14 Fevral 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Andiçmə mərasimində nitq söyləyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilk növbədə, prezident seçkilərində ona yenidən böyük etimad və dəstək göstərən doğma Azərbaycan xalqına öz dərin təşəkkürünü bildirdi. 20 ildən çoxdur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə öz dəstəyini göstərir. Dövlətimizin başçısı 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqına verdiyi bütün vədləri yerinə yetirdi. Uğurlarla, qələbələrlə dolu bu iyirmi ildə Azərbaycan xalqı bir yumruq kimi birləşərək mövcud olan çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolunu tutdular. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, biz öz taleyimizi və ölkə qarşısında duran problemləri heç kimin köməyi olmadan özümüz həll edirik.
Hələ 2018-ci ildə keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev demişdir ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. O gündən cəmi 2 il yarım keçmişdi ki, Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. On minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, öz ləyaqətimizi, ərazi bütövlüyümüzü bərpa edən xalq kimi şəhər və kəndlərimizi yenidən qururuq.
Şanlı tariximiz olan İkinci Qarabağ müharibəsi olmaya bilərdi. Ermənistan və onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər, böyük dövlətlər Ermənistanın işğalçılıq siyasətinə görə ona sanksiyalar tətbiq etsəydi bu müharibəyə ehtiyac qalmazdı. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması istiqamətində lazımi addımların atılması barədə Prezident İlham Əliyevin dəfələrlə müxtəlif tədbirlərdə Ermənistan rəhbərliyinə və ona dəstək verən böyük dövlətlərin rəhbərlərinə etdiyi bütün çağırış və xəbərdarlıqlar əfsuslar olsun ki, havada qaldı.
Azərbaycan ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında döyüş meydanında cəmi 44 gün ərzində Ermənistan ordusunu və onların uzun illər ərzində yaratmağa çalışdığı mifləri tamamilə darmadağın etdi, o dərəcədə ki, özlərinin etirafına görə, Ermənistan ordusunun 12 mindən çox fərarisi olmuşdur. Azərbaycan Ordusundan isə bir nəfər də olsun döyüş meydanını tərk etməmişdi. 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin gücünü, Azərbaycan xalqının iradəsini və əyilməz ruhunu göstərmişdir. Xalq bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində bütün tarixi və strateji vəzifələr təmin edildi. Şuşanın azad edilməsi tarixi hadisə olaraq, eyni zamanda, İkinci Qarabağ müharibəsinə son qoydu. Belə ki, ondan sonra Ermənistan ağ bayraq qaldıraraq təslim olmuş və kapitulyasiya aktına imza atmağa məcbur olmuşdur.
Müharibə bitdikdən sonra Azərbaycan həm beynəlxalq vasitəçilik etməyə çalışanlarla, həm Ermənistan tərəfi ilə çoxsaylı görüşlər zamanı öz prinsipial mövqeyini bütün məsələlərdə göstərmişdir. Kapitulyasiya aktında hər şey açıq-aydın göstərilmişdir. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi zamanı vurulan sarsıdıcı zərbələrdən qorxan Ermənistan tərəfi bəzi öhdəlikləri məcburən yerinə yetirdi, lakin vaxt keçdikcə gördük ki, yenidən bizə qarşı ərazi iddiaları irəli sürülür, onlar yenidən o çirkin əməllərindən əl çəkmək istəmirlər. Azərbaycan isə haqlı olaraq tələb edirdik ki, Ermənistan imzaladığı bütün şərtləri və öhdəliklər icra etməlidir. Lakin üç il ərzində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasındakı yol bağlantısı və s kimi öhdəliklərin yerinə yetirilməsi məsələsi öz həllini tapmamışdır.
Bunun müqabilində antiterror əməliyyatına qədər üç il ərzində böyük səbir nümayiş etdirən Azərbaycanın mövqeyi ədalətli mövqedir. Ermənistan və onun arxasında duran qüvvələr bunu nə qədər görmək istəməsələr də, bu gün heç nəyi gizlətmək mümkün deyil. Üç il ərzində nəinki Ermənistan öz silahlı qüvvələrini Qarabağ bölgəsindən çıxarmayıb, hətta əlavə silah-sursat və minalar göndərib, Azərbaycana qarşı mina terroru davam etməklə geniş vüsət almışdır. Ermənistan tərəfi buna özünümüdafiə donu geyindirməklə bütün dünyanı cəfəng versiyalara inandırmağa çalışıb. Bir-birini inkar edən təzadlı açıqlamalar verən Ermənistan bir tərəfdən 2022-ci ilin oktyabr ayında Azərbaycanın ərazi bütövlüyünü qəbul etdiyini bəyan edir, digər tərəfdən isə Azərbaycana qarşı ərazi iddialarından əl çəkmirdi.
Bu baxımdan antiterror tədbirləri qaçılmaz idi. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalı idi. İkinci Qarabağ müharibəsindən sonra atılan bütün addımlar məqsədyönlü şəkildə bu nəticəyə hesablanmışdır. Hər bir növbəti addım əvvəlki addımın məntiqi davamı idi. Azərbaycan xalqı hər şeyi bilir və hər şeyi yadda saxlayır. Bu gün hansı addımlar atılırsa o addımların hədəfə doğru getmək üçün böyük mənası var.
2023-cü ilin sentyabr ayında keçirilən Ermənistan ordusunu ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur edən antiterror tədbirləri bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi. Azərbaycanda separatizmin kökü kəsildi. Bununla da Azərbaycanın həm ərazi bütövlüyü, həm də dövlət suverenliyi tam bərpa olundu. Bu hadisə Azərbaycanın çoxəsrlik tarixində xüsusi yerə malikdir. Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir.
1980-ci illərin sonlarında Azərbaycan xalqına qarşı qanlı cinayətlərin başlandığı, soyqırımın planlaşdırıldığı, ərazi iddialarının irəli sürüldüyü məhz Xankəndi şəhərində səs verməyinin daha düzgün olduğunu qeyd edən cənab Prezident İlham Əliyev bildirib ki, orada verdiyi səs, o qutuya atdığı bülleten erməni separatçılarının tabutuna vurulan son mismar idi. Otuz il bizim tarixi yerimizi, Pənahəli xan tərəfindən salınan şəhəri qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər.
Dövlət başçımız çıxışında bəyan etdi ki, artıq yeni dövr başlayr. Zəfər seçkisində böyük birlik nümayiş etdirmiş Azərbaycan xalqı daha böyük nailiyyətlərin olacağı bu yeni dövrə alnı açıq, üzü ağ, başı dik daxil olur. Son illərin hadisələri göstərir ki, verilən bütün vədlər həyata keçirildi, qarşıya qoyulan bütün vəzifələr icra edildi. Bu baxımdan Azərbaycan xalqı yeni dövrə böyük ümidlərlə qədəm qoyur.
Günay Məmmədli
YAP Yasamal rayon Təşkilatı,
“Azərsu” ASC üzrə Ərazi Partiya Təşkilatının sədri