Siyasət

  • 1 213

Müdrik siyasətə etimad və dəstək - TƏHLİL

image

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra diplomatik münasibətlərin yaradılması onun dünya birliyinə sistemli surətdə inteqrasiyasına geniş yol açdı. İkitərəfli siyasi münasibətlərin qurulması siyasi-iqtisadi və mədəni əlaqələrin inkişafına əlverişli zəmin yaratmış oldu. Müstəqil dövlət kimi Azərbaycanın dünya dövlətləri, təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir.

Dünya ölkələri ilə müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlıq Azərbaycanın xarici siyasətinin məntiqi nəticəsidir. Azərbaycan ilə dünya ölkələri arasında ikitərəfli münasibətlər iqtisadi, ticari, enerji, turizm və digər sahələri əhatə edir. Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanaraq, xarici siyasətini həyata keçirən Azərbaycan dünya dövlətləri, eləcə də qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olmuşdur. Bu gün dünya dövlətləri ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir. Son 20 il ərzində aparılan xarici siyasət, ölkədə həyata keçirilən sistemli islahatların nəticəsi olaraq xalqın həyatını köklü şəkildə dəyişməsi, 2020-ci ildə İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi və keçən ilin sentyabrında Xankəndiyə bayrağımızın asılması dünyanın diqqətindən kənarda qalmır. Ölkəmizin hər bir uğuru ölkəmizə dost və qardaş olan ölkələr tərəfindən maraqla qarşılanır.

İlham Əliyevin növbəti 7 il üçün Prezident seçilməsi öz tarixinin yeni mərhələsinə qədəm qoyan Azərbaycan üçün ən uğurlu başlanğıcdır və bu tarixi gün qazanılan qələbə dünya liderlərinin diqqətindən kənarda qalmadı. Azərbaycan Prezidenti İlham Əliyevə dünya ölkələrinin pezidentləri tərəfindən edilən təbrik zəngləri, eləcə də, ünvanlanan təbrik məktubları fikirlərimizi təsdiqləyir.

AZƏRBAYCANIN REGİONAL VƏ BEYNƏLXALQ NÜFUZU DAHA DA MÖHKƏMLƏNƏCƏK

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan təbrikdə dost münasibəti özünü göstərir:"Dost Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Bu xəbəri böyük sevinclə qarşıladım.

İnamlı qələbəniz Azərbaycan xalqının Sizin müdrik rəhbərliyinizə göstərdiyi etimadın və dəstəyin sübutudur. Bu, həm də Azərbaycan xalqının Sizin ölkəni inkişaf və tərəqqi yoluna aparmaq bacarığınıza inamını bir daha təsdiq edir. Əminəm ki, yenidən prezident seçilməyiniz Azərbaycanın regional və beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək.Cənab Prezident, mən Sizinlə əməkdaşlıq və koordinasiya sayəsində qarşıdakı dövrdə Misir-Azərbaycan münasibətlərinin yüksəlişinin şahidi olacağımı səbirsizliklə gözləyirəm."

Tarixən Azərbaycan və Misir dövlətləri bir-biri ilə dostluq və qardaşlıq münasibətlərində olmuşdur. Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycanla Misir arasındakı münasibətlər dinamik şəkildə inkşaf etmişdir. Eyni zamanda, ölkələrimiz hər zaman beynəlxalq miqyasda bir-birini dəstəkləmişdir.

Siyasi, iqtisadi, mədəni və təhsil sahələrində sıx əməkdaşlıq vüsət alıb, rəsmi Qahirə BMT, İƏT və digər beynəlxalq platformalarda Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Təsadüfi deyil ki, Qahirənin Qalyubiyə rayonunda dahi siyasətçi Heydər Əliyevin abidəsi ucaldılıb, eyni zamanda, Xırdalan şəhərində Misir Parkı salınıb.

ORTAQ STRATEJİ MARAQ KƏSB EDƏN ƏMƏKDAŞLIQ

Dünya ölkələri sırasında İtaliya ölkəmiz üçün mühüm tərəfdaşlardan birinə çevrilib. Azərbaycanla İtaliya arasında əlaqələrin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr var. Son illərdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən, siyasi-iqtisadi, ticarət, qanunvericilik, mədəniyyət, elm-təhsil sahələrində nailiyyətlər əldə olunub. Ölkə başçılarının qarşılıqlı rəsmi səfərləri mövcud münasibətlərin inkişafını daha da yüksəltmişdir. Səfərlər çərçivəsində bir çox razılaşmalar və strateji tərəfdaşlıq haqqında mühüm sənədlər imzalanıb.

Bu gün ölkəmizdə İtaliya şirkətləri uğurla fəaliyyət göstərir. İki ölkənin gəncləri arasında da çox gözəl münasibətlər formalaşıb, universitetlər və digər mədəniyyət mərkəzlərinin əlaqələri getdikcə dərinləşir. Bu Azərbaycan – İtaliya arasında əməkdaşlıq, tərəfdaşlıq əlaqələrinini göstəricisidir. Müharibədən sonra Azərbaycana səfər edən ilk Avropa nümayəndə heyəti oldu. İtaliya Respublikasının müdafiə naziri Quido Krosettodan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan təbrikdə xoş münasibət ifadə olunb: "Yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, Sizə uğurlar arzulayıram.

Əminəm ki, ölkələrimiz arasında münasibətləri səciyyələndirən dostluq ruhu Sizin rəhbərliyinizlə müdafiə sahəsində, eləcə də ortaq strateji maraq kəsb edən digər sahələrdə əməkdaşlığın inkişafı naminə daha da yüksəlməkdə davam edəcək. Bunlar hazırkı beynəlxalq mənzərəni və xüsusilə də Avro-Asiya regionunu xarakterizə edən sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf kimi qlobal çağırışların öhdəsindən gəlmək məqsədilə ikitərəfli münasibətlərimizi gücləndirmək üçün zəruri əsaslardır."

Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin dünya dövlətləri ilə qurduğu qarşılıqlı etimadın nəticəsidir ki, tebriklərin ardı kəsilmir. Cənab Prezidentin qazandığı imic ölkəmizin beynəlxalq nüfuzunu yüksəldib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər