Ümummilli Lider Heydər Əliyev: Ordubad Azərbaycanın incisidir
Zəngəzur silsiləsinin ətəyində, Arazın sol sahilində özünü əsasən dağlara pərçim edən bir təbiət gözəli var. Bu, dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşən Ordubaddır. Bəzən düşünürsən ki, qədim yurd yeri bu qədər gözəlliyi haradan alıb? Və həmin an özünə verdiyin suala onun coğrafi yerləşməsi ilə cavab tapırsan: məgər Zəngəzur silsiləsinin aşırımlarındakı şiş zirvələri, şümşad dağ sinələri, rəng müxtəlifliyinin harmoniyası ilə hər an qarşı-qarşıya olan və yaxud da Arazın gecəli-gündüzlü sevgi dolu pıçıltısını dinləyən gözəl olmaya bilərmi?.. Odur ki, bir təbiət gözəlinə çevrilib əsrlərdir Ordubad. Tarixin o üzü ilə bu üzünü birləşdirən, sinəsində keçmişi hələ də qalmaqda olan bu qədim el müstəqillik ollərində yeni bir dövrə qədəm qoyub, inkişaf edib və bu dövr onun hüsnündə qədimiliklə müasirliyin harmoniyasını yaradıb.
“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında
dövlət başçısının 21 fevral 2024-cü il tarixli Sərəncam bu qədim tarixin qorunması və yaşadılmasına göstərilən diqqət və qayğının təzahürüdür.
Tarix özü ondan danışır...
Ordubad məxsus olduğu qədim Naxçıvanın özü kimi tarixin bir parçasıdır. Bu tarix özü söhbət açır, Ordubadın dünəndən danışır. Çünki bu gün Ordubadda olan əsrlərin o üzündən boylanan yaşayış yerləri, tarix-mədəniyyət abidələri, qəbiristanlıq və xarabalıqlar tarixi danışmağa vadar edir.
Hər daşı bir tarix olan Ordubadın hər küçəsi, döngəsi bir tarixdir. Əsrləri sinəsində qonaq edən bu yurd vaxtilə təsərrüfat və ticarətin mərkəzi olub. Ona görə də alimlərdən buranı “dünya möcüzəsi” adlandıran da olub.
Ordubad deyəndə ilk olaraq nəzərdə canlanan Xarabagilanı Zəkəriyya Qəzvini dördüncü iqlim qurşağının şəhərlərindən biri adlandırıb, sakinlərinin türk olduğunu yazırdı. Gilan şəhərinin 5-13-cü əsrin ən inkişaf etmiş şəhərlərdən biri olduğu bu tarixi mənbələrdə öz əksini tapır. Ordubaddan 17 km-də, Yuxarı Aza kəndinin şimal-şərqində, Düylün İkinci Gilan kəndinin cənub-qərbində, indiki Gilançayın sol sahilində, təpələr və dağlar üzərində yerləşən, xarabalıqları 100 ha‐dan artıq ərazini əhatə edən Xarabagilanın çox böyük bir yaşayış yeri olduğundan əsrlər əvvəl tarixçi Məhəmməd Hinduşah da yazırdı. Xarabagilan haqqında məşhur ərəb tarixçisi İbn Əl-Nasir tərəfindən 12-ci əsrin sonu və 13-cü əsrin əvvəllərində “El-Kamil fit-Tarix” əsərində danışırdı.
Ordubad yedellilərdən də xali olmayıb. Monqolların XIII əsrdə dağıtdığı bu şəhərin inkişafı Əbu-Dulafın hakimiyyəti ilə başlayıb və monqol istilasına qədər davam edib. Bu dövrdə şəhər genişləndirilib, ictimai binalar, bəndlər və qalanın qərb tərəfini qoruyan dairəvi, altıbucaqlı və dördbucaqlı qüllələri olan müdafiə divarı tikilib. Bu dövrdə çox varlı olan şəhər müəyyən ölkələrlə yaxın ticarət və iqtisadi əlaqələrə sahib olub.
Səlcuqları, Atabəyləri, Ağqoyunlu, Qaraqoyunluları sinəsi üzərindən yola salan Ordubad o vaxt-bu vaxt öz vüqarı ilə durub. Tarixə meydan oxuyub, “mən qaldım, sən gedəsi oldun”,- deyib. Beləliklə də möhkəmlənib, tarixin-daşın, yaddaşın bir hissəsinə çevrilib.
