Siyasət

  • 835

Xalqın etimadı, xalqın seçimi ŞƏRH

image

Müstəqil Azərbaycanın tarixində daha bir tarixi gün arxada qaldı. Fevralın 7-də keçirilən Prezident seçkiləri böyük uğurla başa çatdı. Xalqımızın bayram əhval - ruhiyyəsi ilə keçirdiyi növbədənkənar prezident seçkiləri müasir tariximizin növbəti şanlı səhifəsinə çevrildi. Bu, seçkilər Azərbaycanın müstəqillik tarixində ilk dəfə idi ki, ölkənin bütün ərazisində keçirildi.
7 nəfər namizədin iştirakı ilə keçirilən seçkilərdə son 4 seçkinin - 2003, 2008, 2013 və 2018-ci il seçkilərinin qalibi - hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri və prezidentliyə namizədi İlham Heydər oğlu Əliyev parlaq qələbə qazandı.
O, 7 fevral seçkilərində də bütün rəqiblərini geridə qoyaraq, Azərbaycan xalqının mütləq əksəriyyətinin səsini qazandı və 92,12 faizlə yenidən - 5-ci dəfə Azərbaycan Respublikasının prezidenti seçildi.
Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. Azərbaycan xalqı müdrik seçim edərək, ulu öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı cənab İlham Əliyevə səs verdi.
Bəli, İlham Əliyev zəkası, işgüzarlığı, vətənpərvərliyi ilə xalqın ürəyinə geniş yol tapmışdır. Azərbaycan vətəndaşları həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır.

Fevralın 14-ü xalqa və dövlətə sədaqət andı içən Prezident İlham Əliyev şərəfli missiyasının yeni mərhələsinə başladı.
Prezident İlham Əliyev dərin məzmunlu nitqində öncə vurğuladı ki, 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik.
Verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi. O vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq.”

Cənab Prezident eyni zamanda bir sıra önəmli, vacib vəzifələri də sadaladı. İqtisadi və sosial yönümlü məsələləri, fəaliyyət istiqamətlərini açıqladı, konkret hədəfləri diqqətə çatdırdı. İşğaldan azad edilmiş ərzilərimizin bərpasını və yenidən qurulmasını növbəti mühüm vəzifə kimi qiymətləndirdi, Qarabağ və Şərqi Zəngəzurda görülən işlər barədə də söz açdı. Dövlətimizin başçısı qeyd etdi ki, bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq.
Bununla paralel olaraq, bütün sosial infrastruktur inşa edilir, xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpü, – 40 tunel və 90 körpü, – inşa edilir. Yəni, bu, sadəcə olaraq işin miqyasını göstərir, bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında açılacaq.
Ölkə Başçısı cənab İlham Əliyev Azərbayca-Ermənistan münasibətlərinin normallaşması prosesinə də toxundu, bu məsələnin beynəlxalq gündəlikdən çıxarılmasını bildirdi: “Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir. Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!”
Dövlətimizin başçısı həmçinin qeyd etdi ki, Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəm.
Eyni zamanda vurğuladı ki, bizim ailəmiz Türk dünyasıdır. Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. İndi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur.

Fidan Hüsynova,
YAP Quba rayon təşkilatının sədri

Digər xəbərlər