Prezident İlham Əliyev: «Növbəti önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir»
Bəli, bu gün dövlət siyasətinin əsas prioritetlərindən hesab edilən Qarabağın, Şərqi Zəngəzurun bərpası barədə danışdıqda təbii olaraq Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icra əhəmiyyətini vurğulamalıyıq. Proqrama əsasən Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunan böyük qayıdış prosesləri artıq qısa zamanda reallığa çevrilir. Bu xüsusda ilk olaraq Zəngilanın Ağalı kəndinin ötən dövrdə "Ağıllı kənd" konsepsiyasına uyğun qurulmasını və soydaşlarımızın oraya mərhələli şəkildə köçürülməsini qeyd etmək lazımdır. Əgər ötən il Zəngilanın Ağalı kəndi "Böyük Qayıdış"ın ilk müjdəsi idisə, bu il Talış və Laçına qayıdış isə bu proqramın necə ciddi, dəqiqliklə hazırlandığını, surətlə və ardıcıl şəkildə gerçəkləşdiyini göstərdi.
AZƏRBAYCAN XALQI YENİ DÖVRƏ ALNIAÇIQ, ÜZÜAĞ, BAŞI DİK ADDIMLAYIR
Bəli, 2003-cü ildən başlanan yolda zəfər dastanı yazmaqda davam edən Azərbaycan xalqı yeni dövrə alnıaçıq, üzüağ, başı dik addımlayır. Azərbaycanın tarixinə uğurlu dövr kimi həkk olunan Qalib Lider, Prezident, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, ölkəmizdə xalqın və dövlətin maraqları hər zaman öndə gəlib. Bu illər ərzində ədalətə söykənən tariximizin zəfər səhifələri siyasi-diplomatik müstəvidə daha da möhkəmlənən etimadla, qarşıya qoyulan əsas hədəflərin yerinə yetirilməsi ilə zənginləşib.
Düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Milli Məclisdə andiçmə mərasimində əlini Ali rəmzlərin – Konstitusiyanın və "Qurani-Şərif”in üzərinə qoyaraq and içərək, şərəfli, məsuliyyətli missiyasının yeni mərhələsinə başladı. Dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə, xalqın əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq olacağına, onları daim uca tutacağına and içən müstəqil Azərbaycanın Qalib Lideri ilk növbədə, doğma Azərbaycan xalqına öz dərin təşəkkürünü bildirdi: “Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm”.
Bəli, 2003-cü ildə andiçmə mərasimində böyük əminliklə verilən vədlər bugünümüzün reallıqlarında öz təsdiqini tapıb. Ərazi bütövlüyümüz tam bərpa edildi, güclü hərbi sənaye kompleksi yaradıldı. Son 20 il ərzində Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tək Cənubi Qafqazın deyil, Qərblə Şərqin qovuşuğunda yerləşən böyük bir bölgənin ən nüfuzlu dövlətlərindən birinə çevrildi. Şanlı Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, parlaq gələcəyə hesablanmış addımlar deməyə əsas verir ki, Azərbaycanın taleyi etibarlı əllərdədir.
Ən əsas məqam isə ilk dəfə bütöv Azərbaycan ərazisində keçirilən seçkidə Ali Baş Komandanımız İlham Əliyev ailəsi ilə birlikdə Xankəndi şəhərində səs verməklə bütün tarixi torpaqlarımız kimi bu şəhərin də düşmən işğalından həmişəlik azad olunmasının dünyaya nümayişi idi. Dövlətimizin başçısının təbirincə desək, “Xankəndidə verilən səs, qutuya atılan bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”.
«BU GÜNƏ QƏDƏR TƏXMİNƏN 5400 KEÇMİŞ KÖÇKÜN ARTIQ BEŞ YAŞAYIŞ MƏNTƏQƏSİNƏ GÖNDƏRİLİB, ORADA YERLƏŞDİRİLİB VƏ BU İL ƏN AZI 20 YAŞAYIŞ MƏNTƏQƏSİNƏ KEÇMİŞ KÖÇKÜNLƏR QAYIDACAQ»
Dövlətimizin başçısı çıxışı zamanı Qarabağda və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərinə toxunaraq, yeni infrastrukturun yaradılmasından, şəhərlərin, kəndlərin salınmasından və uzun illər Vətən həsrəti çəkmiş həmyerlilərimizin geri dönüşündən bəhs etdi: «Növbəti önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir»,- deyən dövlətimizin başçısı onu da vurğuladı ki, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir: «Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir».
Azərbaycan Prezidenti İlham Əliyev mənfur düşmən etdiyi mənfur əməllərini nəzərə çatdıraraq vurğuladı ki, bizim ərazilərimizi minalayıb və 300-dən çox insan artıq həyatını, ya da ki, öz sağlamlığını itirib. Əfsuslar olsun ki, biz hər həftə belə ağır xəbərləri eşidirik. Minalardan təmizləmə prosesi gedir, 120 min hektar artıq təmizlənib, amma minalanmış ərazi qat-qat daha genişdir. Bütün bunlara baxmayaraq, keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir: «Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır».
