PREZİDENT İLHAM ƏLİYEV: «Türk dünyasının birləşməsi Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək»
PREZİDENT RƏCƏB TAYYİB ƏRDOĞAN: «Qarşıdakı dövrdə Can Azərbaycan ilə qardaşlıq hüququmuz və Şuşa Bəyannaməsində ortaya qoyduğumuz ruhla yol getməkdə davam edəcəyik»
Müqəddəs deyim var: “Haqlısansa qorxma, haqq səni qoruyacaq!”. Bəli, haqlı olduğumuz üçün haqq, ədalət, ərazi bütövlüyümüz bərpa oldu. Və bu gün qədim tarixlərin sınağından çıxmış, aforizm kimi dillər əzbəri olan “Azərbaycan-Türkiyə – Bir millət, iki dövlət” həmrəyliyinin nəticəsində Qələbə Zəfrinə nail olduq. O da təsadüfi deyildi ki, Vətən müharibəmizin qələbə ilə başa çatmasından cəmi bir ay sonra, Azadlıq meydanında keçirilən təntənəli Zəfər paradında qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da fəxri qonaq qismində iştirak etdi, möhtəşəm qələbə qürurumuzu bizimlə birlikdə yaşadı, sevincimizi paylaşdı. Türkiyə Prezidenti işğaldan azad olunan ərazilərimizə də səfər edərək barbar ermənilərin o torpaqlarda törətdiyi vəhşiliklərə, tarixi, mədəni, dini irsimizə qarşı nümayiş etdirdiyi vandallığa əyani şahidlik etdi.
Vətən müharibəsinin başlandığı gündən dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla dostluğumuzun, qardaşlığımızın nə qədər sarsılmaz olduğunu, böyük öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” tezislərinin bir daha reallıqda təsdiqinin təqdimatı oldu. İki qardaş ölkənin müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsində də böyük öndərlərin bu fikirlərinin Türkiyə-Azərbaycan münasibətlərinin əsasında dayandığı xüsusi qeyd olunub. Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca önəmli məqamlardır.
TÜRKİYƏ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN: «Qarşıdakı dövrdə Can Azərbaycan ilə qardaşlıq hüququmuz və Şuşa Bəyannaməsində ortaya qoyduğumuz ruhla yol getməkdə davam edəcəyik»
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə bir arzunu ifadə etdi ki, seçkilərin nəticələri Türkiyə-Azərbaycan münasibətləri və qardaş Azərbaycan xalqı üçün xeyirli olacaq. Qarşıdakı dövrdə Can Azərbaycan ilə qardaşlıq hüququmuz və Şuşa Bəyannaməsində ortaya qoyduğumuz ruhla yol getməkdə davam edəcəyik. Həm də hər iki ölkə liderlərinin istər təkbətək, istər geniş tərkibdə görüşlərində, istərsə də mətbuata birgə bəyanatlarında bu mühüm addımın bir ənənə halını alaraq münasibətlərimizin göstəricisi olduğunu bir daha göstərdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında yeni dövrdə mükəmməl səviyyədə davam edən əməkdaşlığımızın həmişəkindən daha yüksək səviyyəyə çatdırılacağına əminliyini ifadə etdi. Əlbəttə 7 fevral seçkilərini böyük maraq və coşqu ilə izləyən Türkiyə ictimaiyyəti də bu səfəri gözləyirdi. Bu baxımdan Prezident seçkilərindən sonra cənab İlham Əliyevin fevralın 19-da ənənəvi olaraq məhz ilk səfəri qardaş Türkiyəyə etməsi tarixi dostluğa, qarşılıqlı etimada, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələrə ehtiramın bariz göstəricisi olmaqla yanaşı, sevincli və kədərli günlərdə bir-birinin yanında olmaq kimi dövlətlərarası münasibətlər səviyyəsini aşan müstəsna durum, fövqəladə üstünlük var.
Bəli, istər Azərbaycanın, istərsə də Türkiyənin xoş günlərində də, çətin günlərində də bir-birinin yanında olub, Çünki Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır. Vətən müharibəsində dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” bəyan etməsi, Qələbə Zəfərində iki qardaş birliyi – İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan - "Bir millət, iki dövlət" birliyini nümayiş etdirdi.
Budur, çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz!
Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki proqram xarakterli tarixi nitqində də də bir daha vurğuladı ki…..
