Siyasət

  • 2 053

Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafın yeni dayaq nöqtəsi olacaq - ŞƏRH

image

Sevindirici haldır ki, növbəti 7 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni möhtəşəm uğurlarla, tarixi Qələbələrlə dünyaya səs salacaq

Konstitusiya Məhkəməsi 2024-cü il 13 fevral tarixli qərarı ilə növbədənkənar prezident seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Prezidenti elan edib.

Fevralın 14-də Prezident İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə mərasimi hərarətlə qarşılanıb. Dövlətimizin başçısı əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq Prezident səlahiyyətlərini həyata keçirərkən Konstitusiyaya əməl edəcəyinə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə and içib. Sonra Prezident müqəddəs “Qurani-Şərif”ə əl basaraq Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağına, onları daim uca tutacağına and içib.

Çıxışında prezident seçkilərində yenidən göstərilən böyük etimad və dəstəyə görə doğma Azərbaycan xalqına öz dərin təşəkkürünü bildirən Prezident İlham Əliyev yeni hədəf və perspektivləri diqqətə çatdırıb.
Artıq 20 ildən çoxdur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə öz dəstəyini göstərir. 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə cənab İlham Əliyev əziz xalqını əmin etmişdi ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacaq. Bu illər uğurlarla, qələbələrlə dolu olub. Təbii ki, müəyyən çətinliklər və problemlər də olub. Ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedib. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq. Öz taleyimizi, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan əsaslı şəkildə həll edirik.

2003-cü ildə Prezident İlham Əliyevin xalqa verdiyi bütün vədlər yerinə yetirildi. Prezidentin xalqa verdiyi vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Dövlət başçımız o vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə bu kürsüdən andiçmə mərasimində demişdi ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt xalqımız öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etdi. 300-dən çox şəhər və kənd, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edildi. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik.

2023-cü il sentybarın 19-20-də Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünü tam bərpa etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq. Ərazi bütövlüyümüzü və öz ləyaqətini bərpa edən xalq kimi şəhər və kəndlərimizi yenidən qurub-yaradırıq.
Əlbəttə ki, Azərbaycan hökuməti ölkəmizdə yoxsulluğun azaldılması və işsizliklə bağlı uğurlu fəaliyyətini davam etdirəcək. Hazırda yoxsulluq ölkəmizdə 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. İşsizliklə bağlı daim işlər aparılacaq ki, işsizlik daha aşağı səviyyədə olsun. Müstəqillik dövründə ölkə əhalisi 3 milyon artıb. Artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir. Azərbaycanda bu problemin qarşısını almaq üçün hər il 10 minlərlə yeni iş yeri yaradılır. Bunun üçün əlbəttə ki, daxili resurslar kifayət deyil. Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq. Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı, həm də turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir.

Azərbaycan o ölkələrdəndir ki, açıq dənizlərə çıxışı yoxdur. Ancaq buna baxmayaraq, bu gün ölkəmiz nəqliyyat mərkəzlərindən birinə çevrilib. Getdikcə rolumuz artacaq, bizə müraciətlər də çoxalacaq. Necə ki, bu gün xahişlə müraciət edirlər ki, “bizə qaz verin, bizdə qaz çatmır” və sair, burada da eyni mənzərə olacaqdır.

Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət daxili siyasətin davamıdır. Ona görə bundan sonra da dövlətimizin xarici siyasəti çox açıq-aydın olacaq. Bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə Azərbaycanı BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.

Bütün bu uğurlar ondan xəbər verir ki, xalqımız doğru seçim edərək ölkəmizin xoşbəxt gələcəyinə səs verib. Bəli, Azərbaycan doğru yoldadır. Sevindirici haldır ki, növbəti 7 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu doğru yolda əmin addımlarla irəliləyərək yeni möhtəşəm uğurlarla, tarixi Qələbələrlə dünyaya yenidən günəş kimi doğacaqdır.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri

Digər xəbərlər