PDF Oxu

Siyasət

  • 2 998

Zəfər seçkisinin qalib Lideri ŞƏRH

Zəfər seçkisinin qalib Lideri ŞƏRH

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı. Siyasi, iqtisadi imkanların genişləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirdi. Hazırda regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Bəli, İlham Əliyev zəkası, işgüzarlığı, vətənpərvərliyi ilə xalqın ürəyinə geniş yol tapmışdır. Azərbaycan vətəndaşları həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev növbədənkənar prezident seçkilərində 92,12 faiz səs çoxluğu ilə qalibiyyət qazandı, onun əvəzsiz lider olması bir daha təsdiqləndi. O, xalqımızı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaqdır.

Xalqımız əsrə bərabər 20 ilin möhtəşəm uğurlarını, otuzillik işğala və ədalətsizliyə son qoyan Qələbə strategiyasını, Böyük Qayıdış yolunda böyük addımları, Azərbaycana siyasi-iqtisadi dividendlər qazandıran transmilli layihələri, misilsiz iqtisadi-sosial inkişafı, ölkəmizə böyük nüfuz və dəstək qazandıran müstəqil xarici siyasəti məhz Prezident İlham Əliyevin adı ilə bağlayır, onun fəaliyyətinin nəticəsi hesab edir. Cənab Prezident seçkilərində cənab İlham Əliyevə səs verən xalqımız bu nailiyyətlərin davamının gələcəyinə, yeni dövrdə qarşıda duran yeni vəzifələrin də uğurla yerinə yetiriləcəyinə əmindir. Azərbaycan Prezidenti İlham Əliyev praqmatik siyasətçidir. O, qarşıya strateji vəzifələr qoyur və hədəflərə çatmaq üçün zəruri tədbirlər görülməsini təmin edir. Azərbaycan məhz bu yolla özünün inamlı inkişafını təmin edir.

İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə xalqı əmin etmişdi ki, qarşıda duran bütün vəzifələri icra etməyə, Ona bəslənən yüksək etimadı doğrultmağa çalışacaq. Aradan 20 il ötüb. Bu illər uğurlarla, qələbələrlə dolu illər olub. Əlbəttə, böyük nailiyyətlərə gedən yol hamar olmayıb.

Cənab Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqində respublikamızın son 20 ildə keçdiyi yola nəzər salaraq bildirib ki, çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik.

Dövlət başçısı İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verməsi hər birimiz üçün böyük qürurdur. 30 il işğal altında qalan, amma heç zaman əyilməyən, qürurunu sındırmayan torpaqlarımız bu kimi qürurverici, özündə böyük siyasi və rəmzi mənanı əks etdirən hadisələrin yaşanmasından sevinclidir. Müzəffər Ali Baş Komandanın hər zaman bəyan etdiyi kimi, bu torpaqlar bizimdir və burada əbədi olacağıq.

Bu qələbə dünyanın yeni xarici siyasətinin formalaşmasında, yeni reallıqların yaradılmasında əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində hədəfləri açıqlayarkən xarici siyasətimizlə bağlı vurğuladığı kimi: “Biz bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Əsas olan budur ki, biz məğrur, öz tarixinə sahib çıxan, bir qarış belə torpağını düşmənə verməyən, mübarizəsindən geri dönməyən xalq olduğumuzu nümayiş etdirdik.”

Dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi “ bugünkü Azərbaycan Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Bu gün Azərbaycan regionda inkişafın aparıcı qüvvəsinə, dünya birliyinin fəal üzvünə çevrilib”.

Saleh Məhərrəmov

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri

Digər xəbərlər