PREZİDENT İLHAM ƏLİYEV: «Bizim ailəmiz türk dünyasıdır…türk dövlətləri təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz türk dövlətləri təşkilatını gücləndirməkdir»
Bu gün Azərbaycanın türk dövlətləri və bu coğrafiyanın lideri olan Türkiyə ilə münasibətlərinə yeni dönəmin çağırışları fonunda daha mükəmməl qarşılıqlı baxışların formalaşması iki qardaş ölkə arasındakı sarsılmaz əlaqələrin və əməkdaşlığın daha möhkəm tellərlə bağlılığı üçün ideoloji təməl rolunu oynayır. Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki proqram xarakterli tarixi nitqində Azərbaycanın beynəlxalq aləmdəki roluna və yerinə verilən siyasi qiymət dünya ictimaiyyətinin diqqətini çəkən vacib məqamlardan biridir. Prezident İlham Əliyev çıxışı zamanı bu strateji istiqaməti bütün dünyaya bəyan edərək söylədi ki, “Bizim ailəmiz Türk dünyasıdır… Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox! Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.
Göründüyü kimi, bu səfər indiyədək əsası qoyulmuş ənənənin davamı olmaqla yanaşı, tarixi dostluğa, qarşılıqlı etimada, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələrə ehtiramın bariz göstəricisi olmaqla, həm də bu gün bu siyasi kurs İlham Əliyev – Ərdoğan qardaşlığı timsalında özünün ən yüksək inkişaf mərhələsindədir. Ölkələrimizin qarşılıqlı əməkdaşlığı, birgə hədəfləri onu deməyə əsas verir ki, müştərək inkişaf xətti daha da dərinləşəcək və güclənəcək. Prezident İlham Əliyevin təbirincə desək: “Türkiyə– Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inki-şafı üçün birgə səylər göstəririk”.
Ankarada keçirilən rəsmi tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək və geniş tərkibdə görüşləri olub, hər iki dövlə üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi keçirilib.
TÜRKİYƏ BU GÜN DÜNYA ÇAPINDA SÖZ SAHİBİDİR
Mətbuata bəyanatında Prezident İlham Əliyev Türkiyənin bu gün dünya çapında söz sahibi olduğunu bildirib. Təkcə bölgəmizdə deyil, dünya çapında Türkiyənin mövqeyindən bir çox məsələlər asılıdır. Türkiyə bölgəmizdə barışın, istiqrarın, sülhün və iş birliyinin qarantıdır.
Qeyd edilib ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Belə ki, bu ilin iyulunda Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti iştirak edəcək və bu, türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcəkdir.
Ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir. 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan 30 il düşmən işğalı altında olan toppaqlarının böyük bir hissəsini azad etdi və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda olub. Müharibənin ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çox qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj oldu və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi Azərbaycan savaş meydanında cəmi 44 gün ərzində həll etdi. Bu da bir daha sübut etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır.
Dövlət başçısı İlham Əliyev bir daha diqqəti 44 günlük İkinci Qarabağ müharibəsi zamanı qardaş ölkənin, onun Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə siyasi və mənəvi dəstəyinə yönəldərək bildirdi ki, Azərbaycan xalqı Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. İkinci Qarabağ müharibəsindən sonra göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı. Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Öz gücümüzə güc qatırıq. Təbii ki, türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Yeri gəlmişkən, imzalanan Şuşa Bəyannaməsi dünyaya səs saldı. Hər bir önəmli hadisəni iki dost ölkənin Prezidentlərinin birgə qeyd etmələri diqqətdən kənarda qalmır. Bu, bir daha təsdiqləyir ki, Türkiyə və Azərbaycan hər zaman bir yerdədir, bir-birlərinə dəstəklərini əsirgəmirlər. Qarşılıqlı etimad mühitinin mövcudluğu münasibətlərin dayanıqlı inkişafında öz sözünü deyir. Ötən ilin fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Azərbaycanın göstərdiyi qardaşlıq nümunəsi dünyanın diqqətində oldu. İlk andan “Qardaş Türkiyə, səninləyik!” şüarı bir çağırışa çevrildi. Prezident Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində keçirilən təkbətək, həmçinin geniş tərkibdə görüşlərdə, mətbuata birgə bəyanatlarında Prezident İlham Əliyevin şəxsində bütün Azərbaycan xalqına ötən il baş verən zəlzələlər zamanı göstərdiyi həmrəyliyə görə təşəkkür etdi. Bildirdi ki, digər yardımları ilə yanaşı, Azərbaycan Kahramanmaraşda 32 hektar ərazidə 1000 ev və 799 iş yeri inşa etməkdədir.
Beləliklə, Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Görüşünün bu ilin iyul ayında Qarabağın tacı Şuşada keçirilməsi qürurverici hadisə kimi qeyd olundu. Azad Qarabağımız türk dünyasının birliyini, həmrəyliyini dünyaya çatdıracaq. Dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da qeyd etdi ki, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin də Zirvə Görüşündə müşahidəçi statusunda iştirakı ümumi işimizə, türk xalqlarının birliyinə növbəti güclü təkan verəcək.