Ordubad dağlarında, Qapıçıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında 5-6 min yaşlı qayaüstü rəsmlər, Vənənd kəndində qədim yaşayış məskəni, Qəbiristanda qoç formalı qəbirüstü abidələr, orta əsrlərə aid məscid, hamam, kilsə qalıqları, dördbucaqlı formada Cümə məscidi (1324), Sabirkənd yaxınlığında m.ə. I minilliyə aid Mərdangöl nekropolu, tarixi-mədəni abidələri, Qapıçıq dağının cənub-qərb ətəyində, Qaranquş yaylağında orta əsrlərə aid arxeoloji abidə “Gəmiqaya qəbiristanı”, Biləv kəndi yaxınlığında Biləv qəbiristanlığı (XIV-XVI əsrlər), Babək qalası, Yuxan Əylis kəndində məscid (XVII əsr), orta əsrlərə aid qəbiristanlıq, Varağıt xarabaları, Nüsnüs kəndində İçəxartala məscidi (XVI əsr), Unus kəndi yaxınlığında monastır (XVII əsr), Dor kəndi yaxınlığında türbə, körpü və hamam qalıqları (XIV əsr), Aşağı Əylis kəndində Müqəddəs Foma Məbədi (XVII əsr), Aza kəndi yaxınlığında körpü (1826), Aza qəbiristanlığı (XIV-XVI əsrlər), Ordubad tarixi-memarlıq qoruğu (XV-XIX əsrlər), Sabirkənd yaxınlığında Tunc Dövrünə aid nekropol və Subatan-Dizə qədim yaşayış yeri, Plovdağın ətəyində Tunc Dövrünə aid qəbiristanlıq hər biri bir tarixdir.
Ordubad şəhəri yaxınlığında Xarabagilan m.ə. II-I minilliklərə aid yaşayış məskəni, nekropol, orta əsr şəhər yeri, Sabirkənd və Kələntər-Dizə kəndləri yaxınlığında m.ə. IX-VIII əsrlərə aid Mərdangöl nekropolu, m.ə. II minilliyin sonuna aid Xalıkeşan nekropolu, orta əsrlərə aid idman oyunları və yarışlarının keçirildiyi bina – Zorxana, Dər kəndində türbə (XV əsr), Ordubad şəhərində əvvəllər ticarət mərkəzi, sonralar pəhləvanların güləş yarışlarının keçirildiyi yer olan Qeysəriyyə (XVII əsr), Cümə məscidi, Çənnəb kəndi yaxınlığında körpü (XIX əsr) dünəni bu günə qədər gəlib çıxa bilən tarixin özüdür.
Təbiətin ərməğanı Ordubad
Ordubad təbiətdən öz hədiyyəsini almış bir diyardır. Bu yeri sanki günəşlə hər yerdən daha yaxın dost adlandırmaq da olar. Çünki bol günəşlidir. Bu yeri hava ilə, su ilə də dost adlandırmaq olar. Çünki hava öz bol oksigenini hər yerdən çox bu diyara verib. Su öz gözəlliyini hər yerdən çox bu yurda verib. Odur ki, təbiət mənzərələri bir-birinin içindən çıxır sanki burada.
Onlardan biri 2006-cı ildən tarix-bədii qoruğu statusunu alan Gəmiqayadır. Nədir Gəmiqaya? Uzaqdan dənizdə üzən gəmiyə bənzədiyinə görə Kiçik Qafqazın ən yüksək zirvəsi olan Qapıcıq dağına (3904 metr) xalq arasında Gəmiqaya adı verilib. Burada e.ə. III- I minilliklərə aid qayaüstü rəsmlər, qədim yazılar var. Naxçıvanda ən qədim yaşayış məskənidir. Həmin dövrlərdə buradakı qayalar üzərində insan və müxtəlif heyvan rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, ayrı-ayrı işarələr həkk edilib. Üzərindəki təsvirlərin və oradakı yurd yerlərinin azı 5-6 min il yaşı olduğu bildirilən Gəmiqaya həm də Nuh əfsanəsi ilə bağlıdır.
