tutan andiçmə mərasimində də şəhidlərimizin haqqının ödənilməyəcəkliyini bir daha vurğulayib: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq.”
Bu gün biz azad şəkildə, sərbəst şəkildə öz elimizdə, obamızda yaşayırıqsa bunun səbəbi Vətən torpağını canından artıq düşünən oğullar sayəsində yaşayırıq. Biz hər birimiz ve hər zaman şəhidlərimizə, oğulsuz qalan analarımıza, atasız qalan balalarımıza, qardaşsız və yoldaşsız qalan qız gəlinlərimizə borcluyuq! Bizlər onların haqqını heç bir zaman ödəyə bilmərik! Allah şəhidlərimizə rəhmət eləsin!
Lalə Səlimzadə
YAP Yasamal rayon təşkilatının fəalı