Türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsi çağdaş dünyada çox əhəmiyyətli güc mərkəzinin formalaşmasından xəbər verir. Azərbaycan və Türkiyə bu güc mərkəzinin bazasını təşkil edərək prosesə öz töhfələrini verirlər. Məhz belə məqamda Prezident İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi təbii haldır.
Bu iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunun göstəricisi olmaqla yanaşı, həmçinin dostluq, qardaşlıq münasibətlərinin strateji mahiyyət kəsb etdiyinin göstəricisidir. Həmin görüşlər zamanı Azərbaycan və Türkiyə Prezidentlərinin verdiyi mesajlar türk dövlətlərinin TDT çərçivısində sıx birliyinin möhkəmlənəcəyindən, bu təşkilatın önəminin, miqyasının və rolunun dünyada yüksələcəyindən xəbər verir.
Ötən əsrin 70-80-ci illərində türkdilli ölkələrin nə zamansa müstəqil olacaqlarını heç kim ağlına gətirmirdi. Hətta müstəqillik ideyasını kimsə ciddi qəbul edə bilməzdi. Tarixin gedişi göstərir ki, dünyada çox fərqli bir proses yaşanır. Bu gün isə geosiyasi proseslərin davamı olaraq, tarixi gerçəyin yaratdığı şəraitin diktəsilə türkdilli ölkələr arasında əməkdaşlıq xeyli dərinləşib. Hətta Türk Dövlətlər Təşkilatının hədəfləri böyük bir coğrafiya üçün strateji əhəmiyyət kəsb edir.Türk coğrafiyasının genişlənməsi millət olaraq bizim strateji maraqlarımıza uyğundur. Biz bu proseslərə ən azından hazırlıqlı olmalıyıq.
Dünyanın belə qaynar çağında yeni güc mərkəzi formalaşır. Çox müsbət haldır ki, bu güç mərkəzi heç bir topluma, ölkəyə qarşı çevrilmiş ittifaq deyil. Türkiyənin və Azərbaycanın böyük dəstəyi ilə formalaşan bu birlik inkişafa, sabitliyə, təhlükəsizliyə, iqtisadi əməkdaşlığın dərinləşməsinə hədəflənir.
Digər tərəfdən bu gün bir çox dövlətlərin ərazisində yaşayan etnik türklər var. Böyük ehtimalla onların da gələcəkdə bu qlobal güc mərkəzindən faydalanması realdır. Türk coğrafiyasının genişlənməsi regionda və dünyada sabitliyə, inkişafa töhfə verməklə bərabər qeyri türk dövlətləri üçün də əhəmiyyətli olacaq.
Əkrəm Bəydəmirli