Rəvayətə görə, yer üzünü su basacağını bilən Nuh peyğəmbər bir gəmi düzəldir və buraya topladığı canlılarla sağ qalmağı bacarır. Əfsanəyə görə, tufan zamanı Nuhun gəmisi Naxçıvanın şərqindəki İlandağa, Ordubaddakı Ələngəz və Kəmki dağlarına toxunduqdan sonra, Gəmiqayada quruya oturub. Bu əfsanə Nuh tufanı haqqında qədim Şumer və yəhudi əfsanələrinin hamısının bir kökdən olduğunu göstərir. Əfsanənin süjeti eramızdan əvvəl III minillikdə məlum olsa da, II minilliyin ortalarında şumerlər tərəfindən yazıya alınıb. Bir sıra tarixçilərin fikrincə, bu, Naxçıvanın salındığı tarixlə, yəni, e.ə. 1539-cu illə eyni dövrə təsadüf edir. Rəvayətə görə, Gəmiqayada lövbər salan gəminin qalıqları indiyə qədər buradakı “Ayı çuxuru” deyilən yerdə qalmaqdadır. Alimlər Gəmiqayada Nuhla bağlı qədim yazı olduğunu qeyd edirlər. Gəmiqaya qoruğunu görmək istəyənlərə isə buraya iyul – avqust aylarında gəlmək məsləhət görülür. Çünki yalnız bu dövrdə zirvəyə çıxmaq və gözəllikləri duymaq mümkündür.
Azərbaycanda ən böyük şəlalələrdən biri Ordubaddadır-Pəzməri. Ayıçınqılı aşırımından 3707 metr hündürlükdən başlayan eyniadlı çayın Vənəndçaya töküldüyü yerin yaxınlığında dəniz səviyyəsindən 2161 metr hündürlükdə axır bu şəlalə. Bax, baxa bildikcə, gözəlliyinə və təbiətin möcüzəsinə heyran qalma görüm, necə qalmırsan...
“Sərşəhər”, “Ambaras”, “Gürdətal”,” Üçtürləngə”, “Mingis” kimi böyük və “Qaraçanaq”, “Dilbər”, “Əngəş”, “Əsgərxan”, “Varsan”, “Körpübaşı”, “Bəylər”, “Düz”, “Qoşqar”, “Musa təngi” kimi kiçik, lakin qədim məhəllələrin hər biri heyranlıq doğurur. Onların yerləmə coğrafiyası, keçmişi ilə bağlı məlumatlar insanı bu gündən ta qədimlərə aparır.
Ordubadın çinarları ilə də məşhur olmasını xatırlayanda isə XX əsrin əvvəllərində buranı ziyarət etmiş Nefodov adlı səyyahın xatirələri yada düşür: “Ordubad öz daş-qaşı ilə parıldayan qənirsiz gözələ bənzəyir. Ordubad çinarları təbiət tamaşası, el yaraşığıdır. Bu yurdun çinarları da torpağı kimi qədimdir”.
Ordubad çinarlarına kim heyran qalmayıb? Bura gələnlərin hər biri buludlarla sevdalı olan əsrlərlə yaşıd çınarlara heyran olmaya bilməz ki... Onların buludlarla pıçıltısını da dinləməmiş olmaz.
VII əsrdə Ordubadda 70-dən artıq çeşmə olub. Şəhərin bu gün də əsas su təchizatı olan kəhriz sistemi orta əsrlərdə yaradılıb. Məhəllə meydanlarında və ya bəzi həyətlərdə yerləşən bu kəhrizlərə xalq arasında “40 pilləkən” deyirlər. Çünki oraya rahat enib-çıxmaq üçün pilləkənlər tikilib. İçməli sudan başqa bu kəhrizlərdən dəyirmanları işlətmək, əkinləri, bağları və bostanları suvarmaq üçün, habelə soyuducu kimi istifadə edilib. Yay aylarında üzüm, yemiş, qarpız, ət-süd məhsullarını sərin saxlamaq üçün “40 pilləkənin” içinə yerləşdirirlər.
Təbiətin ərməğanı olan Ordubadın təbiətdən gələn nəyi varsa, gözəldir. Bu təbiəti Ordubad bağlarında, oradan mətbəxlərə yollanana min bir nemətlərdə də görmək olur.
