Prezident İlham Əliyev Zəfər seçkisindən sonra ənənəsinə sadiq qalaraq ilk rəsmi səfərini qardaş Türkiyəyə etdi. Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev mətbuata birgə bəyanatlarında səsləndirdikləri fikirlər ilə hər iki ölkə arasındakı möhkəm bağı, sarsılmaz qardaşlığı və dostluğu, ortaq gələcəyə və inkişafa təminatı növbəti dəfə ifadə etdilər. Hər iki ölkənin liderləri çıxışlarındakı hər kəlmə Bakı və Ankaranın ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı əsasında inamla irəlilədiklərinin təsdiqi, mövcud istiqamətdəki əməli fəaliyyət müstəvisinin konturları idi. Qostluğun və dardaşlığın qazandırdığı əməli fəaliyyəti isə kifayət qədər çoxşaxəli və çoxqütblüdür. Ölkə başçımız xüsusilə vurğuladı ki, Azərbaycan və Türkiyə xalqları əcdadlarının bütün ənənələrinə sadiqdirlər və bu fakt Azərbaycan-Türkiyə münasibətlərinin hansı səviyyədə olduğunun bariz nümayişidir.
Dövlətimizin başçısı də bəyanatında regionda sülh və sabitliyin təminatının son dərəcə ciddi prioritet olduğunu vurğuladı. Prezidentİlham Əliyev gücün əhəmiyyətinə toxunaraq Türkiyə amilinin üzərində dayandı. “Türkiyə bu gün dünya miqyasında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır”, – deyə ölkə başçısı bildirdi.
Türkiyə bütün proseslərdə Azərbaycan ilə birlikdə, çiyin-çiyinə hərəkət edir. Əlbəttə, müasir dövrdəki ən böyük örnəyimiz İkinci Qarabağ müharibəsidir. 44 günlük Vətən müharibəsi tarixi qardaşlıq ənənələrinin indiki dövrdəki ən böyük sınaq meydanı idi. Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Bu gün Ermənistanın sülhə gəlmədiyinin, daha doğrusu, gəlmək istəmədiyinin, çeşidli manipulyasiyalara baş vurduğunun, reallıqları dəyişdirməyə yönələn cəhdlər etdiyinin də şahidiyik. Bu isə onu göstərir ki, İrəvana nələrisə yenidən xatırlatmağa ehtiyac var. Elə Türkiyə lideri də xatırlatdı: “Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmizdə və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir”.
Dövlətimizin başçısı da öz növbəsində Vətən müharibəsi dönəmini, yəni gücün sülh üçün çarpışdığı anları yada saldı. Prezident İlham Əliyev fikirləri Türkiyə dövlətinə və xalqına minnətdarlıq hisslərinin, əbədi qardaşlığa verilən yüksək dəyərin növbəti ifadəsi oldu. Ölkə başçımız vurğuladı ki, əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir. Hər iki ölkənin orduları bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və nəticədə, bizim hərbi gücümüz daha da artır. Çıxışlarında qardaş ölkələrin liderləri Şuşa Bəyannaməsinə istinad etdilər. Ölkə başçımız bildirdi ki, bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.
Qeyd edək ki, 2024-cü ilin iyul ayında Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyi elan olundu. Daha bir möhtəşəm hadisə: müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də sözügedən görüşdə iştirak edəcək! Bu, dünyanın ədalətsizliyindən on illərdir əziyyətlər çəkən Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına inteqrasiyası ilə bağlı növbəti tarixi addımdır. Dövlət başçımız da bildirdi ki, bu hadisə türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək.Azərbaycan-Türkiyə əlaqələrinin qırılmaz tellərlə bağlanması türk dünyasının birliyində həlledici rol oynayır. Hazırda dünyanın qarışıq və mürəkkəb bir durumunda türk dünyasının sıx birlik, həmrəylik nümayiş etdirməsi çox vacib və zəruridir. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın türkofobiya, islamofobiya mərəzinə yoluxanlara qəti xəbərdarlığı da qürurvericidir: “Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin bu il keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması ilə bağlı qəbul edilən qərarlara etirazımızı güclü şəkildə göstərdik”. Bu, ismarıc da Azərbaycan-Türkiyə birliyinin əbədi olmasının xatırladılmasıdır.
Türkiyə 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də Azərbaycanın yanındadır. Azərbaycan-Türkiyə əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Bu inkişafın qarşısını heç bir qüvvə ala bilməz.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini