Siyasət

  • 986

Türkiyə-Azərbaycan birliyi tarixi köklərə əsaslanır ŞƏRH

image

Fevralın 19-da Azərbaycan Prezidenti İlham Əliyev seçkilərdən sonra ilk rəsmi səfərini ənənəvi olaraq qardaş Türkiyə Respublikasına etdi. Bu səfər qardaşlıq əlaqələrimizin daha da dərinləşməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Avrasiya regionu üçün xüsusi əhəmiyyət kəsb edən Türkiyə-Azərbaycan birliyi tarixi köklərə əsaslanır. Sarsılmaz və dönməz qardaşlıq münasibəti hər iki dövlət tərəfindən atılan bütün addımlarda özünü təzahür edir. Dünya miqyasında söz sahibi olan Türkiyə özünün güclü iqtisadi, hərbi və sənaye potensialı ilə bölgəmizdə əmin-amanlığın, sülhün və əməkdaşlıq mühitinin inkişafında önəmli rol oynayır. Güclü Türkiyənin varlığı, Türk dünyasına mənsub olan hər bir insan üçün böyük fəxr və qürur mənbəyidir. Azərbaycan daima qardaş Türkiyənin uğurlarına sevinir və hər zaman onun yanındadır.

Türkiyə-Azərbaycan qardaşlığı özünü əməldə sübut etmiş, dünya dövlətlərinə nümunə olacaq əlaqələrdir. Vətən Müharibəsinin başlanğıcından sonuna qədər qardaş Türkiyə hər zaman Azərbaycan dövlətinin yanında olub və öz qəti dəstəyini həm diplomatik, həm də hərbi sahədə nümayiş etdirib. Bu qarşılıqlı dəstək Böyük Qələbənin əldə olunmasından sonra Şuşada Müttəfiqlik Bəyannaməsinin imzalanması ilə Türkiyə-Azərbaycan qardaşlığını ən yüksək zirvəyə qaldırdı.

Hər iki ölkə arasında əlaqələrin dərinləşməsi Türk dünyasının birliyi və Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər arasında münasibətlərin daha da yaxınlaşdırılması baxımından önəmli rol oynayır. İyul ayında Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü və burada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin iştirakı Türk xalqlarının birliyinə güclü təkan verəcək. Eyni zamanda keçiriləcək Zirvə görüşü Azərbaycan və Türkiyə liderlərinin Türk xalqlarının birliyinə hansı səviyyədə həssaslıqla yanaşdıqlarını nümayiş etdirir. Türk xalqlarının birliyini müasir geopolitik nizamda təmin və inkişaf etdirməyə qadir iki böyük lider var – Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan.

7,5 milyard dollarlıq ticarət dövriyyəsi, 9 milyard kubmetr təbii qaz ixracı, hər il ən azı 10 hərbi təlim, müdafiə sənayesində ortaq istehsal planlarının mövcudluğu və digər sahələrdə birgə fəaliyyətin həyata keçirilməsi Türkiyə-Azərbaycan əlaqələrinin miqyasını ölçüləbilən vahidlərlə dolğun şəkildə ifadə edir.

Səfər çərçivəsində imzalanan memorandumlardan biri də Türkiyə-Azərbaycan Universitetinin yaradılması oldu. Birliyimizin növbəti rəmzi olacaq bu ali təhsil müəssisəsi bölgədə aparıcı mövqeyə malik olmaqla bərabər hər iki ölkə gənclərini milli ənənələrə bağlı şəkildə ölkələrimizin gələcək inkişafına yönəldəcək tarixi əhəmiyyətli addımdır.

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Digər xəbərlər