Onların hansından danışaq?..
Ötən əsrin məşhur səyyahı Hacı Zeynalabdin Şirvani “Bustanüs-səyahə” kitabında yazırdı: “Ordubad ürəkaçan gözəl bir şəhərdir. Ora adama fərəh verən yerdir. Onun möhkəm qalası, bol suyu və çoxlu bağları vardır. Meyvəsi bol və dadlıdır. Havası insana sağlıq verir. Adamları surətcə gözəldir”.
Bu bol günəşli və bol sulu diyarın hansı nemətindən söhbət açaq ki, tək onunla Ordubadın gözəlliyini vəsf edə bilək. Məşhur limonundan danışaq. Bazarlarda əl-əl gəzən, bir ədədinin qiyməti 10 manatda baha olan Ordubad limonundan. Kəsildiyi an ətrafa fərahlıq yayan ətrindən...
Ordubad əriyindən danışaqmı? Görünüşü ilə dadı-tamı bir-birini tamamlayan bu meyvə hər yerdə Ordubada məxsus olduğunu sərgiləyir. Özü necə gözəldirsə, mürəbbəsi də eləcə, gözəldir. Elə gözəlliyi ilə də seçiləndir.
Ordubad qozu, bəlkə ondan söhbət açaq? Dadına doyulmayan bu qoz yağlılıq dərəcəsinə görə də hələ Naxçıvanın ayrı-ayrı bölgələrində olanlardan seçilir. Mürəbbəsi də əl-ələ axtarılır. Çünki onu bir dəfə dadan hökmən yenidən axtaracaqdır.
Bütün meyvələri limonu, əriyi, qozu kimi fərqlidir Ordubadın. Onları günlərlə saymaqla bitərmi yəni? Odur ki, bir az da mətbəxinə keçək Ordubadın və ona bələd olmayanlar bilsin ki, bu mətbəx deyil, möcüzədir.
Naxçıvan mətbəxinə məxsus olanların əksəriyyəti Ordubad mətbəxinə də aiddir. Lakin Ordubadda elə mətbəx nümunələri var ki, bu, tək ora aiddir və Naxçıvanda heç bir bölgə onu ordubadlılar kimi bişirə bilmir. Hansından danışaq bu nümunələrin ki, Ordubad mətbəxinin bir az haqqını vermiş olaq? Yəqin Ordubad qayğanağını eşitməyən olmaz. Bax elə tək o, Ordubad mətbəxinin necə olduğundan özü söhbət açır. Hələ Ordubad plovunu, paxlavasını, qrudunu, qovurmasını demirəm...
Tarix-memarlıq qoruğundan tarix-mədəniyyət qoruğuna...
Ordubad Tarix-Memarlıq Qoruğunun ərazisinin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilməsi ilə bağlı imzalanan Sərəncamda deyilir: Ordubad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı Ordubadın adına ilk dəfə V əsrin yazılı mənbələrində rast gəlinir. Rayonun ərazisi Qədim Daş dövründən başlayaraq Son Orta əsrlərə qədərki dövrə aid abidələrlə zəngindir. Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Qapıcıq dağının cənub-şərq yamacındakı Qaranquş yaylağında Tunc və İlk Dəmir dövrlərinə aid edilən, üzərində ov və rəqs səhnələri, müxtəlif işarələr və damğalar olan qaya parçaları aşkar edilmişdir ki, bu da əcdadlarımızın həyat tərzini, dünyagörüşünü, adət-ənənələrini izləməyə imkan verir. Rayonun ərazisindəki Xarabagilan şəhər yeri Orta əsrlər dövrünün şəhər həyatını, təsərrüfatını, sənətkarlığını, müdafiə sistemini, su təchizatını və memarlığını tədqiq etmək üçün unikal arxeoloji abidədir.
Bəli, Ordubad əsrləri tədqiq etmək üçün canlı abidədir. Bu abidəni qorumalıyıq ki, tariximizi, ötən əsrlərdə olanları, yaşananları qoruya bilək. Elə bütün bunlara görə də imzalanan Sərəncam Ordubad üçün olduqca qiymətli töhfədir.
Dünənimizi qorumalıyıq ki, gələcəyimizin sahibi ola bilək!
Mətanət Məmmədova