Siyasət

  • 1 163

Yeni reallıqlar yaradan Azərbaycan sülhün təşəbbüskarıdır ŞƏRH

image

Dünyanın bir çox nüfuzlu təşkilatlarına üzv olan Azərbaycan regional və qlobal layihələrin reallaşmasında fəal iştirak edərək sülhün və sabitliyin gücləndirilməsinə töhfələrini verir. Azərbaycan beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, irimiqyaslı infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olan bir ölkə kimi tanınır. Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanaraq, xarici siyasətini həyata keçirən Azərbaycan dünya dövlətləri, eləcə də qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olmuşdur. Bu gün isə Azərbaycan öz qüdrətli Liderinin uzaqgörən, qətiyyətli siyasəti ilə regionda yaranmış yeni reallıqlar fonunda daha möhtəşəm gələcəyə hesablanmış siyasət həyata keçirir. Dünya dövlətləri ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir. Parlamentlərarası İttifaqla əlaqələri də dinamik şəkildə inkişafdadır və Azərbaycan Prezidenti İlham Əliyevin Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqunu qəbul etməsi əlaqələrin müasir dövrdə davamlığına söykənir.
Dövlətimizin başçısı Martin Çunqonqunu qəbulu zamanı Minsk qrupunun 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədiyin vurğulayaraq, Azərbaycan torpaqlarının işğaldan azad olunmadığını diqqətə çatdırıb. Məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Azərbaycan tərəfi isə torpaqları işğal altında olan zaman haqlı şəkildə Minsk qrupunun üzv dövlətlərini Ermənistana təzyiq göstərmək, ona müvafiq sanksiyalar tətbiq etmək barədə təkliflər irəli sürdüyü zamanda Minsk qrupu tərəfindən bu istiqamətdə heç bir liyiqli cavab verilmədi.
Həm Vətən müharibəsi, həm də ondan sonrakı dövrdə Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzunun müsbət nəticələri özünü göstərdi. Bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir. Bu, Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə, eləcə də postmüharibə dövründə həyata keçirdiyi siyasətin nəticəsidir.
2020-ci ildə 44 günlük Vətən müharibəsində ədaləti bərpa edən Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarına çevrilib. Cənab Prezidentin bildirdiyi kimi, ölkəmiz Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı olan Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb. Bu 5 əsas prinsip beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür.
Dövlətimizin başçısı 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə götürdüyü bir sıra öhdəliklərini yerinə yetirmədiyini, son 3 il ərzində Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməkdə davam etdiyini bildirib. Azərbaycan Prezidenti ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma "Dağlıq Qarabağ respublikası"nın "müstəqilliyi" münasibətilə göndərdiyi təbrikin, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası "prezident seçkiləri"nin sülh prosesinə ciddi zərbə vurduğunu, Azərbaycanın özünün ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün antiterror tədbirləri keçirməli olduğunu vurğulayıb.
Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülhün mövcud olduğunu bildirən dövlət başçımız onu da qeyd edib ki, prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.
Bu gün Azərbaycan apardığı siyasət nəticəsində regionda liderliyini qoruyub saxlayır. Eyni zamanda, ölkəmiz Cənubi Qafqazın iqtisadi baxımdan da lider dövlətidir.
Azərbaycanın bugünkü reallıqlarına nəzər salaraq görmək olar ki, ölkə sözün əsl mənasında müstəqil dövlət kimi dünya arenasında layiqli yerə sahibdir.

Azər SÜLEYMANOV
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Digər xəbərlər