PDF Oxu

Siyasət

  • 2 130

"Türk Dövlətləri birliyi xalqların xoşbəxtliyinə yönəldilmişdir" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

"Türk Dövlətləri birliyi xalqların xoşbəxtliyinə yönəldilmişdir" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Türk Dövlətləri Təşkilatı yeni güc birliyidir və bu birliyin formalaşdırılmasında Türkiyə və Azərbaycan müstəsna rola malikdir. Bu birliyi dövrün reallıqları doğurur və müasir dünyada güc sahibi olmadan dövlətin suverenliyini qorumaq mümkün deyildir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədri qeyd edib ki, Azərbaycan bunu öz taleyində uzun illər hiss etmiş, gücsüz olduğu, möhkəm iqtisadiyyata, mübariz orduya, birliyə malik olmadığı üçün 20 faiz torpağı uzun illər işğal altında qalmış, şəhər və kəndləri viran edilmişdir.“Ulu Öndərimiz ölkəyə rəhbərlik etdiyi, cənab İlham Əliyevin Prezident olduğu 20 ildə iqtisadiyyatda əsaslı dönüş yaradılmış, ordu quruculuğuna xüsusi diqqət yetirilmiş, ölkədə ictimai-siyasi sabitlik bərpa edilib möhkəmləndirilmiş, beynəlxalq aləmdə münasibətlər genişləndirilmiş, vətəndaş həmrəyliyi, birlik təmin edilmişdir. Məhz bütün bunların nəticəsində Azərbaycan güclü dövlətə çevrilmiş və ölkə prezidenti dünyaya haqq-ədalət diktəsini etmiş, bir dövlət rəhbəri, Ali Baş Komandan kimi qələbələrimizə, uğurlarımıza yol açmışdır. Azərbaycanın bu uğurları əldə etməsi, sərbəst, müstəqil siyasət yürütməsi, milli maraqları hər şeydən üstün tutması, heç kimin diktəsinə əməl etməməsi sözsüz ki, böyük dövlətləri narahat etməli idi və belə də oldu. Düşmən üzərində tarixi qələbəmizdən sonra dövlətimizə qarşı yönələn təsirlər-saxta bəyanatların verilməsi, qətnamələrin qəbul edilməsi, şantaj, böhtan xarakterli məlumatların yayılması, bir çox ölkə parlamentlərində əsassız sənədlərin hazırlanması və digər amillər bunun göstəricisidir. Ölkəmizin rəhbəri cənab İlham Əliyev bunu yaxşı bilirdi və xalqımızı xəbərdar edərək bildirirdi: “Biz-ikinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, - sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Biz hazır olmalıyıq, səfərbər olmalıyıq, əlbəttə ki, cəmiyyət rahat yaşamalıdır”.Sözsüz ki, bu birlik Türkiyə ilə qardaşlığın möhkəmlənməsindən, səfərbərlik türk dövlətlərinin bir məqsəd uğrunda mübarizəsindən keçir. Məhz buna görə də Türk Dövlətləri Təşkilatının formalaşdırılması, təşkilatlandırılması türk dünyası üçün-xalqlarımıza yönəldilən mənfur niyyətlərin qarşısının alınması üçün vacib və taleyüklü məsələdir. Bu birliyin təmin olunmasında, Türk Dövlətlərinin bir araya gəlməsində və birləşməsində cənab Rəcəb Tayyib Ərdoğanın və cənab İlham Əliyevin fəaliyyəti, rolu əvəzsizdir. Türk Dövlətləri Təşkilatının bir güc mərkəzinə çevrilməsinin vacibliyi hər iki dövlət rəhbərinin çıxışlarında dəfələrlə səsləndirilmiş, görüşlərdə, yığıncaqlarda gündəmə gətirilmiş və mənfur niyyətlərin aradan qaldırılmasında əvəzsiz rola malik olması bildirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 19-da Türkiyəyə rəsmi səfəri zamanı bu birliyin vacibliyini və bu günümüz üçün əhəmiyyətini əsaslı faktlarla-bəzi ölkələrin Türk Dövlətlərinə təsiri, çirkin məqsədləri əsasında qabartmış, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı nümunəsində türkdilli xalqları birliyə səsləmişdir. Bu çağırış daha da güclənmək, gücə güc qatmaq, düşmənləri sarsıtmaq, insanları birləşdirmək və xalqları xoşbəxt etmək, dövlətləri inkişaf etdirmək, bəlalardan və təsirlərdən qurtarmaq baxımından çox əhəmiyyətlidir. Cənab İlham Əliyev bu çağırışı andiçmə mərasimində daha qürurla etmiş və ədalətsiz dünyada Türk Dövlətlərinin demokratiyaya, insan haqlarına, beynəlxalq normalara, müharibələrin və münaqişələrin qarşısının alınmasına böyük önəm verdiklərini söyləyərək demişdir: “Bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik...Biz müştərək səylərlə elə etməliyik ki, Türk dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”. Bu bir həqiqətdir. Bu ilin iyul ayında Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü deyilən çağırışları, həqiqətləri təsdiqləyir və türk xalqlarının birliyinə, möhkəmlənməsinə, dövlətlərin xoşbəxt, qorxusuz gələcəyinə yeni yollar açacaqdır”, - deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Digər xəbərlər