2026-CI İLİN SONUNA QƏDƏR 140 MİN KEÇMİŞ KÖÇKÜN ÖZ EVİNƏ QAYIDACAQ
Bəli, bu gün dövlətimizin ümdə məqsədi insanlarımızın öz doğma yurd-yuvalarına qayıtması üçün zəruri olan tədbirləri mümkün qədər qısa müddətdə başa vurmaqdır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası azərbaycanlıların öz doğma torpaqlarına, evlərinə təhlükəsiz qayıdışını, həmin ərazilərdə firavan yaşayışını təmin edəcəkdir. Prezident İlham Əliyev çıxış zamanı bildirdi ki, Qarabağın və Şərqi Zəngəzurun real gələcəyini və inkişaf perspektivlərini əks etdirən bu mühüm əhəmiyyətə malik olan proqramın həyata keçirilməsi üçün dövlət bütün imkanlarını səfərbər etdəcəkdir.
"Əsl siyasət konkret, real iş görməkdir", – deyən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində hazırda, ilk növbədə, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm addımlar atılmaqdadır. "Bizim məqsədimiz iqtisadi cəhətdən güclü, siyasi cəhətdən müstəqil dövlət qurmaqdır", – ölkə başçısının bu sözləri aparılan siyasətin ana xəttidir.
«Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq»,-deyən dövlət başçımız bununla paralel olaraq, bütün sosial infrastruktur inşa edilir, xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpü, - 40 tunel və 90 körpü, - inşa edildiyini vurğuladı: «Yəni, bu, sadəcə olaraq işin miqyasını göstərir, bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında açılacaq. Yəni, geniş quruculuq işləri görüləcək. Əlbəttə ki, köçkünlər üçün yeni evlər, bütün müasir şəhərsalma qaydalarına uyğun olan yaşayış yerləri qurulacaq və tarixi şəhərlərimizin tarixi siması bərpa ediləcək».
Prezident İlham Əliyev onu da xüsusi olaraq bildirdi ki, bütün bunlara nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir: «Bu ilin yanvar ayının nəticələri ümidvericidir. Ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektorunda isə 12 faizdən çox artıb. Bu, ümidverici göstəricidir və onu göstərir ki, biz indi yavaş-yavaş öz iqtisadi templərimizi bərpa edirik. Müqayisə üçün deyə bilərəm ki, 2003-cü ildə bizim ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Yəni, bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir».
Bəli, bütün sahələrdə olduğu kimi, sosial sahədə görülmüş işlər də göz qabağındadır. Dövlətimizin başçısı andiçmə mərasimində son 20 il ərzində sosial sahədə əldə olunan nailiyyətləri rəqəmlərlə diqqətə çatdırdı: «2003-cü ildə bizim minimum əməkhaqqı, - bəlkə də çoxlarının yadında deyil, - 9 manat idi. İndi 345 manatdır. Əlbəttə ki, bu da yetərli deyil, ancaq dinamika var və dinamika davam edəcək. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. Əlbəttə ki, yenə də deyirəm, bu, bizi qane edə bilməz. Ancaq dinamika var, inkişaf var və ən önəmlisi, gözəl perspektivlər var. Bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır. Əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. Əldə edilmiş razılaşmalar, imzalanmış kontraktlar yaxın bir neçə ildə özünü elə göstərəcək, sıçrayış elə böyük olacaq ki, bunu hər kəs görəcək».
Bəli, dövlət başçımızın söylədiyi kimi…
«BU GÜN BİZ GƏLƏCƏYİ YARADIRIQ, ÖZ ƏLLƏRİMİZLƏ YARADIRIQ»
İşğaldan azad edilən tarixi torpaqlarımızda görülən bütün bu irimiqyaslı işlər birbaşa Prezident İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında həyata keçirilir. Hər zaman çıxışlarında "Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq", - söyləyən dövlət başçımız bildirir ki, bu istiqamətdə qarşıya qoyulan bütün hədəflər təmin edilir, Bax, budur müasir Azərbaycan həqiqətləri. Bütün bunlar əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır.
Bütün çətinliklərə, beynəlxalq ədalətsizliyə mətinliklə sinə gərən Azərbaycan dövləti inamla torpaqlarını azad etdiyi kimi, həm də erməni vandallığının qurbanı olan bütün şəhər və kəndlərini yenidən quracaq və dirçəldəcək. İşğaldan azad edilmiş rayonlarımıza, bütün Qarabağa yeni nəfəs veriləcək, bu torpaqlarda həyat qaynayacaq, dünya Azərbaycan xalqının quruculuq əzminin şahidi olacaq. Az bir zamanda Qarabağ və bütün işğaldan azad olunmuş ərazilər dirçələcək, bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarına qayıdıb, yaşayıb-yaradacaqlar. Ancaq mənfur düşmən unutmamalıdır, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımları Qarabağı qısa zaman kəsiyində dirçəldəcək, ərazilərimiz minalardan təmizləniləcək və insanlar öz el-obalarına geri dönəcəklər. Artıq insanlar öz el-obalarına geri dönməkdədilər. Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır! Qarabağ cənnət məkanıdır!
RƏFİQƏ KAMALQIZI