Eyni zamanda, iki ölkə arasında əməkdaşlığın önəmli istiqamətlərindən biri də hərbi sahədə əməkdaşlıqdır. Hər il ən azı 10 birgə hərbi təlim keçirilir ki, bu da bizim hərbi gücümüzü daha da artırır. İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirilən antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqlədi, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq.
VAXTİLƏ QARŞIYA MÜŞTƏRƏK HƏDƏFLƏR QOYDUQ VƏ İNDİ BU HƏDƏFLƏRƏ DOĞRU GEDİRİK
Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Türkiyəyə rəsmi səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi görüşlərdə, mətbuata birgə bəyanatlarında əməkdaşlıq əlaqələrinin genişləndirilməsində əsas amillərdən olan nəqliyyat imkanlarına xüsusi diqqət yönəldildi.
«Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Bizə həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur. Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturu işlək vəziyyətdədir. Sadəcə olaraq bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və biz bunu da edirik. Dünyadakı geosiyasi vəziyyətin yaxın gələcəkdə dəyişməsi, yəqin ki, mümkün deyil. Belə olan halda bizim nəqliyyat infrastrukturumuza olan ehtiyac daha da artacaq.» Dövlət başçısı İlham Əliyev fevralın 14-də andiçmə mərasimində ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlardan, malik olduğu imkanlardan bəhs edərək diqqəti nəqliyyat sektorunda gördüyü işlərə yönəltdi. Bildirdi ki, üstünlüyümüz vaxtilə bütün lazımi infrastruktur layihələrini icra etməyimizdir. Bu, həm Xəzər dənizində, həm də dəmir yolu, avtomobil yolları, dəniz limanı infrastrukturunda özünü nümayiş etdirir. Səkkiz beynəlxalq aeroportumuz var. Doqquzuncu Laçında inşa edilir: «Yəni, biz tam hazırıq. Hazır olmayanlar da öz işlərini görsünlər, öz ərazilərində çatışmayan infrastruktur layihələrini icra etsinlər. Əlbəttə ki, beynəlxalq təcrübəyə əsaslanaraq biz tranzit ölkə kimi öz imkanlarımızı təqdim edirik. Əlbəttə ki, bundan həm iqtisadi, həm siyasi dividendlər alacağıq.»
Dövlət başçısı İlham Əliyev daim çıxışlarında Azərbaycanın açıq dənizə çıxışı olmadığını önə çəkərək bunun fonunda nəqliyyat mərkəzlərindən birinə çevrildiyini xüsusi qeyd edir. Andiçmə mərasimində hədəfləri açıqlayarkən bu sahədə də ötən illərdə əldə edilən müsbət nəticələrə söykənərək belə bir əminliyi ifadə etdi ki, getdikcə rolumuz artacaq, müraciətlər də çoxalacaq. Necə ki, bu gün xahişlə müraciət edirlər ki, “bizə qaz verin, bizə qaz verin, bizdə qaz çatmır” və sair.
Eyni zamanda, səfər çərçivəsində imzalanan sənədlərin hər biri birliyimizin, həmrəyliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir. Belə ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” imzalandı. Ölkə başçısı İlham Əliyev mətbuata bəyanatında diqqəti Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına yönəldərək bildirdi ki, bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Gənc nəsil həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalı, milli-mənəvi dəyərlərimizə sadiq, yad təsirdən uzaq, bilikli, savadlı vətənpərvər olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, birliyimizin növbəti rəmzidir.
Səfər çərçivəsində keçirilən tədbirlərdə eləcə də Qars-Naxçıvan dəmir yolunun tikilməsinin mühüm əhəmiyyəti vurğulanıb. Önəm daşıyan məsələlər sırasında Azərbaycanın Naxçıvan ərazisindən elektrik ixracı və İğdır-Naxçıvan təbii qaz boru kəməri layihələrinin ən qısa zamanda başa çatdırılması da dayanır. Xatırladaq ki, Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu 2020-ci il dekabrın 15-də Ankarada imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 10 fevral 2022-ci il tarixli sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə keçən il iyunun 5-də qəbul edilən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın prioritet layihələri sırasında yer alıb.
Bir sözlə, həmişə olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin növbəti səfəri də bir daha sübut edir ki, “Bir millət, iki dövlət” kəlamı, sadəcə, deyim deyil, siyasi, iqtisadi, mədəni, mənəvi, hərbi, geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapan əməkdaşlıq formatıdır. Atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib.
Bir sözlə, yaşanan reallıqlar bir daha onu göstərir ki, Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır və bu, bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar. Onlara öz yerlərini göstərirlər. Bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur! Çünki hər iki ölkə liderlərinin səfərləri maraqlara deyil, dəyərlərə əsaslanan Türkiyə-Azərbaycan qardaşlıq birlik səfəridir.
RƏFİQƏ KAMALQIZI