Azərbaycanın guya Qərbdən uzaqlaşdığı, özünü təcrid etdiyi, Avropadan çəkildiyi haqda iddialar səslənirdi. Amma ölkəmizin Davos və Münxenə dəvəti bu iddialara cavab vermiş oldu. SİA mövzu ilə bağlı politoloq Cümşüd Nuriyevin fikrini öyrənib. Onun sözlərinə görə, Azərbaycanın özünü təcrid etməsi iddiaları nağıldır: “Azərbaycan öz iradəsini ortaya qoya bilir və buna uyğun hərəkət edir. Özünütəcrid adətən Ermənistan kimi gücü olmayan və qorxaq dövlətlərin siyasətidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyi təminatında çox müstəsna əhəmiyyəti olan bir dövlətdir. Avropa dövlətləri də bunu birmənalı şəkildə qəbul edir. Cənab Prezidentin Münxen Təhlükəsizlik Konfransında iştirakı Azərbaycana və dövlət başçısına edilən hörmətdir. Olaf Şolts cənab Prezidenti təbrik edən zaman yazılı şəkildə dəvət etmişdi. Ona görə də fevralın 16-17-də keçirilən Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidentinin iştirakı çox önəmli mesajların gündəmə gəlməsi ilə həmahəng oldu.İlham Əliyev konfrans çərçivəsində 2 paneldə iştirak edərək mühüm mesajlar verdi. Bu Fransanın yenidən təklənməsi deməkdir. Şoltsun addımı bir növ Fransanı ikinci sıraya keçirmək, Almaniyanı Avropanın aparıcı diplomatik dövləti kimi gündəmə gətirdi. Yəni Fransa Azərbaycana qarşı atdığı addımlara görə çox peşmandır. Cənab Prezidentin Münxen Konfransında iştirakı bunu bir daha sübut etdi”.Politoloq Davos İqtisadi Forumu barədə qeyd edib ki, Azərbaycan heç bir zaman bu məsələlərdən kənarda qalmayıb: “Davosda da keçiriləcək forumda Azərbaycan iştirak edəcək. Cənab Prezidentin Münxen Təhlükəsizlik Konfransında görüşləri onu göstərdi ki, Azərbaycan Avropa üçün kifayət qədər demokratik, açıq və imzasına hörmət edən dövlətdir. Avropalıların dili ilə desək Azərbaycanda artıq güc hakimiyyəti yox, iradə haklimiyyəti var”.
Müəllif: Rəşid Qarayev